Bir boğazın taleyi və yaxud Yəməndən başlayan qlobal hesab
14 fevral 1945-ci il. İkinci Dünya müharibəsi hələ başa çatmayıb. Avropada Hitler ordusunun son müqaviməti davam edir, Sakit okeanda Yaponiya ilə savaş gedir. Amma dünyanın müharibədən sonrakı nizamının əsas konturları artıq başqa bir yerdə cızılır.
Misirdə, Süveyş kanalının yaxınlığında ABŞ prezidenti Franklin Ruzvelt “USS Quincy” kreyserinin göyərtəsində Səudiyyə Ərəbistanının kralı Əbdüləziz ibn Səudla görüşür. Görüşün görünməyən fonunda isə ABŞ-ın Yaxın Şərqə artan marağı, enerji resursları və regionun gələcək təhlükəsizliyi dayanırdı.
O xəritədə bu gün Yəmən böhranının əsas aktorlarından biri olan husilər yoxdur. İranın indiki regional şəbəkəsi də yoxdur. Amma neft var və neftin dünya bazarlarına çıxarılacağı yollar göstərilir. Həmin görüş sonrakı onilliklərdə Vaşinqtonla Ər-Riyad münasibətlərinin simvoluna çevriləcəkdi.
Səksən ildən sonra isə həmin münasibətə başqa bir xəritədən baxmaq lazım gəlir. Bu dəfə xəritənin mərkəzində Bab əl-Məndəb dayanır. Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən bu dar boğaz Asiya ilə Avropanı bağlayan qlobal ticarət sisteminin əsas keçidlərindəndir. Burada təhlükəsizlik pozulanda problem Yəmənin sərhədlərində qalmır. Gəmi marşrutları dəyişir, sığorta xərcləri artır, daşınma bahalaşır, enerji bazarı təzyiq altında qalır.
Bir neçə raket belə qlobal iqtisadiyyatın hesablamasını dəyişə bilir. Səudiyyə Ərəbistanı bunu xüsusilə yaxşı anlayır. Ər-Riyad üçün Yəmən sadəcə qonşu ölkə deyil. Söhbət enerji ixracının təhlükəsizliyindən, Qırmızı dəniz marşrutlarının........
