Niyə dünya üzümüzə açılmadı?..
Ötən əsrdə, 80-90-cı illərdə baş verən siyasi proseslərə bəzisi tamam metafizik məna verməyə çalışsa da əslində onların maddi tərəfi də vardı, insanları meydanlara yalnız romantika çəkmirdi.
Deyirdilər ki, nəhəng SSRİ dağılsa da dünya üzünüzə açılacaq, yeni imkanlar yaranacaq, daha qapalı bir imperiyanın yox, Planetin vətəndaşı olacaqsınız.
Hələ onu demirəm ki, nə qədər sosial – iqtisadi vədlər verən, az qala, buranın cənnət olacağını iddia edənlər də vardı.
Keçmiş Lenin, indiki Azadlıq meydanında elə çıxışçılar - tribunlar olurdu ki, neftimizdən gələcək gəlirlərə nəzəri cəhətdən Azərbaycanın ərazisi boyunca hətta 5-10 millimetr qalınlığında qızıl təbəqə çəkməyin mümkün olacağını deyirdilər!
Çox maraqlıydı ki, bütün bunları dolayı yolla hətta kənardan təsdiq edənlər də tapılırdı. Söylənilənlərə görə, guya keçmiş Baltik respublikalarının birində hesablamışdılar ki, resurslarına görə Azərbaycanın müstəqil olması üçün bütün sovet respublikaları ilə müqayisədə daha çox imkanları vardı.
Hərdən mənə elə gəlir, hətta düşündürür ki, elə özümüz də bir az sadəlövh olmuşuq, hər deyilənə inanmışıq, bir az zarafatyana çıxsa da nəzərə almamışıq ki, o dövrün ictimai fəalları daha çox humanitar elmlərin adamları idi, bu elmlərsə, qüsur bilməyin, daha çox “hap-gop elmidir”, daha çox emosiya yaradır, düşündürməkdən çox, qızışıdırır! İşin tərsliyindən də onda çox təəsüf ki, daha çox emosiyaya ehtiyac vardı: insanlara emosiya aşılamaq lazım idi ki, proseslər sürətlənsin, davamlı və artan olsun...
Bunları peşimançılıq notları kimi də qəbul etməyin, qəti demək lazım deyil ki, hər şey hədər getdi: dəfələrlə özüm yazmışam ki, bu prosesdə də etiraz spektri çox geniş idi, hərə bir şey istəyirdi, hamı da istəyinə çatdı– birinin arzusu Azərbaycanı müstəqil görməkdi, digəri........
