Fransa küçələrində etiraz, hakimiyyət dəhlizləri
Yanacağın litri bəzi məntəqələrdə 5 manatı keçir, minlərlə məktəbli saxlanılır, “sarı jiletlilər”in qayıdışı müzakirə olunur. Fransa 2027-ci il prezident seçkiləri ərəfəsində hansı sınaqlarla üzləşib?
Parisdən Marselə, Liondan digər şəhərlərə qədər məktəblilər və tələbələr küçələrə çıxır, polis müdaxiləsi mübahisələrə səbəb olur.
Yanacağın qiyməti bəzi məntəqələrdə Azərbaycan manatı ilə 5 manatı keçir, dövlət borcu isə 3,6 trilyon avroya yaxınlaşır.
Bunun fonunda oktyabrın 17-si üçün “sarı jiletlilər” hərəkatını canlandırmaq çağırışları yayılır.
İlk baxışda fərqli görünən bu hadisələrin ortaq tərəfi var: dövlətin maliyyə imkanları ilə cəmiyyətin sosial gözləntiləri arasında ziddiyyət dərinləşir.
2017-ci ildə ölkənin siyasi sistemini yeniləmək vədi ilə hakimiyyətə gəlmiş Emmanuel Makron indi prezidentliyinin son mərhələsində bu problemlərin yaratdığı siyasi nəticələrlə üzləşir.
Məktəbdən başlayan etiraz bütün ölkəyə yayıldı
Son etiraz dalğasının başlanğıcında siyasi partiyaların deyil, məktəblilərin gündəlik problemləri dayanırdı.
Paris ətrafındakı Kretey şəhərində yerləşən Antuan de Sent-Ekzüperi liseyində müəllim çatışmazlığı, məktəb binasının yararsız vəziyyəti və tədris şəraitinə etiraz edən şagirdlərin aksiyası qısa müddətdə başqa təhsil müəssisələrinə də yayıldı.
Oktyabrın 6-da keçirilən nümayişlərə Daxili İşlər Nazirliyinin məlumatına görə, 266 min nəfər qatıldı. Təşkilatçılar isə iştirakçı sayını 450 min nəfər göstərdilər. İki gün sonra keçirilən aksiyalarda rəsmi olaraq 71 500 nəfərin iştirak etdiyi bildirildi. Onlardan 24 500-ü Parisdə idi.
Etirazların əsas səbəbləri müəllim çatışmazlığı, məktəblərin vəziyyəti, siniflərin yüklənməsi və ali təhsilə qəbul sistemidir. Hökumətin təşkil etdiyi məsləhətləşmələr zamanı daxil olmuş təxminən 67 min müraciətin 70 faizində dərs cədvəllərindən narazılıq ifadə edilib.
Fransada dövlət təhsili pulsuzdur, lakin bu, keyfiyyət və imkan bərabərliyi ilə bağlı problemləri aradan qaldırmır.
Xüsusilə Parisin sosial-iqtisadi baxımdan daha həssas ətraf ərazilərində şagirdlərin üzləşdiyi çətinliklər imkan bərabərliyi barədə suallar doğurur.
Etirazların sosial şəbəkələr vasitəsilə sürətlə yayılması isə yeni nəslin siyasi təşkilatlanma üsullarının dəyişdiyini göstərir. Bu gənclərin əksəriyyəti ənənəvi partiya strukturlarından kənarda öz tələblərini ifadə etməyə çalışır.
Saxlanılanların 86 faizi uşaqlardır
Hadisələrin ən narahatedici tərəflərindən biri azyaşlıların kütləvi şəkildə polis nəzarətinə götürülməsidir.
Fransa Ədliyyə Nazirliyinin oktyabrın 9-da açıqladığı məlumata əsasən, sentyabrın 21-dən oktyabrın 8-i saat 17:00-dək 6 877 nəfər polis nəzarətinə (garde à vue) götürülüb. Onların 5 890 nəfəri, yəni 86 faizi 18 yaşına çatmamış........
