Yemişan kolunun aclığı
Bürküydü…Ətrafında iki, ya üç qurumuş yemişan kolu vardı. Hər halda gözünü açan kimi, ilk gördüyü onlar olmuşdu. Qupquru kolları küləyin gətirdiyini təxmin etsə də, buraya necə, nə vaxt düşdüyünü yadına sala bilmədi. Mənzərənin ən təsirli yeri isə həmin kolların birinin tək yarpağının yamyaşıl qalmasıydı, deyəsən, elə o rəngdə də meyvəsi vardı, yarpağın böyrünə sığınmışdı.
O bunu gördü, ürəyinə sərinlik gəldi, az da olsa rahatlandı. Bir az keçəndən sonra yenə rahatsızlıq, səbəbi məlum olmayan təlaş vücudunu sardı. Oturduğu yerdən güclə qalxdı. Ac idi, başı hərlənirdi, amma niyə susamamışdı, bilmirdi. Dörd yanına baxdı: Hündür binalar? Hə, vardı. Külək astaca əsirdi, elə bil dünya yaranandan bu şəhər külək üzü görməmişdi. Özünü elə fağır aparırdı külək, gəl görəsən!
O, toz basmış paltarını çırpdı. Kirpikləri ağırlaşmışdı, batman qədərində yükü vardı.
Pırtlaşıq saçlı adam aclıqdan bulanan mədəsini əliylə sıxdı. Ta uşaqlıqdan belə edirdi. Elə bilirdi ki, qarnının qurultusunu bu yolla ört-basdır edə bilər. Hə, şükür, ağrı da, bulantı da keçdi. Əlini geri çəkəndə külə bulaşmış barmaqları sinəsindəki şişə toxundu. Diksindi, bir anlıq duruxdu, yenidən eyni yerə, bu dəfə köynəyinin düyməsini açaraq baxdı. Sinəsində döşə oxşar, yupyumru, ağappaq, ucu dik durmuş, Meksika qadınlarınkına bənzər tünd qəhvəyi haşiyəli ət parçası vardı. Gözləri qaraldı: "Yuxuda deyiləm, görəsən?!”
Yaxasını bağlamadı, marağı ucbatından səbirsizlənirdi, heyrətdən, çaşqınlıqdan nə əlini çəkə bilirdi, nə düymələri bağlamağa heyi qalmışdı. Sinəsinin sol tərəfinə gözü sataşanda həyəcanı ikiqat artdı, bədəni tir-tir əsdi; sol tərəfində heç nə yox idi!
Günün günorta çağının günəşini, ya o olmasa da, həyatın adiliyini, vərdiş etdiyi, uşaqlığından gördüyü çay kollarını, adamları, özünü çox arzuladı.
Qəribə idi… günəş yoxuydu, göyün üzündə bir əlçim bulud qəhətə çıxmışdı, binalar da, şəhər də yerindəydi, ancaq o buranın hara, hansı tərəf olduğunu bilmirdi. Üstəlik sinəsindəki ət topası…
Aclıqdan tükənmiş halı günəşin yoxa çıxdığı yerə getmişdi.
Məhəllədə siçovulların sürüşkən quyruğunu bir dəfə də olsun basmayan adam tapmazdın. Məhəllə uşaqlarının səsi siçovulların cikkiltisindən az çıxırdı. Hamının evində mütləq zəhər vardı – otaqların hər küncünə, çarpayının, çörək tabağının yanına qoyulmuş zəhər. Ana onun "acmışam” sözünü eşitməmək üçün bayıra çıxdı. Göy rəngli, üzü qabıqlanmış, ikilaylı qapının kandarında oturdu. Qapı yola açılırdı, ana uzun ətəyini dizindən yuxarı sıx bükmüşdü, isti betonun üstündə bardaş qurmuşdu.
Uşaq pəncərənin ağzına qoyulmuş kiflənmiş çörək qırıntılarına baxırdı, bacı isə kömürün üstündə oturub, budlarının qaralmasına fikir verməyərək, ayaqlarını yellədirdi, dizində çəkdiyi........
