ZƏFƏR ətirli Şuşa səfəri və bütün dünyaya XƏBƏRD
Budəfəki Zəfər Günü elə gözəl oldu ki...Elə bil tarixi Zəfərimizi yenidən qazandıq. Əslində qazandıq da! Cənab Prezident hər zaman demirmi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan yalnız Ermənistana deyil, işğalçıya havadarlıq edənlərə də qalib gəldi...Zəfərimizin 6-cı ildönümündə Türkiyə və Azərbaycan liderlərinin Füzulidə, Şuşada, Xankəndidə, Xocalıda birgə addımlaması Ermənistanın yanında olan Türk düşmənlərinə növbəti sarsıdıcı zərbə oldu! Axı, son zamanlar Türkiyə və Azərbaycan arasında nifaq toxumlarını səpib, “Pirr qələbəsi”ni qazanacaqlarını zənn edirdilər. Çürük toxumlar cücərən deyildi, buna əmin idik, amma nigaranlığımız da səngimirdi, düşmənlər ən müxtəlif adlar, bəhanələr altında, özü də gözləmədiyimiz cinahdan hərəkətə keçmişdilər.
Budur, bütün bəd ssenarilər pozuldu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti səmimi görüşləri, dost-düşmənə ünvanlı ismarışları ilə, “Bir millət, iki dövlət”in birlik strategiyası üzərində qurulmuş siyasətini növbəti dəfə nümayiş etdirməklə çoxlarına dərs verdilər!
Türk Dövlətləri Təşkilatının əsas lokomotivlərindən olan Azərbaycan və Türkiyənin yanaşı, dik duruşu həm də 300 milyondan artıq Türk Dünyasının nicatı deməkdir, bu duruşa xələl gətirmək istəyənlər məğlubiyyətlərini daim göz önünə gətirsinlər! Türk Dövlətləri Təşkilatının təməlinin qoyulduğu Naxçıvan bölgəmiz az sonra Turan qapısının – Zəngəzur dəhlizinin vazkeçilməz ünvanına çevriləcək, qarşıda bu iki dövlətin görəcəyi o qədər önəmli işlər var ki…
Liderlərimiz aranı qarışdırmaq istəyənlərin həm də böyük hədəflərimizin qarşısını almaq niyyətilə ortaya düşdüklərinin fərqindədirlər. Elə Türkiyə Prezidentinin Qarabağa səfərinin, Azərbaycan Prezidenti ilə görüşünün əsasında da böyük amallara qarşı dayananlara gözdağı vermək və bir daha əqrəbləri tutuşdurub, yola davam etmək məramı dayanırdı. Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik sazişinə Şuşada yeni nəfəs verildi! Düz 6 il öncə Ermənistanın işğalından azad edilmiş Şuşada imzalanmış Müttəfiqlik haqqında Bəyannamə müasir dövrümüzün Qars Müqaviləsi də adlandırılır.
2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlib. Azərbaycan və Türkiyə arasında körpülər daha möhkəm təməllər üzərində qurularkən kimlərin nə hünəri ortaya girib, suları bulandırsınlar? Gələcəkləri varsa da, görəcəkləri də var! Necə ki, işıqlar yandırılan kimi, Türkiyənin tarixi ünvanlarında, körpülərində Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan bayrağı işıqlandırılan kimi, türk ad-soyadları altında gizlənmiş türk düşmənləri də işıqdan qaçan yarasalar kimi qeybə çəkildilər, “ulduza hürənlər” yoxa çıxdılar…
Prezident İlham Əliyev 8 noyabr 2026-cı il tarixdə Şuşada Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi brifinqdə Azərbaycan və Türkiyə dövlətlərinin və liderlərinin münasibətlərini pozmağa çalışanların arzusunu ürəyində qoydu. Sitat: “Əziz qardaşım, Siz və qardaş türk xalqı 44 gün ərzində bizim yanımızda idiniz. Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc verdi, ruh verdi. Tarixi sözləriniz -........
