MƏN NECƏ İTİRDİM XOŞBƏXTLİYİMİ?! - Əbülfət Mədətoğlu yazır
Hərdən fikirləşirəm ki, arxada qalan illər, aylar, günlər görəsən məndən nə aldı? Və ümumiyyətlə, məndə nə var idi ki? Sonra da bu iki sualın arasında var-gəl edirəm. Yəni alınanla olanın arasında özümə yer tapmaq istəyirəm. Əgər o yer varsa... Amma o yeri tapmaq da çətin olur. Ona görə ki, yaşadığım həyatın dolanbacları o qədər olub ki, bir düzəngah, bir seyrangah, lap sadə şəkildə ifadə etsəm əl içi boyda yer tapa bilməmişəm ki, orda doyunca dayanıb, dincəlib bu dünyadan ləzzət aldığımı ifadə edim. Siz elə fikirləşməyin ki, mən naşükür bəndəyəm.
Əsla! Ümumiyyətlə, naşükürlük mənim əxlaqıma yaddır. Allahın verdiyi hər şeyə qane olan bəndəyəm. Lakin bir bəndə olaraq özümə hərdən suallar ünvanlayıram. Görəsən, daha yaxşı, daha maraqlı nə isə yaşaya bilərdimmi, görə bilərdimmi? Təəssüf ki, görünənlər, yəni olmuşlar sualıma müsbət ipucu vermir. Çünki yaşadığım həyat iki, daha doğrusu, üç zaman kəsiyinə bölünür. Uşaqlıq, gənclik illərim Sovet dönəmində arzuların qanadında keçib. Oxumaq, ali təhsil almaq, müəyyən mərhələlərə çatmaq istəyim hakim olub ürəyimdə. Amma bu istəklər reallaşmaq istəyəndə dünyada bir sağalmaz xəstəlik olan erməni faşizmi hər şeyi alt-üst edib. Vətəndə vətənsizliyim başlayıb. Yenicə isitdiyim ocaq, yenicə tikməyə başladığım yuva yağmalanıb, talan olub. Qaçqınlıq, köçkünlük başlayıb. Neçə dəfə təzə ünvana sığınmalı olmuşam. Və 30 ildə vətəndə vətənsizliyin hər üzünü görmüşəm. Bu da bir talanan ömür, bu da bir ağrılı, nisgilli həyat hekayəsi. Həmin 30 il gəncliyimi də, yaşamalı olduğum gözəllikləri də, arzuları da əridib öz içində.
İndi isə ömrün günbatanıdı. Günəş qüruba tərəf əyildiyi kimi yaş da üçüncü mərhələdən, yəni üzü enişə istiqamət götürüb. Bu dövrün də qayğıları başdan aşır. Çünki arxada qalan iki mərhələ sözün yaxşı mənasında güvəniləsi heç nə saxlamayıb özündə. Bircə ümiddən, inamdan başqa.........
