Keçmişin qarpızları
Sayın deputatlarımızdan biri mer-meyvənin əvvəlki dadını vermədiyini söyləmişdir. Sitat: “Nə üçün uşaqlığımızın alması, pomidoru, qarpızı, yemişi, kartofu, soğanı, əvvəlki dadını vermir?”
Doğrudan da, vacib məsələ qaldırılmışdır, ümidvaram mən bu yazını yazdığım müddətdə məsələ hələ enməyib. Meyvə-tərəvəz əvvəlki dadı vermirsə, şübhəsiz, bunun günahı Avropa Şurasında, Trampda, təxribatçı müxalifətdədir. Yaxşı yadıma gəlir, hələ AXC-Müsavat cütlüyü hakimiyyəti ələ keçirəndə qarpıza biyan geni qatmışdılar. Əbülfəz bəy pomidorun hamısını Kələkiyə daşıyırdı.
Ancaq indi kənd təsərrüfatımızda təmərküzləşmə prosesi aparılır, inşallah, kolxoz quruculuğu başa çatanda, beşillik planlar işə düşəndə yenə soğan əvvəlki dadı verəcəkdir.
Burada deputatın xoşbəxt uşaqlığı da öz rolunu oynamışdır, məsələn, balacalığı 1993-2000-lər arasına düşən hansısa məcburi köçkün vətəndaşımızdan soruşsan, şübhəsiz, o sənə deyəcək Allah kəssin elə uşaqlığı, onun mer-meyvəsini də.........
