Baba Sirus Təbrizlidən nəvə Sirusadək - “Kəramət
Mayın 9-da Sirus Təbrizlinin doğum günüdür. Milli azadlıq hərəkatının öncüllərindən biri, Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyasının qurucu üzvlərindən biri, keçmiş mətbuat və informasiya naziri yaşasaydı, 84 yaşını qeyd edəcəkdi. Amma 2013-cü ilin 7 sentyabrında Nabrandakı bağ evində qəfil vəfat etdi...
Yaxın dostu, AzTV-nin sabiq sədri, yazıçı-jurnalist Məmməd Muradın Sirus Təbrizliyə həsr etdiyi, onun bir sıra məqalələrinin də yer aldğı “Kəramət Mücahidi” adlı kitabın təqdimatında iştirak və çıxış edən natiqlər hər iki aydının yoxluğuna təəssüfləndiklərini bildirdilər.
Məmməd Murad da ötən ilin payızında həyata vida deyib və yaxın dostu haqqında xatirələrini, Sirus Təbrizlinin sevdiyi kəlamları topladığı kitabın təqdimatını görməyə ömür vəfa qılmayıb. İştirakçıların və çıxış edənlərin bir çoxu hər iki ziyalı ilə uzun illərin dostları olduqlarını bildiriblər.
“Sirus” nəşriyyatında çap olunan təqdimat mərasimini Sirus Təbrizlinin qızı Arzu Təbrizli ərsəyə gətirmişdi. Atası haqqında yazılan kitabın işıq üzü görməsində zəhmət çəkən hər kəsə, redaktorlar Kərim Kərimli və Aynur Əlifqızı, həmçinin bütün yaradıcı və texniki heyətə təşəkkürünü bildirən Arzu xanım bir-bir iştirakçılara söz demək imkanı yaradıb.
Tanınmış jurnalist-yazıçı İlqar Rəsulun vaxtilə Sirus Təbrizli ilə audiomüsahibəsinin təqdimatı və Məmməd Muradın “Təkan” pyesindən bir parçanın təqdimatı tam yerinə düşdü, təqdimat gecəsinə əlavə rəng qatdı.
Professor, sabiq deputat Şahlar Əsgərov Təbrizdə anadan olan Sirus bəyin şəxsi mənafe daşıyıcısı olmadığını, daim ictimai mənafeyi düşündüyünü, özü üçün yox, Vətən üçün çalışdığını deyib. Hətta ona ev təklif olunarkən........
