Paris İrəvana “Rafale” verirmi? – “Şayiə”nin arx
Fransa–Ermənistan hərbi əməkdaşlığının sənədlərdə görünən və hələlik görünməyən tərəfləri
Qafqazda silah xəbərləri bəzən silahın özündən daha sürətli uçur.
Azərbaycanın son illərdə qazandığı hərbi və siyasi üstünlük Ermənistanı yeni himayədar axtarışına çıxarıb. Rusiya artıq İrəvanın əvvəlki kimi güvəndiyi müttəfiq deyil. Moskvanın boşaltdığı yeri isə Fransa tutmağa çalışır.
Fransa Ermənistana radar verir, zirehli maşın göndərir, artilleriya satır, hərbçilərini hazırlayır, müdafiə sənayesinə daxil olur.
Son üç ildə davamlı Ermənistanın Fransadan “Rafale” döyüş təyyarələri almağa hazırlaşdığı, hətta müəyyən sayda təyyarənin artıq Ermənistan üçün nəzərdə tutulduğu barədə müxtəlif məlumatlar yayılır yaxud Fransanın Ermənistana “Rafale” qırıcıları verəcəyi barədə xəbərlər vaxtaşırı yenidən gündəmə gətirilir.
Bir müddət əvvəl isə daha maraqlı bir versiya dövriyyəyə buraxılmışdı ki, guya Fransaya məxsus “Rafale”lər Macarıstana gətirilib və oradan Ermənistana ötürülməsi nəzərdə tutulur.
Belə xəbərlər Azərbaycan üçün adi silah bazarı xəbəri deyil. Söhbət Cənubi Qafqazda hərbi balansdan, Fransanın regiondakı yeni rolundan və Ermənistan ordusunun son üç ildə sürətlə dəyişən silahlanma konsepsiyasından gedir.
Bəzi media orqanları ehtimalı artıq qəbul edilmiş qərar kimi təqdim edir. Lakin Fransa, Ermənistan və istehsalçı “Dassault Aviation” şirkətinin sənədləri belə bir müqavilənin mövcudluğunu təsdiqləmir.
Ona görə də burada iki məsələni bir-birindən ayırmaq lazımdır, nə təsdiqlənib, nə isə hələlik ehtimal və informasiya müharibəsinin bir hissəsidir.
Bununla belə, Parisin Ermənistan ordusunu sistemli şəkildə yenidən qurması və Rusiyadan asılılığı azaltması real prosesdir. “Rafale” hələ İrəvana gəlməyib, amma Fransa bu ehtimal üçün siyasi və hərbi-texniki zəmin yaradır.
Məsələnin təhlükəli tərəfi də məhz budur.
Son illərdə Fransa–Ermənistan hərbi əməkdaşlığında da eyni modeli görmüşük.
Bir müddət əvvəl “Paris İrəvana CAESAR verəcək” deyiləndə bunun şayiə olduğu düşünülürdü. Daha sonra müqavilə rəsmən təsdiqləndi.
“Bastion” zirehli maşınlarının Ermənistana göndərilməsi barədə ilk məlumatlar da əvvəlcə təkzib və şübhə ilə qarşılanmışdı. Sonradan maşınların Gürcüstan üzərindən Ermənistana daşındığı məlum oldu.
İndi isə növbə Fransanın ən qabaqcıl döyüş təyyarəsi “Dassault Rafale”a çatıb.
Müxtəlif xarici və erməni mənbələrində Ermənistanın Rusiyadan aldığı Su-30SM qırıcılarını artırmaq əvəzinə Fransanın “Rafale” təyyarələrinə keçə biləcəyi yazılır.
Bəs Fransa həqiqətən Ermənistana “Rafale” verir?
Qısa cavab budur ki, hazırda bunu təsdiqləyən heç bir rəsmi müqavilə və o cümlədən Ermənistanın Rafale aldığına dair rəsmi sənəd yoxdur.
Ancaq məsələ bununla bitmir.
Fransa prezidentinin 2026-cı il mayın 5-də Ermənistana etdiyi dövlət səfəri zamanı Makronla Nikol Paşinyan Fransa və Ermənistan arasında strateji tərəfdaşlığın yaradılması haqqında bəyannamə imzaladılar.
O cümlədən, iki ölkə arasında hərbi texnologiyalar, müdafiə sistemləri, süni intellekt, kibertəhlükəsizlik, nəqliyyat və maliyyə sahələrini əhatə edən çoxsaylı sənədlər imzalandı.
Səfər zamanı imzalanan bütün sənədlərin siyahısı Ermənistan hökuməti tərəfindən öz rəsmi saytında yayımlandı.
Həmin siyahıda hərbi texnologiya və müdafiə sistemlərinin tədqiqi və inkişafı, süni intellekt, kibertəhlükəsizlik və yarımkeçiricilər, SOFEMA şirkətindən hərbi avadanlıq, Airbus şirkətindən nəqliyyat helikopterlərinin tədarükü, müdafiə innovasiyaları sahəsində əməkdaşlıq haqqında müqavilə və memorandumlar var.
Lakin siyahıda nə “Rafale”, nə də başqa döyüş təyyarəsinin adı keçir, nə sayı göstərilir, nə də belə bir alışın maliyyələşdirilməsindən danışılır. Ermənistan baş nazirinin rəsmi saytında yayımlanan sənədlər göstərir ki, ən azı həmin tarixdə döyüş təyyarəsi ilə bağlı rəsmi razılaşma imzalanmayıb.
Bu, ən azı 2026-cı il mayın 5-dək “Rafale” məsələsinin rəsmi müqavilə səviyyəsinə çatmadığını deməyə əsas verir.
Burada diqqət yetirilməli başqa bir məqam da var.
“Rafale” adi hərbi məhsul deyil ki, onu gizli şəkildə bir neçə yük maşınına yükləyib sərhəddən keçirəsən. Belə bir sövdələşmənin izi əvvəlcə büdcədə, istehsalçının sifariş kitabında, pilotların hazırlığında, aerodromların yenidən qurulmasında və silah sistemlərinin alınmasında görünməlidir.
Hələlik bu izlərin heç biri yoxdur.
Ancaq fil qulağında da yatmaq olmaz!
Doğrudur, bu gün Ermənistanla “Rafale” müqaviləsi yoxdur. Ancaq Fransanın gələcəkdə belə bir addım atması da mümkünsüz deyil. Əsas məsələ təyyarənin hazırda verilib-verilməməsindən daha çox, Parisin Ermənistan ordusunu hansı istiqamətə apardığını düzgün anlamaqdır.
Fransanın Ermənistanın əsas hərbi tərəfdaşlarından birinə çevrilməsi aydın şəkildə görünür.
2020-ci il müharibəsindən sonra Ermənistanın təhlükəsizlik siyasətində əsaslı dəyişiklik baş verdi. İrəvan uzun illər demək olar ki, tam şəkildə Rusiyanın hərbi sisteminə bağlı idi. Silahların böyük hissəsi Rusiya istehsalı idi, zabit hazırlığından hava hücumundan müdafiəyə qədər sistem Moskva ilə inteqrasiya olunmuşdu.
Son illərdə isə Ermənistan bu asılılığı azaltmağa başlayıb.
Əsas istiqamətlərdən biri Hindistan, digəri Fransa oldu.
Fransanın özünün parlamentə təqdim etdiyi silah ixracı hesabatında Ermənistanla əməkdaşlığın mərhələləri kifayət qədər açıq göstərilir.
Ermənistan Fransanın Arquus şirkətindən “Bastion” zirehli maşınları alıb, Thales şirkətindən üç GM200 hava müşahidə radarı sifariş edib,
Safran istehsalı gecəgörmə avadanlıqları əldə edib. Bundan əlavə, hava hücumundan müdafiə sahəsində əməkdaşlıq barədə niyyət sənədi imzalanıb. Daha sonra CAESAR 155 millimetrlik özüyeriyən artilleriya sistemlərinin alınması üzrə........
