"Ağıllı çərənləmə" (Hekayə)
*
Mən Leylayam. Hə, bilirəm o dəqiqə düşünəcəksiniz ki, bütün Leylalar gözəl olur, üstəlik məni ələ keçirmək üçün "Leylalar ağıllı olurlar" deyəcəksiniz.
Bunları çox eşitmişəm, özümü yorğunluğun final səhnəsini oynayan aktrisa kimi hiss edirəm.
Əvvəlcə nənəmdən başlayım. Onunla birlikdə yaşayıram, yersiz iradlarından kitab yaza bilərdim, həvəsim olsaydı. Dondurma yeməmək üçün saatlarla söylədiyi mühazirənin mənə xeyri olmadığını görəsən bilir?
28 yaşım var. Anam ölüb və öldüyü gün mən universitetin yataqxanasında qızlarla idim. Ertəsi gün onun mənə zəng etmədiyini fərq edəndə, "yaxşı ki, bu gün baş-beynimi dəng etməyib" düşünürdüm. Birdən-birə özümü azad, çox azad hiss etdim. May ayı idi, ətrafda kəpənəklər uçuurdu. Kəpənək, böcək, şeir və sairə artıq nəsnələr düzünü söyləsəm, mənim üçün bir əhəmiyyət kəsb etmirdi, sadəcə olaraq çoxlu kəpənəklər az qala həmin gün gözümə girirdi. İsti və soyuğun vidalaşdığı, həm də görüşdüyü may günü xoşuma gəlirdi. Həmin gün azadlığıma müdaxilə edilməməsi baxımından mənim o kəpənəklərdən fərqim yox idi. Hələ deyəsən qollarımı da yana açmışdım.
Bu gün axşama kimi mənə zəng etməsə, "hardasan, yemək yedin, tərlədin?" kimi darıxdırıcı suallar verməsə, məni mütləq zəng etmək məcburiyyəti kimi öhdəliklə yükləməsə, anama meyvəli tort almağı da düşünürdüm.
Dərsimin bitməsindən dörd saat keçmişdi, həmin gün mən Bayıl tərəfdə dəniz kənarında dostlarımla gəzirdim, dondurma yeyirdim, arada bir tullanmağım gəlirdi, bunun əvəzinə velosiped sürürdüm. Hər halda, həmişə olduğu kimi ətraf mühafizəkar insanlardan xali deyildi.
Mən balaca olanda anam daimi dalımca gizlincə gəlirmiş, bunu sonralar özü mənə dedi. Üstündən illər keçsə də, çox əsəbləşdim. Hələ də adət başında qalmışdı, böyük qız idim, məni qorumaq üçün pullu izləyicilər tuturdu. Olan-qalan son pulunu belə axmaq işlərə xərcləyən biri mənim anam ola bilməzdi. Guya mənə kimsə sataşar, zorlayar, çantamı alar, qaçar, nəhayət oğurlayarmış. Yeniyetməlik illərimdə arxamca gölgə kimi gəzən saxta cangüdənlərdən elə yorulmuşdum ki, tez-tez binaların arxasında gizlənirdim ki, izimi itirsinlər. Sonra daha ağıllı tədbirlərə əl atdım, konq-fu kurslarına yazıldım. Xasiyyətimdəki soyuqqanlılıq və cəldlik sayəsində məşqləri tez qavrayırdım, özümü müdafiə etməyi yaxşı bacarırdım. Anam bununla da qane olmadı. Mən onunla gah səbrlə, gah uca səslə hər cür söhbətlər apardım. Belə etməməsini xahiş etdim, izahlar söylədim, öz şəxsi qorxularını mənə aid etməyinin faydasızlığını başa saldım, xeyri olmadı.
Dünən isə arxamca düşən anamın sifarişli cangüdəninin gözündən güclə yayınmışdım. Elmlər Akademiyası metrosundan cəld çıxıb, daha doğrusu qaçıb, yaxınlıqdakı dükanların arxasında gizlənmişdim. Simasından axmaqlıq yağan kişi hər tərəfə baxsa da, məni tapmadı, gözlədi, gözlədi, çıxıb getdi.
"Ahh, azadlıq!"...
Gecəni evdə........
© Qaynar
