Mehriban Əliyevanın rəhbərliyi rəqəmsal transformasiyaya yeni dinamika qazandırır
Rəqəmsal transformasiya XXI əsrdə dövlətlərin inkişaf səviyyəsini müəyyən edən əsas meyarlardan biridir. Bu gün rəqabət artıq yalnız təbii resurslar və ya ənənəvi iqtisadi göstəricilər üzərində deyil, rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya, məlumatların idarə olunması və kibertəhlükəsizlik sahəsində formalaşır. Məhz bu baxımdan Prezident İlham Əliyevin cari ilin fevral ayında keçirdiyi müşavirədə qəbul olunan qərarlar Azərbaycanın inkişaf strategiyasında yeni və keyfiyyətcə daha yüksək mərhələnin əsasını qoydu. Rəqəmsal İnkişaf Şurasının yaradılması və "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiqi göstərir ki, ölkəmiz rəqəmsal gələcəyini sistemli, uzunmüddətli və milli maraqlara əsaslanan konsepsiya üzərində qurur.
Bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasına rəhbərlik etməsi xüsusi əhəmiyyət daşıyır. Çünki rəqəmsal transformasiya təkcə bir nazirliyin və ya ayrı-ayrı dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmır. Bu, dövlət idarəçiliyinin, iqtisadiyyatın, təhsilin, səhiyyənin, sosial xidmətlərin və bütövlükdə cəmiyyətin bütün sahələrini əhatə edən kompleks islahatdır. Belə genişmiqyaslı proseslərin vahid mərkəzdən koordinasiya olunması, müxtəlif qurumların fəaliyyətinin uzlaşdırılması və strateji qərarların operativ icrası baxımından Şuraya ən yüksək siyasi səviyyədə rəhbərlik edilməsi tamamilə məntiqli və uzaqgörən qərardır. Bu, dövlət başçısının rəqəmsal inkişafı Azərbaycanın gələcək inkişaf modelinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini bir daha təsdiqləyir.
........
