44 günün arxasında duran müqəddəs adlar
27 Sentyabr Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi qarşısında baş əydiyimiz, onların keçdiyi yolu, ailələrinin yaşadığı ağrını və xalqımızın uzun illər daşıdığı Qarabağ həsrətini bir daha xatırladığımız tarixdir. Anım Günü həm də Zəfərin hansı bədəllə qazanıldığını dərk etmək, şəhidlərin əziz xatirəsini yaşatmaq və gələcək nəsillərə bu tarixi olduğu kimi çatdırmaq üçün mühüm mənəvi gündür.
Azərbaycan xalqının Qarabağ yaddaşı onilliklər boyu müharibə, itki, məcburi köçkünlük və doğma torpaqlara qayıtmaq ümidi ilə yoğrulub. Birinci Qarabağ müharibəsi nəticəsində minlərlə insan həyatını itirdi, yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz işğal altında qaldı. Dağıdılmış yaşayış məntəqələri, məhv edilmiş tarixi-mədəni irs və Xocalı faciəsi xalqımızın yaddaşında silinməz izlər buraxdı.
1992-ci il fevralın 26-da Xocalıda baş verən qətliam Qarabağ münaqişəsinin ən ağır faciələrindən biri oldu. Azərbaycan tərəfinin rəsmi məlumatına görə, həmin hadisələr zamanı 613 nəfər öldürülüb. Onların arasında qadınlar, uşaqlar və yaşlı insanlar da vardı. Xocalının faciəsi Azərbaycan cəmiyyətinin yaddaşında yalnız bir şəhərin yaşadığı müsibət kimi deyil, müharibənin insan talelərinə vurduğu ağır zərbənin simvollarından biri kimi qaldı.
Münaqişənin dinc yolla həlli üçün uzun illər aparılan danışıqlar isə nəticə vermədi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması tələb edilsə də, bu sənədlər uzun müddət icra olunmadı. Diplomatik prosesin nəticəsiz qalması cəbhə xəttində gərginliyin davam etməsinə səbəb oldu.
2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlər münaqişənin yenidən hərbi eskalasiyaya keçə biləcəyini göstərdi. Tovuz hadisələrindən sonra Azərbaycanda yaranan ictimai səfərbərlik isə cəmiyyətin Qarabağ məsələsinə münasibətinin nə qədər həssas olduğunu bir daha nümayiş etdirdi.
Bütün bunlar göstərirdi ki, 2020-ci ilin sentyabrında başlayan müharibənin arxasında uzun illər ərzində formalaşmış mürəkkəb siyasi və hərbi proseslər dayanırdı. Prezident İlham Əliyevin rəhbərliyi dövründə ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmiş, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, müasir silah və texnika ilə təminatı, hərbi kadrların hazırlanması və döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdü.
27 sentyabr 2020-ci ildə........
