1994-də atəşkəs, 2026-da “Azərbaycan++++”: İlham
ŞƏT sammitinin adında “plyus” vardı, amma iki günlük böyük diplomatik marafonun yekununda əsas “plyus”lar Bakının hesabına yazıldı
Bişkek! Bu türk şəhərinin adı bizim siyasi yaddaşımızda ilk dəfə 1994-cü ildə ağır bir dövrün möhürü kimi qalmışdı. O zaman zəifləmiş, torpaqları işğal altında olan, daxilən parçalanmış Azərbaycan müharibəni dayandıran atəşkəs prosesinə bu şəhərin adı ilə daxil olmuşdu. Aradan 32 il keçib. İndi İlham Əliyev eyni şəhərdən məğlub ölkənin deyil, öz ərazi bütövlüyünü və suverenliyini özü bərpa etmiş qalib dövlətin Prezidenti kimi qayıdır.
Tarix bəzən eyni məkanı ikinci dəfə qarşımıza çıxarır ki, aradakı fərqi görə bilək. 1994-cü ilin Bişkekində Azərbaycan nəfəs dərməyə məcbur idi. 2026-cı ilin Bişkekində isə Azərbaycan regionun nəfəsini, ritmini və gələcək istiqamətini müəyyənləşdirən dövlətlərdən biridir.
Prezident İlham Əliyevin Qırğızıstana iki günlük işgüzar səfəri, məncə, son illərin ən bərəkətli, ən məhsuldar və ən nəticəvi səfərlərindən biri oldu. Səfərin proqramında 6-cı Dünya Köçəri Oyunlarının təntənəli açılışı, 17 ölkənin liderlərini və yüksək səviyyəli nümayəndələrini bir araya gətirən “ŞƏT plyus” toplantısı, ard-arda ikitərəfli görüşlər, qısa, amma siyasi mənası böyük ayaqüstü təmaslar və Azərbaycanın gələcək diplomatik xəttini möhkəmləndirən danışıqlar vardı. Prezident Bişkekə getdiyindən daha çox şeylə qayıtdı. O, Bakıya təkcə foto və protokol xəbərləri deyil, siyasi nəticələr gətirdi.
Səfərin ilk böyük səhnəsi Dünya Köçəri Oyunlarının açılışı idi. İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu mərasimdə iştirakı sıradan idman tədbirinə qatılmaq deyildi. Bu, Azərbaycanın Türküstan coğrafiyasındakı tarixi, mədəni və siyasi varlığının nümayişi idi. At, ox, güləş, çadır, milli geyim, musiqi – bunların hər biri köçəri sivilizasiyasının yaddaşıdır. Azərbaycan bu yaddaşın qonağı deyil, sahib xalqlarından biridir. Bişkekdə Azərbaycan bayrağının keçidi buna görə yalnız idman protokolu sayıla bilməzdi; bu, yumşaq gücün, ortaq kimliyin və Türk dünyasının siyasi yaxınlaşmasının canlı tablosu idi.
Ərdoğanla Əliyevin simvolik çadır-stadionda qol-qola, əl-ələ görünməsi həmin tablonun ən mühüm kadrlarından oldu. Türkiyə qardaşımızdır, amma həm də NATO üzvüdür, şimal alyansının ikinci böyük ordusuna sahibdir. Azərbaycanla isə Şuşa Bəyannaməsi əsasında müttəfiqdir. İki liderin Bişkekdə nümayiş etdirdiyi doğmalıq sadəcə şəxsi dostluq deyildi. Dünyaya göstərildi ki, Azərbaycanın arxasında dayanan Türkiyə uzaqda deyil, elə yanındadır; həm də bunu gizlətmir, nümayiş etdirir.
Rəsmi görüşdə “Bir millət, iki dövlət” prinsipinin, yaxşı və çətin günlərdə qarşılıqlı dəstəyin yenidən vurğulanması bu görüntünün siyasi mətnini tamamladı. Bəzi ittifaqlar kağız üzərində yazılır, bəziləri isə liderlərin bir addımında, bir baxışında, bir-birinə uzanan qollarında görünür. Azərbaycan–Türkiyə müttəfiqliyi hər iki xüsusiyyəti özündə birləşdirir.
İlham Əliyevin Bişkekdəki duruşu ayrıca diqqət çəkirdi. Diplomatiyada boy ölçülmür, siyasi çəki ölçülür. Ancaq etiraf edək ki, bəzən liderin xarici görünüşü, yerişi, özünəinamı və bədən dili masaya qoyulmamış əlavə arqumentə çevrilir. İlham Əliyevin rahat, təmkinli, heç kimə özünü qəbul etdirmək ehtiyacı duymayan davranışı bu səfərdə xüsusilə parlaq görünürdü. Dostlar baxıb........
