Pezeşkian Bakıya niyə və necə gəlir?..
Bir çox gözəl və dəyərli siyasi ideyalar var ki, onları bəzi siyasətbazlar “qəbul edib” (ona görə dırnaqda yazıram ki, onlar bunu adətən ciddi şəkildə təhrif edərək qəbul ediblər!) hakimiyyət ideologiyasına çevirəndən sonra nəinki tamamilə cazibələrini itiriblər, hətta çox təhlükəli olublar.
Misal üçün, bir ara millətçilik yarandı, böyük imperiyalar dağıldı və onların yerində ilk milli dövlətlər meydana çıxdı.
Amma bütün bu prosesin “finalı” nə oldu? Sonradan millətçilik bir ideya kimi nəyə çevrildi? Faşistlər ondan nə düzəltdilər?
Bəli, nəinki Şopenhauer və Nitşe, hətta Höte və Vaqner də “ali irqin”, “ali millətin” ilk ideoloqları elan olundular!
Sonrası nə oldu – bunu siz heç də məndən az bilmirsiniz! Eyni sözləri kommunizm haqqında da demək olar: sosial utopiyalar əsrlərcə çox zəki insanların beynini məşğul edib. İdeal şəhər–dövlətlər-polislər haqqında nə qədər əsərlər yazıblar! Bu siyahıda heç də Sen-Simonlar, Ouenlər və Furyelər (marksistlərin utpoist üçlüyü!) heç də ən öncüllər deyillər.
Bir vaxt biz özümüz də qürurla deyirdik ki, guya Nizami “İsgəndərnamə”də ilk kommunist cəmiyyətin və quruluşun təsvirini veribdir! Səhv etmirəmsə, bundan da xeyli əvvəl daha bir türk- müsəlman filosofunun-Fərabinin bu xüsusda cəhdi olmuşdu. Amma bunlardan başqa nə qədər belə adlar-simalar olub tarixdə? Tomas More, Tommaso Kampanella, Frensis Bekon və s. və i.
Qərəz, dediyimiz budur ki, bu ideya da marksist-leninçilərə qədər vardı. Amma sonuncular onu hansı hala saldılar?
Sovet gənci olduğuma görə Marksın, Leninin, Engelsin bioqrafiyalarını çox oxumuşdum. Leninin bioqrafiyasında maraqlı bir detal vardı. Bu adam gimnaziyada buraxılış imtahanları zamanı bütün fənlərdən yüksək qiymət alır, təkcə məntiq müəllimi ona aşağı qiymət yazır!
Mənə həmişə elə gəlib ki, bu, çox düşünüləsi məqamdır. Sonrakı illər göstərdi ki, Lenin məntiq sarıdan həmişə axsayıb, bu adamın proseslərə yanaşmasında heç vaxt normal və sağlam məntiq olmayıb.........
© Müsavat
