Ölən dünyamız: nələrlə vidalaşırıq?..
Doğrusu, bilmirəm onları necə adlandırırlar? “Əllincilər”, yoxsa “altımışıncılar”? Amma hər dəfə imkan düşəndə bir oxucu kimi yazmışam ki, bu iki nəfər–İsmayıl Şıxlı və İsa Hüseynov (hər ikisinə Allah rəhmət eləsin!) Azərbaycan sovet nəsrində çox böyük dönüş elədilər, faktiki olaraq o dövrdəki nəsri bir “rels”in üzərindən götürüb başqasının qoydular. Sonrakılar inciməsinlər, amma nəsrimiz demək olar, hələ də o iki kişinin ədəbiyyata gətirdiyi “rels”lərin üzərilə hərəkət etməkdədir. Hərçənd, oxucu kimi deyirəm: İsmayıl Şıxlıdan fərqli, İsa Hüseynov təzədən başqa cığır açmaq, başqa “rels” yönəltmək istədi, amma yenə də oxucu kini deyirəm ki, məncə, alınmadı və yazıçı İsa Hüseynov elə “İdeal” romanı ilə də bitdi – təkrar söyləyirəm ki, adam “İdeal”la başqa İsa Hüseynov yaratmaq istədi, fəqət, çox uğursuz oldu.
“İdeal”ı oxuyanda ağlımdan keçən ilk fikir bu, oldu ki, aman, Allah, doğrudanmı bunları “Məşhər” romanının, nə bilim, “Nəsimi”, ya “Tütək səsi” filmlərinin (müharibə dövründən bəhs edən ən gözəl filmimizdir!) ssenarisinin müəllifi İsa Hüseynov yazıbdır?.. Əlbəttə, bunlar bir oxucunun fikridir. İsmayıl Şıxlının isə yazıçı treki daha nizamlı, ardıcıl oldu, adam arta-arta, müdrikləşə-müdrikləşə getdi. Bilirsinizmi, “sanballı adam”, “sanballı yazıçı”, bir növ “ağayana müəllif” kimi ifadələr var və bunların ən çox yaraşdığı insanlardan, bəlkə də ilklərindən biri də İsmayıl Şıxlı olubdur. Onu da deyim ki, bu iki yazıçınının ədəbiyyatımızda həmişə yeri olacaq, ən azı göstərmək üçün ki, heç nə boş yerdən yaranmır...
Belədəsə, fikrim, əlbəttə ki, bu iki ədibi təkrar təqdim etmək deyildi, onların buna heç ehtiyacı da yoxdur. Sadəcə, bilmirəm, yaşdandır, yoxsa az qala, hər gün çevrəmizdə baş verən proseslərdən, amma hara çək-çevir edirsən, beynindən yalnız “ölən”, “ölmək”........
