Cənubi Qafqazın geosiyasi təkamülü fonunda ikiəs
Cənubi Qafqaz tarixi dönüş nöqtəsindədir və hazırda öz taleyinin ən mühüm sınağından keçir.Ermənistan və Azərbaycan arasında sülh prosesinin 2026-cı ilin fevralında yeni mərhələyə qədəm qoyması təkcə iki dövlətin münasibətlərinin normallaşması deyil, eyni zamanda regionda 200 ildən artıq hegemonluq edən və dominant təsir mexanizmləri qurmuş Rusiya və İran imperializminin mövqelərinin təməldən sarsılması deməkdir.
Region artıq “boz zona” olmaqdan çıxaraq qlobal enerji, logistika və təhlükəsizlik xəritəsində strateji qovşağa çevrilmək mərhələsinə daxil olur.
Qərbə inteqrasiya fonunda NATO, ABŞ və Avropa İttifaqı ilə qurulan yeni tərəfdaşlıqlarAzərbaycanın Qərbə inteqrasiyası son illərdə sürətlə inkişaf edir və bu proses regionun geosiyasi xəritəsini köklü şəkildə dəyişir. 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz ABŞ, NATO və Avropa İttifaqı ilə strateji tərəfdaşlığı gücləndirərək enerji, nəqliyyat və təhlükəsizlik sahələrində yeni mərhələyə qədəm qoyub.
2026-cı ilin yanvar ayında NATO Baş katibinin müavini Radmila Şekerinskanın Bakıya səfəri çərçivəsində Azərbaycan üçün Fərdi Uyğunlaşdırılmış Tərəfdaşlıq Proqramının (ITPP) hazırlanması barədə razılığın əldə olunması NATO ilə əlaqələrin ardıcıl və institusional şəkildə dərinləşdiyini nümayiş etdirir. Bu proqram minatəmizləmə, kibertəhlükəsizlik, müdafiə islahatları və informasiya təhdidlərinə qarşı mübarizə kimi əsas istiqamətləri əhatə edir. Azərbaycan eyni zamanda NATO missiyalarında iştirakını davam etdirərək praktiki əməkdaşlığı möhkəmləndirir.
ABŞ ilə 2026-cı ilin fevral ayında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası investisiya, ticarət, enerji, rəqəmsallaşma və müdafiə sahələrində əməkdaşlığın yeni və daha dərin mərhələsini açır. Bu sənəd ikitərəfli münasibətlərin strateji xarakter aldığını və uzunmüddətli əməkdaşlıq çərçivəsinin formalaşdığını təsdiqləyir.
Paralel olaraq Azərbaycan Avropa İttifaqı ilə “Global Gateway” və “Cross-Regional Connectivity Agenda” çərçivəsində regional bağlantıların genişləndirilməsi istiqamətində fəaliyyətini intensivləşdirir. OECD ilə əməkdaşlıq isə iqtisadi və institusional islahatların dərinləşdirilməsinə mühüm töhfə verir.
Enerji təhlükəsizliyi sahəsində Cənubi Qaz Dəhlizi xüsusi strateji əhəmiyyət daşıyır. Bu marşrut üzrə qaz ixracının 2027-ci ilə qədər illik 20 milyard kubmetrə çatdırılması planlaşdırılır ki, bu da Avropanın Rusiya qazından asılılığının azaldılmasında əsas mexanizmlərdən biri kimi çıxış edir.
Daha konkret ifadə etsək, ABŞ və NATO ilə tərəfdaşlıq mexanizmlərinin institusional şəkildə dərinləşdirilməsi, enerji diplomatiyasının və ixrac coğrafiyasının genişləndirilməsi, eləcə də regional kommunikasiya və nəqliyyat xətlərinin açılması bu gün Azərbaycanın xarici siyasətinin strateji kursunun əsas istiqamətlərini təşkil edir.
Balanslı, lakin qətiyyətli suveren qərarverməyə əsaslanan siyasət kursu regionun gələcək təhlükəsizlik arxitekturasının formalaşmasında həlledici rol oynayır və uzunmüddətli sabitliyə, davamlı regional iqtisadi inkişafa real zəmin yaradır.
ITPP proqramı və ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanın müdafiə və təhlükəsizlik sisteminin modernləşdirilməsini təmin edərək ölkənin regional və qlobal mövqelərini daha da gücləndirir.
Regionda sülhün iqtisadi və strateji onurğasına çevrilən TRIPP layihəsiRegionda gedən geosiyasi mübarizənin mərkəzində dayanan Zəngəzur dəhlizi beynəlxalq kontekstdə TRIPP (Trump Route for International Peace and Prosperity) adı ilə təqdim olunur və ABŞ-ın birbaşa vasitəçiliyi ilə irəliləyərək Cənubi Qafqazda sülhün iqtisadi və strateji onurğasına çevrilir.
Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən bu 43 km-lik koridor dəmir yolu, avtomobil yolu, 330 kV-luq enerji xətləri və fiber-optik infrastrukturu əhatə edərək Orta Dəhlizin əsas halqasına çevrilir. 2026-cı ilin fevralına olan vəziyyətə görə Azərbaycan tərəfində Horadiz–Ağbənd dəmir yolunun 90–93 faizi, avtomobil yolunun isə 95 faizi tamamlanıb. Ermənistanın Sünik (Zəngəzur) vilayəti ərazisində yerləşən hissədə tikintiyə isə 2026-cı ilin ikinci yarısında başlanması planlaşdırılır.
ABŞ-ın ilkin mərhələdə 74 faiz payla (sonradan 51 faizə qədər azaldılması nəzərdə tutulur) nəzarət etdiyi və “TRIPP Development Company” vasitəsilə idarə olunacaq bu layihə 49 illik (bəzi mənbələrdə 99 illik) inkişaf hüququna malikdir. 2026-cı ilin fevralında ABŞ Dövlət katibi Marko Rubio ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın açıqladığı “TRIPP Implementation Framework” layihənin praktiki icrasını təmin edir.
TRIPP-in iqtisadi təsiri əhəmiyyətlidir. Orta Dəhliz üzrə Çin–Mərkəzi Asiya–Avropa marşrutunda tranzit vaxtı 15 günə qədər azalır. 2040-cı ilə qədər illik 15 milyon ton yük və 865 min TEU konteyner daşınması proqnozlaşdırılır. 2030-cu ilə qədər isə Orta Dəhlizdə yük həcminin üç dəfə artaraq 11 milyon tona çatacağı gözlənilir ki, bu da Azərbaycan və Ermənistan üçün davamlı tranzit gəlirləri yaradır.
Azərbaycan üçün layihə Naxçıvanın tam inteqrasiyasını, tranzit mərkəz statusunun möhkəmlənməsini, Cənubi Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracının 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılmasını, eləcə də neft-qazdan kənar iqtisadiyyatın — mis, alunit və molibden kimi kritik mineralların — ixrac imkanlarının genişlənməsini təmin edir. Ermənistan üçün isə bu layihə regional tranzit mərkəzinə çevrilmə, infrastrukturun modernləşməsi, 26 faiz (sonradan 49 faizə qədər) pay hesabına tranzit haqları, vergi və gömrük gəlirləri, yeni iş yerləri və texnologiya transferi deməkdir.
ABŞ və Qərb üçün TRIPP tranzit haqları, tikinti və logistika müqavilələri, kritik xammal və nadir torpaq metallarına çıxış imkanı yaradır. TRIPP Enterprise Fund-un 200 milyon dollarlıq başlanğıc kapitalı ilə nəqliyyat, enerji və logistika sahələrinə milyardlarla dollar investisiya axını gözlənilir. Eyni zamanda Rusiya və İran üzərindən tranzit asılılığı azalır və Çinlə rəqabətdə alternativ marşrut formalaşır.
2025-ci ilin avqustunda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən paraflanan sülh sazişi və imzalanan birgə bəyannamə qarşılıqlı suverenliyin tanınmasını, güc tətbiqindən imtinanı və üçüncü tərəflərin ərazilərdən istifadəsinə qarşı çıxmağı təsbit edərək bu layihəyə siyasi zəmin yaradıb.
Nəticədə Rusiya üçün tranzit nəzarətinin itirilməsi, İran üçün isə ABŞ təsirinin şimal sərhədlərinə yaxınlaşması və tranzit rolunun azalması ilə bağlı ciddi strateji narahatlıq yaranıb.
Rusiya–İran imperializminin cançəkişməsi və hibrid müqavimət mexanizmləri
Cənubi Qafqazda baş verən tarixi transformasiya Rusiya və İranın eyni vaxtda yaşadığı dərin ekzistensial böhran fonunda cərəyan edir.
Ukraynaya qarşı aparılan işğalçı müharibə Rusiyanın hərbi və qlobal gücünü faktiki olaraq tükədib. 2022-ci ilin fevralından 2025-ci ilin sonuna qədər 1,2 milyondan çox canlı qüvvə itkisi (o cümlədən 325 min ölü) və 24 mindən artıq hərbi texnika, 13 864 tank və zirehli maşın, 361 döyüş təyyarəsi itirilib ki, bu da İkinci Dünya müharibəsindən bəri ən ağır itkilərdən biri hesab olunur.
Dörd ildir davam edən müharibənin yaratdığı iqtisadi tənəzzül, beynəlxalq təcrid, texnoloji geriləmə və 2025-ci ildə cəmi 0,6 faiz iqtisadi artım Rusiyanın Cənubi Qafqazda konvensional güclə diktə imkanlarını ciddi şəkildə məhdudlaşdırıb, NATO-ya qarşı güc proyeksiyasını zəiflədib və Kremlin yeni məcburi mobilizasiya planları sosial-iqtisadi təzyiqləri daha da artırıb.
Paralel olaraq, cənub qonşumuz İran ABŞ-ın artan hərbi eskalasiya təhdidi ilə üz-üzədir. 2026- cı ilin əvvəlindən ABŞ Prezidenti Donald Tramp İranı nüvə proqramı və ballistik raketlər üzrə razılaşmaya gəlməyə çağıraraq 10–15 günlük ultimatum verib. Yaxın Şərqə iki aviadaşıyan qrup və əlavə hərbi qüvvələr yerləşdirilib ki, bu da 2003-cü il İraq işğalından bəri ən böyük hərbi yığınaqdır.
İran isə cavab olaraq ABŞ bazalarına zərbə təhdidləri səsləndirib, daxildə etirazları repressiyalarla yatırıb və hərbi təlimləri intensivləşdirib. Eyni zamanda riyalın tarixi çöküşü (1 ABŞ dolları = 1,45 milyon rial) və yanvar ayındakı repressiyalarda minlərlə insanın həlak olması rejimi daxildən ciddi şəkildə sarsıdır.
Məhz bu zəiflik fonunda Rusiya və İran regionu itirdiklərini qəbul etməyərək son resursları ilə müqavimət göstərir, hibrid təzyiqlər, dezinformasiya və daxili təsir şəbəkələri vasitəsilə Azərbaycan, Gürcüstan və Ermənistanın Qərbə inteqrasiyasını əngəlləməyə çalışırlar.
İnformasiya cəbhəsi və “manqurtlaşma” fenomeniTransformasiya dövrlərində ən həssas və həlledici sahə informasiya məkanıdır. Burada təhlükə təkcə klassik mənada “xəyanət” deyil, daha mürəkkəb və dağıdıcı olan “manqurtlaşma” fenomenidir.
Milli maraqlardan uzaqlaşaraq xarici güclərin narrativlərini şüursuz şəkildə təkrarlamaq və onların informasiya alətinə çevrilmək bu prosesin əsas mahiyyətidir.
Sosial media və müxtəlif media platformalarında yayılan radikal, təhqiramiz və aqressiv ritorika çox vaxt Rusiya və İran kimi regional güclərin geosiyasi qarşıdurmasının informasiya uzantısı kimi çıxış edir.
Məqsəd milli şüuru zəiflətmək, dövlətin legitimliyini hədəfə almaq və davamlı dezinformasiya mühiti yaratmaqdır. Azərbaycanın ABŞ, NATO və Avropa İttifaqı ilə sürətlə dərinləşən inteqrasiyası, enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sülh prosesləri fonunda Rusiya və İranın Cənubi
Qafqazdakı uzunmüddətli təsir dairəsi zəiflədikcə, bu güclər daxili “beşinci kolon” və manqurtlaşmış ünsürlər vasitəsilə müqavimət göstərməyə çalışırlar.
Xüsusilə, illərlə Qərb donorları hesabına “demokratiya” və “insan haqları” pərdəsi altında fəaliyyət göstərmiş bəzi bloqqer və fəalların sonradan Rusiya FSB-si və İran kəşfiyyatının informasiya şəbəkəsinə inteqrasiya olunması bu prosesin ən təhlükəli mərhələsidir. Onlar söyüş, təhqir və dezinformasiya yolu ilə ölkəni qaralamağı əsas fəaliyyət xəttinə çeviriblər.
Bu fəaliyyətin maliyyələşməsi Rusiya bankları üzərindən həyata keçirilən, mənşəyi gizli “ağ kart” sxemləri ilə aparılır və şəbəkənin ideoloji-siyasi dayaqları Rusiyanın və İranın regiondakı maraqlarına xidmət edən köhnə elita qalıqları ilə əlaqələndirilir.
Bütün bu hücumlara qarşı Azərbaycanın əsas müdafiə mexanizmi milli şüurun möhkəmləndirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi və iqtisadi müstəqilliyin qorunmasıdır. Çünki manqurtlaşmaya qarşı ən güclü immunitet məhz suveren düşüncə, strateji səbir və dövlətçilik refleksidir.
YekunCənubi Qafqaz iki əsrdir mövcud olan imperial dominantlıq modelindən çıxaraq keyfiyyətcə yeni bir mərhələyə daxil olur. Regional dövlətlərin suveren qərarvermə rolu artır, iqtisadi inteqrasiya dərinləşir və alternativ təhlükəsizlik mexanizmləri formalaşır.
Bu transformasiya nə asan, nə də sakit baş verəcək. Müqavimət olacaq, informasiya savaşı davam edəcək, daxili və xarici təzyiqlər artacaq. Lakin strateji istiqamət artıq dəyişməzdir: suverenlik, iqtisadi güc və milli şüur bu tarixi keçidin əsas dayaqlarıdır.
Faktiki olaraq, Cənubi Qafqazda 200 illik imperialist ağalığın günəşi batır və Azərbaycan TRIPP, Zəngəzur xətti və Qərbə inteqrasiya vasitəsilə yalnız özünün deyil, bütün regionun yeni, müstəqil gələcəyinin memarına çevrilir.
Bu prosesə qarşı yönələn manqurtlaşmış xəyanət nümunələri isə cançəkişən imperiyaların son, isterik və uğursuz çırpıntısından başqa bir şey deyil. Azərbaycan bu hücumların öhdəsindən gəlir, Qərb inteqrasiyası ilə güclənir, regional bağlantılarla yeni dövr açır və milli iradəyə qarşı çıxan hər bir xəyanət gec-tez ifşa olunaraq cəzasız qalmayacaq.
Elnur MƏCİDLİParis, Fransa
