Arxamızda “dayı” olmayıb, yanımızda Türkiyə olub
Son günlər Türkiyə mediasında və sosial şəbəkələrin türk seqmentində Azərbaycanla bağlı qəribə bir informasiya dalğası müşahidə olunur.
Əvvəl Azərbaycanda məktəbli geyiminə dair qərar “hicab qadağası” kimi təqdim edildi. Ardınca BMT Baş Assambleyasında İsrailin baş naziri Benyamin Netanyahu danışarkən Azərbaycan nümayəndəsinin zalda qalması gündəmə gətirildi.
Sonra isə Prezident İlham Əliyevin “hərənin arxasında böyük bir dayı var idi, biz isə təkbaşına idik” fikri kontekstdən çıxarılaraq Türkiyəyə ünvanlanmış mesaj kimi təqdim olunmağa başlandı.
Bunların hər birini ayrıca müzakirə etmək olar. Azərbaycan hakimiyyətini tənqid etmək də, İsraillə münasibətlərimizi sorğulamaq da, məktəblərdə geyim qaydasını müzakirə etmək də normaldır. Amma bu hadisələrə yalnız ayrı-ayrı xəbərlər kimi baxmaq kifayət deyil.
İlk növbədə xronologiyaya baxmaq, tarixləri yan-yana düzmək lazımdır. Çünki bəzən hadisələrin ardıcıllığı onların özündən daha çox şey deyir.
Əvvəl dövlətlər yaxınlaşır...
Sentyabrın 15-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəldi və Prezident İlham Əliyev tərəfindən qəbul edildi. Görüşdə Azərbaycan–Türkiyə münasibətlərinin “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdiyi, strateji müttəfiqliyin daha da möhkəmləndiyi vurğulandı. Enerji, logistika, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat xətləri və beynəlxalq təşkilatlarda fəaliyyətin koordinasiyası müzakirə edildi.
Həmin gün Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla da görüşdü. Şuşa Bəyannaməsinə əsaslanan müttəfiqliyin inkişafı və regional proseslər ətrafında fikir mübadiləsi aparıldı.
Sentyabrın 25-də isə Türkiyənin Emniyet Genel Müdürü Ali Fidanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda idi. Daxili işlər naziri Vilayət Eyvazovla görüşdə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın genişləndirilməsi və qlobal təhdidlərə qarşı birgə mübarizə müzakirə edildi.
Yəni sentyabrın ortalarından etibarən Bakı ilə Ankara arasında məsafə artmırdı. Əksinə, siyasi və təhlükəsizlik əməkdaşlığı daha da dərinləşirdi.
500 milyon dollarlıq hərbi əməkdaşlıq
Sentyabrın 30-da Bakıda keçirilən ADEX-2026 sərgisində Azərbaycanla Türkiyə arasında müdafiə sənayesi üzrə 500 milyon dollardan artıq əməkdaşlığı əhatə edən müqavilə və anlaşmalar imzalandı.
Söhbət yalnız Türkiyədən silah almaqdan getmir. Razılaşmalar ortaq istehsal, texnologiya transferi, müdafiə sistemlərinin tədarükü və Azərbaycanda istehsal imkanlarının yaradılmasını da əhatə edir. ASELSAN ilə Azərbaycanın NOVASİS şirkəti arasında Naxçıvanda istehsal müəssisəsinin yaradılması istiqamətində protokol imzalandı.
Beləliklə, Azərbaycan–Türkiyə hərbi əməkdaşlığı “satıcı–alıcı” münasibətindən çıxaraq ortaq müdafiə sənayesi məkanının formalaşdırılmasına doğru gedir. Bu, region üçün adi hadisə deyil və təbii ki, Tehranla Moskvada diqqətdən kənarda qala bilməz.
Azərbaycan–Türkiyə xətti Özbəkistana qədər uzanır
Sentyabrın sonu və oktyabrın əvvəlində daha bir strateji hadisə baş verdi. Azərbaycan, Türkiyə və Özbəkistan silahlı qüvvələri “Birliyin Gücü–2026” birgə hərbi təlimini keçirdi. Təlimlər Qarabağ iqtisadi rayonunda, Naxçıvanda və Xəzər dənizində keçirildi, üç ölkə birbaşa iştirak etdi, doqquz dövlət isə müşahidəçi göndərdi.
Bunun geosiyasi mənasını görməmək mümkün deyil. Xəzərin qərb sahilində Azərbaycan və Türkiyə, şərqində isə Özbəkistan. Türkiyə–Azərbaycan strateji xətti artıq yalnız Anadolu ilə Cənubi Qafqaz arasında qalmır, Mərkəzi Asiyaya doğru uzanır.
Söhbət təkcə hərbi əməkdaşlıqdan getmir. Enerji, nəqliyyat, logistika və siyasi əməkdaşlıqla Anadoludan Azərbaycana, oradan Xəzər üzərindən Mərkəzi Asiyaya uzanan türkdilli respublikaların yeni bağlantı xətti formalaşır. Bu xəritəyə Moskvadan və Tehrandan baxanda mənzərə tamamilə başqa görünür.
Sonra Şuşada üç müdafiə naziri
Oktyabrın 2-də Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirildi. Zakir Həsənov, Yaşar Güler və........
