Peyğəmbərin(ə.s.) yəhudilərlə birgəyaşayış çağrısından "Böyük İsrail" iddialarınadək...-Bu gün də sülhə çalışmalıyıq!..-II
Bizi sosial şəbəkələrdən izləyin:
II HİSSƏ — Sionizmin yaranmasından Fələstin faciəsinə: iki xalqın dövlətçilik arzusu, bir torpaq və həllini tapmayan münaqişə…
“Bir həqiqəti də deməliyik: Avropada yəhudilərə qarşı törədilən cinayətlərin əvəzini Fələstində yaşayan ərəb əhalisinin ödəməsi ədalətli deyildi…”
“Məhəmməd Peyğəmbərin (s.ə.s.) Mədinədə müxtəlif icmalar arasında ictimai nizam yaratmaq cəhdlərini xatırlayanda belə qənaətə gəlmək olar ki, fərqli dinlərin nümayəndələrinin bir yerdə yaşaması mümkündür. Bunun üçün ədalət, qarşılıqlı məsuliyyət və müqavilələrə əməl etmək lazımdır… Lakin…”
Birinci hissədə Məhəmməd Peyğəmbərin (s.ə.s.) Mədinədə yəhudilərlə münasibətlərindən, müqavilələrdən, ticarət əlaqələrindən və sonradan baş vermiş qarşıdurmalardan danışdıq. Həmçinin əsrlər boyu müsəlmanlarla yəhudilərin Bağdadda, Qahirədə, Kordovada, İstanbulda və digər şəhərlərdə yanaşı yaşadıqlarını qeyd etdik.
Bəs necə oldu ki, tarixdə bu qədər ortaq səhifələri olan iki dini icmanın münasibətləri müasir dövrdə Yaxın Şərqin ən ağır siyasi və hərbi qarşıdurmalarından birinə çevrildi?
Bu sualın cavabı yalnız dinlərdə deyil, XIX əsrin sonlarından etibarən Avropada güclənən millətçilikdə, antisemitizmdə, siyasi sionizmdə, Britaniya imperiyasının siyasətində və Fələstinin gələcək taleyi barədə ziddiyyətli qərarlardadır…
Siyasi sionizm necə yarandı?..
XIX əsrdə Avropada millətçilik və milli dövlət ideyaları güclənirdi. Eyni zamanda yəhudilər müxtəlif ölkələrdə antisemitizm, ayrı-seçkilik, zorakılıq və siyasi məhdudiyyətlərlə üzləşirdilər. Belə bir şəraitdə yəhudilərin milli dövlət yaratmaq ideyası siyasi hərəkat səviyyəsinə yüksəldi. Bu hərəkatın əsas simalarından biri Teodor Herzl idi.
Herzl 1896-cı ildə “Yəhudi dövləti” (Der Judenstaat) əsərini nəşr etdirdi. 1897-ci ildə İsveçrənin Bazel şəhərində keçirilən Birinci Sionist Konqresində Dünya Sionist Təşkilatı yaradıldı və Fələstində yəhudi xalqı üçün milli vətən qurulması məqsədi rəsmiləşdirildi.
Ancaq sionizmi vahid siyasi ideologiya kimi təqdim etmək düzgün deyil. Onun daxilində dini, siyasi, sosialist, liberal və revizionist istiqamətlər mövcud olub.
Bir məqamı da unutmayaq: yəhudilərin öz dövlətlərinə sahib olmaq arzusu tarixi antisemitizm və Holokost kimi faciələrlə əlaqəli real təhlükəsizlik ehtiyaclarından qaynaqlanırdı. Bu arzunu anlamaq mümkündür…
Lakin Fələstində yaşayan ərəb əhalisinin də öz tarixi vətəni, torpağı, şəhərləri və siyasi hüquqları vardı. Münaqişənin əsas səbəblərindən biri məhz bu iki milli iddianın eyni ərazi üzərində toqquşması oldu.
Balfur bəyannaməsi: Britaniya nə vəd etmişdi?..
Düz 109 il öncə -1917-ci il noyabrın 2-də Böyük Britaniyanın xarici işlər naziri Artur Balfur Lord Rotşildə məktub ünvanladı. Tarixə Balfur bəyannaməsi adı ilə düşən bu sənəddə Britaniya hökumətinin Fələstində yəhudi xalqı üçün milli vətən yaradılmasına dəstək verdiyi bildirilirdi. Bəyannamədə Fələstində yaşayan yəhudi olmayan icmaların mülki və dini hüquqlarına zərər vurulmaması şərti də vardı. Lakin diqqətçəkən məqam odur ki, yerli ərəb əhalisinin siyasi və milli hüquqları ayrıca təminat kimi göstərilməmişdi…
Birinci Dünya müharibəsindən sonra Britaniya mandatı altına keçməsinədək, yəni Osmanlı dövlətinin himayəsində olduğu dövrdə Fələstin ərazisində yəhudilərlə ərəblər arasında heç bir ciddi problem yox idi. Demək olar ki, iki xalq sülh şəraitində,birgə, dinc yanaşı həyat sürürdülər. Və Osmanlı hakimiyyəti dövründə Fələstində yəhudilər ərəb əhalisi ilə müqayisədə xeyli azlıq təşkil edirdilər. Xüsusilə XIX əsrin sonlarında yəhudilərin ümumi əhali içərisindəki payı təxminən 5–8 faiz civarında idi. Statistik məlumatlara görə, 1850-ci illərdə Fələstində yəhudilərin sayı ərəblərin sayından az qala 10 dəfə az idi. Lakin Birinci Dünya müharibəsi ərəfəsində bu nisbət bir az artmışdı. 1914-cü ildə hər 100 ərəbə təxminən 9–15 yəhudi düşürdü. Ən çox istinad edilən Osmanlı rəqəmlərində isə 634 633 ərəb və 55 142 yəhudi göstərilir. Bu hesablamaya görə yəhudilər əhalinin təxminən 8 faizini təşkil edirdilər. Yəhudilərin sayının artmasına səbəb isə XIX əsrin sonlarından etibarən........
