Alnımızın qırışlarındakı məmləkət...
Çoxundan layiq olsa da, Nobel ala bilməyən Kunderanın məşhur romanında etiraz da vardı, etiraf da: bir yandan vətəni tərk etməyən bir inadkar ziyalının necə məhrumiyyətlərə qatlaşdığını göstərir, digər tərəfdənsə, həm də hərdən hətta etiraza da mənəvi aktdan və əxlaqi seçimdən çox "siyasi biznes” kimi baxan, guya kənardan eks-ölkələrindəki siyasi proseslərə dəstək verən, yönəldən, idarə edən ötən əsr bəzi Şərqi Avropa siyasi mühacirlərinin ideoloji-siyasi planda necə kritik məzmunda və aciz durumda olduğunu göstərirdi: hətta o vaxt da elə olurdu, dəqiq bilinmirdi ki, kimin təyinatı nədir...
Amma yazıçıının "pıçıldamaq” istədiyi yeganə fikir deyildi bu. Təkrar-təkrar dönüb xatırladığım həmin romandan vaxtilə daha çox əxz etdiyim ideya bilirsiniz, həm də nə oldu? Bəzi əski rejimlərdə "təhlükəsizlik strukturları” özləri ləyaqətli vətəndaşlar - insanlar üçün ən böyük təhlükəyə çevrilirmiş: Kundera bu məqamda artıq pıçıldamırdı, haray çəkirdi ki, fərqli düşünənlər, buna da hazır olun! Amma nə gözəl ki, roman dərc olunandan bir neçə il sonra bir çox xüsusiyyətlərinə görə faşist rejimlərindən geri qalmayan, demək olar, sonuncu totalitar sovet-sosialist rejimləri də payızda yarpaqlar solaraq ağacdan töküldüyü kimi hamısı biri-birinin ardınca çökdü...
Demə, hamısı deyilmiş, bundan da dəhşətlisi varmış: bunu Milan Kundera da duyurdu, hərçənd, onun Avropa mühiti qeyrilərilə müqayisədə həmişə daha liberal olub. Amma demə, təkcə repressiv rejimlər, hökumətlər yox, həm də repressiv cəmiyyətlər də olurmuş...
Sovetin Stalin dönəmindən, eləcə də başqa repressiv dövlətlərin tarixindən oxuduqlarımdan da belə şey tutdum ki, belə rejimlərdə cəmiyyətlər özləri repressiv alətə çevrilirmiş, məsələn, Sovetlər adamı "xalq düşməni” elan edib, özü yana, yaxınlarını da repressiv cəmiyyətin ixtiyarına buraxır, sanki, "ardı sizlikdir!” deyirlərmiş! "Xalq düşmənləri”nin özlərinisə məhbəslərdə, həbs düşrgələrində hətta kriminallarla "təsir” edir, incidirmişlər: ağıllı adamlar nahaq demir ki, rejimlər, ölkələr olur, bilmirsən, məhbəs həyatın bu........
