Quruca “sağ ol”a nə gəlib?..
Heç kim inciməsin, bizim teatrı heç vaxt sevməmişəm. İndi nə qədər beynimi qurdalayıram, “Qatar”da və buna bənzər bir-iki babat tamaşadan qeyri şey xatırlaya bilmirəm – bir tamaşaçı kimi yazıram bunu, üzrlü sayın, qüsur bilməyin, 62 yaşımda artistlik eşqinə düşüb sizə problem yaratmaq fikrim yox.
Düzdür, sonradan deyirdilər, danışırdılar ki, bəs rəhmətlik Mehdi Məmmədov “İblis” kimi tamaşalar qoyurmuş, hətta sovetin vaxtında da bizim rus dram teatrında ara-sıra diqqət çəkən əsərlər olurmuş, amma yalançı ola bilmərəm, rayon uşağı olmuşam, belə şeylərdən xəbərim olmayıb - bir daha deyirəm ki, çox təəssüf! Rayon uşaqlarının televizordan və kitablardan savayı bir şeyi olmurdu, televizorda nəsə göstərirdilərsə, kitablarda nəsə yazırdılarsa, xəbərimiz olurdu...
Sovetdən sonra da guya bəzi “eksperiment”lər oldu, bizim teatrşünaslar, hətta kulturoloqlar hərdən bu haqda da yazırdılar – olsun, amma şəxsən məni tamaşaçı - seyrçi kimi cəlb etmədi onlar, çünki bu ölkənin qeyri-sferalarında o qədər oyunbazlıq –“eksperiment” görmüşəm ki, mənə bəs edər, gəlin bir az da ciddi şeylərdən danışaq.
Sovet kinosusa başqaydı, o cümlədən bizim. Bilirsiz, bəzən yasaqlar, qadağalar da sənətə işləyir, sənətə xidmət edir, çünki hamının hər şeyi deyə bildiyi mühitdə sənətkar özü də çaşıb qalır, bilmir nə desin, nə göstərsin, çox şey qiymətdən düşür, hətta söz, işarə də. Amma yasaqlar, qadağalar olanda onları aşmaqçün məharət, hətta cəsarət tələb olunur ki, hər adamda olmur.
Bu səbəbdən də bir neçə sovet filmimiz var ki, bu gün də onları xatırlayıram – bilmirəm, bəlkə də mən bir az geri qalmışam, yenilikləri bilmirəm, xəbərsizəm, amma hətta belə olsa da günah mənim kimilərdə deyil, sənətkarların özündədir ki, yazmırlar, demirlər, göstərmirlər ki, biz də bilək. Yox, demirəm, əlbəttə, bəzi cəhdlər, hətta diqqət çəkən kiçik uğurlar da var, amma “sarı simə” toxunanı tapmaq olmur hələ - söhbət sənətimizdən, ümumiyyətlə, mədəniyyətimizdən gedir.
Dünyada söz, ya sənət sarıdan indi də kasadlıq yaşanmır: yaradıcı böhran sosial- iqtisadi böhran deyil, həmişə olmalıdır ki, yenisi yaransın, hərçənd, bunun da psixoloji məqamları olur, hətta böyük intiharlar da baş verir hərdən, yaradıcı insanlar da çox ciddi mənəvi sarsıntılar da yaşayırlar bəzən.
Bizim sovet kinosundan yadımda qalanlardan rəhmətlik Fərman Kərimzadənin ssenarisilə çəkilən “Axırıncı aşırım” filmi idi, heç sözsüz, əsəri də oxumuşduq, başqa cür olardımı? Amma filmi dəfələrlə göstərdiklərindən daha çox yadda qalıb.........
