Qardaş qardaşa bunu yapmaz – ayıbdır, dost-düşmə
Cari ilin 11 avqustunda Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Dövlət Televiziyasına müsahibəsi zamanı çox mühüm açıqlamalar vermişdi. Dövlətimizin başçısı bildirmişdi ki, Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi bizdə hazırdır. Prezident gələcəkdə Azərbaycanın Ermənistana elektrik enerjisi ixrac edə biləcəyini də anons etmişdi.
İlham Əliyev xüsusilə vurğulamışdı ki, Ermənistan sovet dövründə tikilmiş Metsamor Atom Elektrik Stansiyasını qeyri-müəyyən müddətə istismar edə bilməz. Əlavə etmişdi ki, stansiyanın fəaliyyəti dayandırılarsa, Ermənistan elektrik enerjisi çatışmazlığı ilə üzləşə bilər. Sitat: “Ümid edirəm ki, Ermənistan tərəfi də bu məsələni uzatmayacaq. Bu, birinci onların özlərinə lazım ola bilər. Çünki bu gün əsas enerji mənbələri olan atom elektrik stansiyası onların nəzarəti altında deyil. Bu stansiya köhnəlib və bütün bölgə üçün təhlükə mənbəyidir. Dəfələrlə Azərbaycan və Türkiyə müxtəlif beynəlxalq platformalarda bu məsələ ilə bağlı öz narahatlıqlarını ifadə ediblər”.
Prezidentin bu açıqlamalarına Ermənistanın baş naziri Nikol Paşinyan iki gün sonra münasibət bildirərək demişdi ki, əvvəllər Ermənistanda elektrik enerjisi profisiti var idi, lakin indi ölkədə yeni tələbat yarana bilər. Paşinyan vurğulamışdı ki, Ermənistanda süni intellekt zavodlarının fəaliyyətə başlaması enerjiyə olan tələbatı artırır. “Bəzən elektrik enerjisi ixrac edə, bəzən isə idxal edə bilərik. O cümlədən Azərbaycanla da tərəfdaşlıq edə bilərik”, baş nazir bildirmişdi.
Nikol Paşinyan Azərbaycan mütəxəssislərinin 2025-2026-cı illərdə TRIPP layihəsi çərçivəsində reallaşdırılması planlaşdırılan elektrik xətləri, dəmir yolu, boru kəmərləri və digər məsələləri müzakirə etmək üçün Ermənistanda olduqlarını da açıqlamışdı və bununla da Azərbaycan Prezidentinin Naxçıvanda söylədiklərini təsdiqləmişdi.
Bir müddət sonra isə Ermənistan Rusiya qazına alternativlər axtarışı zamanı Azərbaycandan mavi yanacaq ala biləcəklərini də istisna etməmişdi. Bütün bunlarda sonra nə baş verdi? Baş verənlər göz önündədir.
Oktyabrın 5-də xəbər yayıldı ki, Türkiyənin enerji mütəxəssislərindən ibarət nümayəndə heyəti dünən Ermənistanda səfərdə olub. Qardaş ölkənin Elektrik Enerjisinin Ötürülməsi Təşkilatının (TEİAŞ) baş direktoru Mustafa Pustunun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanla görüşüb. Ermənistan mətbuatının məlumatında bildirilir ki, qəbul zamanı Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərinin bərpasının iki ölkə arasında nəqliyyat-kommunikasiya, ticari əlaqələr və digər sahələrə müsbət təsirləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər həm qarşılıqlı münasibətlərin, həm də regional əməkdaşlığın Ermənistan və Türkiyənin enerji sistemlərinin birləşdirilməsi məsələsini önə çıxardığını vurğulayıblar. Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri özünün “Facebook” səhifəsində paylaşımında türkiyəli həmkarları ilə görüşü “qarşılıqlı etimada əsaslanan normallaşma prosesinin mühüm və vacib tərkib hissəsi” kimi dəyərləndirib. “Biz Ermənistan - Türkiyə münasibətlərinin nizamlanması prosesi çərçivəsində Gümrü - Qars elektrik ötürücü xəttinin bərpası və işə salınması istiqamətində aparılan işlərə toxunduq”, - deyə nazir qeyd edib. Xudatyan əlavə edib ki, Türkiyədən gələn nümayəndə heyəti səfər çərçivəsində Ermənistanın elektrik enerjisi infrastrukturunda böyük təcrübəyə malik iki müəssisənin fəaliyyəti ilə də maraqlandıqlarını söyləyib. Onun sözlərinə görə, Mustafa Pustu “Ermənistanın Elektroenergetika Sistemi Operatoru” QSC və “Yüksəkgərginlikli........
