OYUNUN OLSUN, ABDULLA
Hafız Ataxanlı Azerbaycan
Zamansız meydandan reportaj
EPİQRAF : Ölümdən deyil, mənasız yaşanmış ömürdən qorxmaq gərəkdir.
Bertold Brext Abdullanın Sumqayıt Dövlət Dram Teatrında Anarın "Qaravəlli" əsəri əsasında hazırladığı tamaşa haqqında düşüncələr.
PROLOQ Günlərin bir günündə, Məmmədin tinində Abdulla Elşadlıydı, İzaməddin Bağırovdu, mən idim, bir də Hafiz Ataxanlı - durub remarkanı gözləyirdik. Bir də gördük ki, Xalq yazıçısı Anar gəlir. Dedi kibritin var? Dedim yoxdur. Bu dəfə mən Hafiz Ataxanlıdan soruşdum: -Kibritin var? -Yoxdur. Hafiz Abdulladan soruşdu: -Kibritin var? -Yoxdur. Abdulla da ümidini itirməyib İzaməddindən soruşdu: -Kibritin var? -Taparam. O gedən getdi. Qayıtmadı. Əvəzində Əvəz Əvəzov gəldi. Üz- gözündən fağırlıq, binəsiblik yağan binəvanın birisi, saatın neçə olduğunu bilməyən, zamansızlıq girdabında karıxıb qalan yüklü adam. Onun - bunun işinə əl yetirməkdən, bir saat qırx dəqiqə işıqların altında, qan - tər içində vurnuxmaqdan corablarının altı yeyilmişdi. Dedi gözləyin, kibrit çöpü o qədər qloballaşdı , o qədər bahalaşdı ki, gəlib beşotaqlı evlə bərabərləşdi. Ölməsəm, qalsam, sizə kibrit çöpünü gətirəcəyəm. Abdulla dözmədi, səhnəyə qalxdı, dedi mən burada hoqqa çıxartmasam, düzələn deyil. Anar müəllim dodaqaltı qımışıb pıçıldadı: -Hoqqabaz.
XAMMALIN KEYFİYYƏT GÖSTƏRİCİSİ
Xalq təfəkkürünün minillik laylarından süzülüb gələn fəlsəfi - estetik düşüncəni bədii ədəbiyyatın ahənrübasında, ədəbi mətnin mükəmməlliyində təqdimata çıxaran, başdan - ayağa milli Xalq yazıçısı Anarın yaradıcılığı alt qatdan işarə vuran yumor, bəzən sarkazmı ilə də maraqlıdır. El ruhuna simsarlığı, sosial qroteksə meyli, intellektual zarafat hissi, folklor sevdası, milli- ədəbi yaddaşı, " səhnə dünyada aktyor insanlar"ı eşidərkən görmək, baxarkən onların səslərini eşitmək fövqəltəbiəti ədibə çox vaxt sözünü hoqqalarla, Nəsrəddinvari, danəndəsayaq, məzhəkə çalarında, qaravəlli havacatında demək imkanı verib. "Molla Nəsrəddin - 66" nı yazdığı illərdə ürəyi soyumayıb. Yaxşı kişi - pis kişi göstəricisinin, sui - istifadə sindromunun, cəmiyyətin sosial obyektivlik tərəzisindəki olmayan çəki daşlarının rəsmini çəkib, bir qaravəlli yazıb.Yəni Sokratsayağı, "danışıram ki, məni görəsiniz" qənimətinə qane olmayıb, meydan teatrının mahiyyət və estetikasında səhnə üçün gəzişmə edib, adını da qoyub "Qaravəlli". Sadə, sadə olduğu qədər də müdrik yumorla dolu bir xalq komediyası! "Əl əli yuyar, əl də üzü" məşhur genetik vərdişin teatr versiyası!
Və ilin əvvəlində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, dövlət göndərişi ilə Moskvada, Borisovun kursunda rejissorluq təhsili alıb qayıtmış, bir çox bölgə teatrlarında Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" Layihəsi çərçivəsində traktovkaları ilə sənət cameəsində diqqət çəkmiş Abdulla Sumqayıt Dövlət Dram Teatrına ezam olundu. Çantasında da Anarın " Qaravəlli" əsəri. Stolarxası məşq fərqliydi. Dodaq büzənlər də əksik olmadı. Amma və lakin ( bu yerdə bu iki inkar ədatını ilk dəfə qoşalaşdırmış Vaqif İbrahimoğluna da rəhmət deməyi unutmayaq) dramaturji konflikti dramaturji intriqa ilə qarışdıranların peşəkar teatrın yox, bəzi xislət sahiblərinin, qeyri- estet xadimələrinin vızıltısı Abdullanın qulaqlarını döyəcləyə bilmədi. Həm öz inadkarlığı, həm də teatr rəhbərliyinin qayğısı sayəsində istəyinə çatdı. Rejissorun uğur hekayəsi ən əvvəl dramaturji baza ilə əlaqədardır. Şübhəsiz, doğru rol bölgüsü də önəmli şərtdir.Xammalın keyfiyyətinə söz yox, bəs görək qurluşçu rejissor baş rolu kimə etibar edəcək?! Rejissor Əməkdar artist Sumqayıt Dövlət Dram Teatrının aparıcı səhnə ustası İzaməddin Bağırovu seçdi. Yox, yaxşısı budur, baş rol söhbətini ləngidək.Qoy dostum, qardaşım, həmkursum İzaməddin qrimlənsin, geyinsin, burnunu yerinə oturtsun, mən də rejissor yozumu üzərində variasiyalarla açım sandığı, töküm pambığı.
REJİSSOR İNTELLEKTİNİN AYDINLIĞINDA HADİSƏNİN TƏSVİRİ VƏ TƏFSİRİ
Xarakterlər ustası böyük Çexovun bir fikri olub: "İnsanın gündəlik arxayın güzəranı içində gözə çarpmayan faciələr baş verir." Abdulla da adi bir güzəranın içində baş verən hadisənin qroteksi kontekstində bir intellektual oyun qurub ki, gəl görəsən! Əcəba, nədən başlayaq? Abdulla Allahsaxlamış Moskvada müəllimi Borisovdan, ustad saydığı Vaxtanqovdan,mənəvi- ruhi qida saydığı Bertold Brextdən eksplikasiyaya başlayıb, dialektika teatrında toxtayıb, Fantastik realizmdə nəfəs dərib, sosial qroteksdə mesaj verib, üstəlik meydan teatrının, karnaval estetikasının oyun cazibəsindən qaça bilməyib. Əlqərəz, Abdulla Elşadlı səhnədə ilmələri pıçıldayan, naxışları söz deyən, çeşniləri kod gizlədən bir xalça toxuyub.
İNTERAKTİVLİK VƏ YA KARNAVAL ESTETİKASI
Proloqda tamaşanın təqdimatı, dramaturji "posıl" verilir. Tamaşaçı ilə birbaşa ünsiyyətdə, bir az........
