Bu artıq müharibə deyil: Yaxın Şərq yenidən bölü
Bu müharibəyə sadəcə “ABŞ-İsrail İranı vurur, İran cavab verir” prizmasından baxanlar hadisələrin yalnız səthini görür. Bu savaş artıq klassik “iki tərəfli hərbi toqquşma” çərçivəsini aşıb. Martın 24-nə olan mənzərə göstərir ki, eyni vaxtda dörd xətt işləyir: birbaşa ABŞ-İsrail zərbələri, İranın İsrail və bölgədəki hədəflərə cavabı, Hörmüz boğazı üzərindən enerji təzyiqi və pərdəarxası diplomatiya cəhdləri. Bu dörd xəttdən yalnız biri dayanarsa, savaş zəifləyə bilər; hamısı birlikdə işlədikdə isə qarşıdurma öz-özünü qidalandıran regional böhrana çevrilir.
Hazırkı mərhələnin ən mühüm xüsusiyyəti odur ki, hərbi intensivlik hələ də yüksəkdir, amma siyasi məqsədlər tam aydın deyil. Tramp administrasiyası son günlər İranla “məhsuldar danışıqlar” aparıldığını açıqlayıb və İranın enerji infrastrukturuna bəzi zərbələri 5 gün təxirə salıb; eyni vaxtda Reuters-in istinad etdiyi ABŞ rəsmisinə görə, bu pauza yalnız enerji obyektlərinə aiddir, İranın digər hərbi, raket və müdafiə-sənaye hədəflərinə qarşı əməliyyatlar davam edir. İran isə hər hansı danışıqları açıq şəkildə inkar edir və bunu bazar manipulyasiyası adlandırır. Yəni diplomatiya siqnalı var, amma atəşkəs siqnalı hələ yoxdur.
Mənzərənin ikinci böyük elementi enerji müharibəsidir. Reuters-in bu gün yaydığı məlumata görə, Hörmüz boğazından daşınmalar demək olar ki, dayanıb və Beynəlxalq Enerji Agentliyi bunu qlobal enerji təchizatında indiyə qədərki ən böyük pozuntu kimi qiymətləndirir. Brent nefti yenidən 100 dolların üzərinə qalxıb; bəzi analitiklər boğazın aprel boyu qapalı qalacağı halda qiymətin 150 dollara yüksələ biləcəyini deyirlər. Bu isə o deməkdir ki, savaşın “ən bahalı cəbhəsi” hazırda təkcə Tehran, Tel-Əviv və ya Beyrut deyil, dünya enerji bazarıdır.
Üçüncü element savaşın coğrafiyasının genişlənməsidir. AP və Reuters məlumatlarına görə, İran raket və dron zərbələrini yalnız İsraillə məhdud saxlamır, Körfəz ölkələri də risk altında qalır; İsrail isə eyni anda İran və Livan cəbhəsində təzyiqi artırır. Reuters bu gün İsrail müdafiə naziri Katzın Litani çayına qədər Cənubi Livanın bir hissəsini işğal etməyi planlaşdırdığını yazdı. Bu, savaşın “İran dosyesi” olmaqdan çıxıb daha geniş regional yenidənqurma əməliyyatına çevrilməsi riskini artırır.
Dördüncü element isə rəhbərlik və qərarvermə böhranıdır. AP-nin bugünkü xəbərində İranın son raket zərbələrinin bəzi hallarda yerli komandirlər səviyyəsində təsdiqləndiyi,........
