Şeytan başını örtərmi?
Dövlətimizin müstəqilliyi, vətəndaşlarımızın inancı və qapının arxasında qalan qızlarımız
Təsəvvür edin, bir ata qızına başını örtməyi qadağan edir. Qızı atasının qərarını anlamır. Axı onun üçün başörtüsü sadəcə geyim deyil. Bu, dini inancının, mənəvi dünyasının, bəlkə də uşaqlıqdan formalaşmış həyat tərzinin ayrılmaz hissəsidir. Ata isə israr edir. Bəs niyə? Bəlkə qızının hansısa dini-siyasi çevrənin təsirinə düşməsindən ehtiyat edir? Bəlkə keçmişdə gördüyü hadisələr, yaşadığı təcrübələr onu qorxudub? Bəlkə övladını qorumaq istəyərkən fərqinə varmadan onun ən həssas duyğularına toxunur? Yaxud da sadəcə yanılır? Bütün bunlar mümkündür. Amma bir həqiqəti qəbul etməliyik, atanın övladına qoyduğu hər qadağanın arxasında mütləq qərəz axtarmaq doğru deyil. Ata səhv edə bilər. Lakin onun qərarı ilə razılaşmamaq, həmin qərarın arxasında mütləq pis niyyət olduğunu düşünmək demək deyil. Bəs qız necə davranmalıdır? Atasının, yaxud valideynlərinin üzünə ağ olmalı, onların üstünə qışqırmalı, qapıları çırpmalı, evdə nə varsa qırıb-tökməlidirmi? Əlbəttə, yox.
Bizim milli-mənəvi tərbiyəmizdə valideynə hörmət xüsusi yer tutur. Valideynimizlə razılaşmaya bilərik, onun səhv etdiyini düşünə bilərik. Amma bunu ədəb çərçivəsində ifadə etmək mümkündür. Eyni zamanda, ata da qızını dinləməlidir. Çünki hörmət yalnız övladın valideynə göstərdiyi münasibət deyil. Valideyn də övladının hisslərini, düşüncələrini, narahatlığını anlamağa çalışmalıdır. İndi bu mənzərəni bir qədər genişləndirək. Bir tərəfdə müstəqilliyini və təhlükəsizliyini qorumağa çalışan Azərbaycan dövləti, digər tərəfdə isə dini inancını yaşamaq, təhsil almaq və öz gələcəyini qurmaq istəyən vətəndaşlarımız dayanır. Əlbəttə, dövlət ata, vətəndaş isə onun sözəbaxan övladı deyil. Dövlət hüquqi institutdur, vətəndaş isə konstitusion hüquqların daşıyıcısıdır. Amma bu bənzətmə bizə bir şeyi anlamağa kömək edir, bəzən qarşıdurma kimi görünən məsələnin arxasında bir-birini kifayət qədər dinləməyən, bir-birinin narahatlığını anlamayan tərəflər dayanır.
Mən məktəblərdə başörtüsü ətrafında yaranan mübahisəyə də bu prizmadan baxmağı təklif edirəm. Biz kiçik ölkəyik, amma müstəqilliyimizin dəyəri böyükdür Gəlin bir həqiqəti unutmayaq. Biz dünya xəritəsində ərazisinə və əhalisinin sayına görə böyük dövlət deyilik. Ətrafımızda bizdən qat-qat böyük əraziyə, əhaliyə, hərbi, siyasi və iqtisadi resurslara malik ölkələr var. Azərbaycan tarix boyu böyük güclərin maraqlarının toqquşduğu coğrafiyada yerləşib. 1813-cü ilin Gülüstan, 1828-ci ilin Türkmənçay müqavilələrini xatırlamaq kifayətdir. O dövrdə torpaqlarımızın taleyinə dair qərarlar imperiyaların maraqları əsasında verilirdi. Bəs biz bu tarixdən hansı nəticəni çıxarmalıyıq? Məncə, ən mühüm nəticə budur ki, Azərbaycan öz taleyini özü müəyyən etmək hüququnu heç bir xarici dövlətə güzəştə gedə bilməz. Bizi öz təsir dairəsinə almaq, öz siyasi və ideoloji kölgəsində saxlamaq istəyən qüvvələr tarix boyu olub. Belə cəhdlərin gələcəkdə də meydana çıxması ehtimalını nəzərə almalıyıq. Çünki coğrafiyamız dəyişmir. Qonşularımızın ölçüsü, resursları və regional maraqları da bir gündə yox olmur. Amma bizim dəyişən bir reallığımız var.
Bu gün Azərbaycan müstəqil dövlətdir. Biz bu müstəqilliyi asan qazanmamışıq. 1988-ci ildən başlayan milli mübarizəni, 20 Yanvar faciəsini, Birinci Qarabağ müharibəsini, torpaqlarımızın işğalını, məcburi köçkünlərimizi, 2020-ci ilin Vətən müharibəsini xatırlayaq. Nə qədər ana oğlunu itirdi? Nə qədər uşaq atasız böyüdü? Nə qədər ailə doğma yurdundan didərgin düşdü? Biz bu dövləti, onun müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün ağır bədəllər ödəmişik. Şəhidlərimizin qanı bahasına qoruduğumuz dövlətin gələcəyini hansısa xarici ölkənin siyasi, dini və ya ideoloji maraqlarına qurban verə bilmərik. İstər dini şüarlar altında, istər siyasi ideologiya adı ilə, istərsə də iqtisadi və informasiya təsiri vasitəsilə olsun, Azərbaycanın suveren qərarvermə hüququna müdaxilə cəhdlərinə qarşı həssas olmalıyıq. Amma burada çox mühüm bir məqam var. Dövlətimizin müstəqilliyini qorumaqla vətəndaşlarımızın hüquqlarını qorumaq bir-birinə zidd vəzifələr deyil. Əksinə, bu dövlətin müstəqilliyinin mənası həm də vətəndaşlarımızın öz torpaqlarında azad, təhlükəsiz və ləyaqətli yaşamasıdır. Biz dövlətimizi xarici təsirlərdən qoruyarkən öz insanlarımızı ondan uzaqlaşdırmamalıyıq. Çünki dövlətimizin ən böyük dayaqlarından biri də məhz vətəndaşlarımızın ona olan etimadıdır.
Şeytan başını örtərmi? Bir sual verim. Niyə də örtməsin?! Əgər məqsədi insanları aldatmaqdırsa, niyə özünü mömin kimi göstərməsin? Niyə müqəddəs dəyərlərin arxasında gizlənməsin? Niyə insanların dini həssasiyyətindən, inancından, göz yaşından istifadə etməsin? Axı hiyləgərliyin mahiyyəti də bəzən özünü olduğun kimi göstərməməkdir. Uşaqlığımızdan tanıdığımız “Tülkü həccə gedir” motivini xatırlayaq. Tülkü həccə gedən mömin obrazına bürünə bilər. Amma onun həqiqətən dəyişib dəyişmədiyini zahiri görünüşü deyil, niyyəti və əməli göstərər. Mən bu bənzətməni dini inanca qarşı deyil, dindən siyasi məqsədlərlə istifadə edən qüvvələrə münasibətdə işlədirəm. İranın dövlət ideologiyasında din mühüm yer tutur.
İranın regional siyasətində dini-siyasi təsir mexanizmlərinin mövcudluğu da araşdırılmalı olan ciddi təhlükəsizlik məsələsidir. Ancaq Azərbaycanda hər başını örtən qadını hansısa xarici dövlətin tərəfdarı kimi görmək olmaz. Bizim minlərlə inanclı qadınımız var. Onların arasında müəllimlər, həkimlər, tələbələr, analar, müxtəlif peşə sahibləri var. Onlar həm inanclıdırlar, həm də öz vətənlərinə bağlıdırlar. Başörtüsü hansısa ölkəyə, yaxud məzhəbə məxsus deyil. Hətta dini baxımdan fərqli düşünən qadınlar arasında belə başörtüsünü milli ənənə kimi istifadə edənlər var. Azərbaycanlı qadının başını örtməsi onun Tehrana bağlılığı demək deyil. Şeytan başını örtə bilər. Amma başını örtən hər qadının kölgəsində şeytan axtarmaq da........
