Yaltaqlığın SONU...
Bizi sosial şəbəkələrdən izləyin:
"O, bir həqiqəti anlamırdı: yaltaqlıqla qazandığın hörmət artıq yaltaqlığın da fayda vermədiyi yerdə yox olur…"
"Yalanla varlanmaq olar, amma vicdanı satın almaq olmaz. Namərdliklə adamların başına çıxmaq olar, amma onların qəlbində yer tutmaq olmaz..."
-Hekayəvari...-
...Gülbala Qayaaltı kəndində kasıb ailədə dünyaya gəlmişdi. Atası ömrü boyu alın təri ilə çörək qazanmış, anası isə evin dərdini, dolanışığın yükünü çiyinlərində daşımışdı. Gülbala uşaq vaxtı hamıya diribaş, zirək, hazırcavab görünərdi. Elə bil, bu uşağın alnına Allah tərəfindən xüsusi bir istedad yazılmışdı.
Amma bircə məsələ vardı: onun istedadı nə oxumağa, nə öyrənməyə, nə də zəhmət çəkməyə yönəlmişdi. O, adamın üzünə baxıb cibində nə olduğunu, vəzifəsinə baxıb sabah kimə çevrilə biləcəyini müəyyənləşdirməkdə mahir idi.
Gülbala hələ ibtidai sinifdə oxuyanda bir həqiqəti kəşf etmişdi: ağıllı olmaqdan daha sərfəlisi ağıllı görünmək, zəhmət çəkməkdən daha asanı zəhmət çəkənə yaxın durmaq, haqqını tələb etməkdənsə, haqq sahibinin ayaqqabısını silməkdir...
Məktəbdə əlaçı uşaqların ətrafında fırlanardı. Birindən riyaziyyatın həllini köçürər, o birindən inşa yazdırar, üçüncüsündən tarix dərsini əzbərləyərdi. Müəllim sinfə girəndə isə birdən-birə dünyanın ən intizamlı, ən tərbiyəli, ən vətənpərvər şagirdinə çevrilərdi. Müəllimin bir xoş sözü onun üçün bir illik əmək haqqından qiymətli idi...
Sinif rəhbərinin ad gününü hamıdan əvvəl xatırlayar, direktor müavininin çantasını daşımağa könüllü olar, direktorun qarşısında isə elə dayanardı ki, adam elə bilərdi, məktəbin nizam-intizamı Gülbalanın çiyinlərindədir...
Bir dəfə sinifdə müəllim soruşmuşdu:
– Uşaqlar, kim deyər, Mirzə Fətəli Axundzadə kimdir?
Gülbala dərhal əlini qaldırıb yanında əyləşən Kamala “qadan alım, mənə kömək et” pıçıldayaraq ayağa qalxdı. Əslində, Axundzadənin kim olduğunu, Azərbaycan ədəbiyyatında hansı xidmətlər göstərdiyini heç düz-əməlli bilmirdi. Amma müəllimin gözündə bilikli şagird kimi görünmək üçün fürsəti əldən vermək istəmirdi.
– Müəllim, Mirzə Fətəli Axundzadə... – deyib bir anlıq susdu.
Ona yazığı gələn sadəlöhv Kamal astadan pıçıldadı:
– Yazıçı, dramaturq, maarifçi... İlk Azərbaycan dramaturgiyasının banisi...
Gülbala dərhal Kamalın dediklərini öz sözləri kimi təkrarlamağa başladı. Kamal hər dəfə yerdən ona bir-iki cümlə ilə kömək edir, Gülbala isə özünü elə aparırdı ki, guya bütün bunları əzbər bilir.
Müəllim razılıqla başını tərpədib dedi:
– Afərin, Gülbala! Çox yaxşı hazırlaşmısan. Səndən əsl əlaçı çıxacaq!
Gülbala qürurla sinəsini qabağa verdi, yerinə oturanda isə Kamala tərəf dönüb pıçıldadı:
– Sağ ol, kişi! Sən olmasaydın, bu gün batmışdım...
Amma ertəsi gün gizlicə müəllimlər otağına girib Kamalın dərslərindən, guya intizamsızlığından, hətta onun haqqında müxtəlif şübhəli məsələlərdən danışan da elə Gülbala oldu.
Kamal isə bütün bunlardan xəbərsiz, yenə də onun növbəti dərsdə çətinliyə düşməməsi üçün kömək etməyə hazırlaşırdı.
Beləcə, Gülbala başqasının biliyindən özünə şöhrət, başqasının etibarından isə özünə pilləkən düzəldirdi. O vaxt heç kəsin ağlına gəlməzdi ki, bir gün bu kiçik məktəb xəyanətləri böyük vəzifələrdə daha böyük namərdliklərin başlanğıcı olacaq...
Məktəbi əla qiymətlərlə bitirdi. Diplomda yüksək qiymətlər, ürəyində isə bircə fikir vardı: növbəti pilləyə qalxmaq...
Universitetin tarix fakültəsinə də eyni üsulla daxil oldu. Tarixi öyrənmək üçün yox, tarix yazanların yanında olmaq üçün…
Mühazirələrdə professorların hər cümləsini təsdiqləyər, imtahanlarda dostlarının biliyindən bəhrələnər, müəllimlərin yanında isə özünü gələcəyin böyük sovet tarixçisi kimi təqdim edərdi.
Universiteti bitirib yenə də ona-buna yalmanmaqla Lenin muzeyində işə düzələndə artıq bir mühüm bacarığa yiyələnmişdi: hansı şəraitdə hansı portretin qarşısında necə dayanmağı bilirdi…
Amma zaman dəyişirdi…
Ölkədə azadlıq hərəkatı başladı. Dünənədək başqa cür danışanlar bu gün meydanlarda başqa cür şüarlar səsləndirirdilər. Gülbala da fürsəti əldən vermədi. Dünən Lenin muzeyinin ən sədaqətli işçisi olan, leninizmdən, kommunizmdən nitqlər söyləyən bu adam bir gecənin içində azadlıq carçısına çevrildi…
Torpaqlar........
