menu_open Columnists
We use cookies to provide some features and experiences in QOSHE

More information  .  Close

Klassik Şərq və klassik Azərbaycan ədəbiyyatının tədqiqatçısı: Pənah Xəlilov

8 0
29.08.2025

Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Pənah İmran oğlu Xəlilov 1 iyul 1925-ci il tarixində Borçalının Sadaxlı kəndində anadan olmuşdur. Filologiya elmləri doktoru (1969), professor (1971) Pənah Xəlilov ibtidai təhsilini dünyaya göz açdığı kəndində almışdır. 1934-cü il tarixində ailəsinin Gəncəyə köçmələrindən sonra, M.Ə.Sabir adına 5 saylı şəhər orta məktəbdə təhsilini davam etdirmişdir. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirmiş (1943-1948), həmin il təhsil aldığı universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspiranturasında (1948-1951) təhsil alaraq, “Böyük Vətən müharibəsi dövründə Azərbaycan şeiri” mövzusunda filologiya üzrə fəlsəfi doktoru dərəcəsi almaq üçün namizədlik dissertasiyasını yerinə yetirmiş və müdafiə etmişdir (1951-1969). Həmin kafedrada baş müəllim, dosent (1951-1969), SSRİ xalqları ədəbiyyatı tarixi kafedrasının müdiri (1969-1989) vəzifələrində çalışmışdır.

Professor Pənah Xəlilov işlədiyi universitetdə türk xalqları ədəbiyyatı kafedrasının təşkil edilməsinə nail olmuş, həmin kafedranın da müdiri vəzifəsində fəaliyyətini davam etdirmişdir. Təhsil sahəsində göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı” ilə təltif edilib. 1963-cü ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü qəbul edilmişdir. Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” Pənah Xəlilov 16 avqust 2019-cu ildə Bakıda vəfat etmişdir.

Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşmış Pənah Xəlilov “SSRİ xalqları ədəbiyyatı” (iki hissədə), Mir Cəlalla birlikdə qələmə aldığı “Ədəbiyyatşünaslığın əsasları”, “Sovet ədəbiyyatı”, “Kitabi-Dədə Qorqud” İntibah abidəsi”, “Əhməd Yəsəvi”, “Nizami Gənjəvi və SSRİ xalqları ədəbiyyatı”, “Dostluğun gücü”, “Türk xalqlarının və Şərqi slavyanların ədəbiyyatı”, “Əli və Nino problemləri”, “Nəsrimizin üfüqləri”, və s. monoqrafiya, dərslik, məqalələr toplusu və s elmi-nəzəri kitabların müəllifidir.

Elmi yaradıcılığı zəngin və hərtərəfli olan Pənah Xəlilov Azərbaycan ədəbiyyatının aktual problemlərini təqdim etməklə yanaşı dünya xalqlarının ədəbiyyatlarına da geniş yer ayırmışdır. Professor Pənah Xəlilov müəllifi olduğu iki hissədən ibarət olan “SSRİ xalqları ədəbiyyatı” kitabında Türk xalqları (özbək, türkmən, qazax, qırğız, tatar), fars dilləri qrupuna daxil olan xalqların (tacik), Slavyan xalqları (ukrayna, belorus), Qafqaz xalqları (gürcü, Dağıstan, hətta erməni), Pribaltika xalqları ədəbiyyatı (latış, litva, eston) və s. xalqların ədəbiyyatlarının qədim dövrlərindən tutmuş Sovet dövrü ədəbiyyatı da daxil olmaqla tədqiq etmişdir. Ədibin bu ədəbiyyatların inkişafı haqqında, folklor, aşıq poeziyasının incəliklərinə vararaq tədqiq etməsi, yazılı ədəbiyyat nümunələrini dövrlərə bölərək təhlil obyektinə çevirməsi aktuallıq kəsb edir.

Bədii tərcümə ilə də məşğul olmuş Pənah Xəlilov ispan yazıçısı Migel de Servantesin dünya ədəbiyyatında ən populyar əsər olan və özündə cəngavər və kələkbazlıq romanlarının və “çərçivələnmiş” povest konstruksiyalarının janr xüsusiyyətlərini cəmləyən “Lamançlı Don Kixot” əsərini, “Tarixin atası” sayılan Herodotun 9 kitabdan ibarət “Tarix” kitabını, “Yarıqulağın nağılı” adlı türkmən xalq nağılını və s. əsərləri tərcümə edərək anadilli oxuculara çatdırmışdır.

Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Pənah Xəlilov yaşayıb-yaratdığı Sovet hakimiyyəti illərində SSRİ xalqları arasında yaranmış əlaqələrə biganə qalmaması, həm də türkdilli xalqların ədəbiyyatına sevgi və ehtiramla yanaşması inkaredilməzdir. Pənah Xəlilov vahid sovet mədəniyyəti kontekstində Azərbaycan ədəbiyyatının özünəməxsusluğunu, keçdiyi inkişaf yolunu və ədiblərinin yaradıcılqlarının incəliklərini açıqlamışdır. Ədəbi əlaqələr fonunda Azərbaycan ədəbiyyatının özünəməxsus keyfiyyətlərini açıqlayan müəllifin elmi yanaşmaları bu gün də əhəmiyyət kəsb etməkdədir.

Ədəbiyyat tarixi problemlərinin tədqiqi

Pənah Xəlilov Azərbaycan ədəbiyyatşünaslığının nəzəri problemlərinə “Nəsrimizin üfüqləri” adlı məqalələr toplusunda nəzər salması diqqətdən yayınmır. “Nəsrimizin üfüqləri” məqalələr toplusu Azərbaycan ədəbiyyatşünaslığının aktual problemlərinin tədqiqinə həsr olunub. Məqalələr toplusunda əksini tapmış “Müsbət qəhrəmanlarımızın həyatı necə təsvir olunur”, “Nəsrimizin bir ili”, “Y.V.Çəmənzəminlinin obraz və proobrazları”, “Y.V.Çəmənzəminlinin hekayələri”, “Bədii nəsrdə təfsilatın əhəmiyyəti”, “S.Rəhimovun yaradıcılıq aləmi haqqında qeydlər”, “Şamo” romanında fərdiləşdirmə”, “Turaclıya gedən yol” romanı”, “Nəsrimiz və müasir kəndimiz” adlı məqalələrin adları müəllifin tədqiqinin hansı yöndə olmasına diqqəti yönəldir.

Azərbaycan ədəbiyyatının incəliklərini açıqlayan Pənah Xəlilov “Müsbət qəhrəmanlarımızın həyatı necə təsvir olunur” adlı məqaləsində Cəfər Cabbarlının əsərlərinin qəhrəmanları, xüsusilə də Gülüş və Almaz obrazlarının təqdimi maraq doğurur. Pənah Xəlilov bu tip qadın qəhrəmanlarının bədii ədəbiyyatdakı funksiyasına toxunaraq qeyd edir ki, “saydığımız surətlər klassik ədəbiyyatımızıin qadın qəhrəmanları ilə müqayisədə fəzada qanad açmağın ləzzətini görmüş körpə şahinlərdir”.

Pənah Xəlilov “Nəsrimizin bir ili” adlı məqaləsində 1963-cü ildə ictimaiyyətə təqdim edilmiş nəsr, xüsusilə də roman janrında qələmə alınmış əsərlər haqqında fikirlərini səsləndirir. Azərbaycan ədəbiyyatında özünəməxsus imzası olan İlyas Əfəndiyevin “Dağlar arxasında üç dost”, Əli Vəliyevin “Budağın xatirələri” və s. əsərlərin problematika və obraz baxımından təhlil edilərək təqdim edilməsi ədəbiyyatşünaslıq baxımından maraq doğurur.

Pənah Xəlilovun “Ədəbiyyatşünaslığın əsasları” kitabına yazdığı müqqədimədə də ədəbiyyatşünaslıq məsələlərinə aydınlıq gətirilməsi diqqətdən yayınmır. Pənah Xəlilov həmkarları kimi ədəbiyyatşünaslığın ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi və ədəbi tənqid kimi üç əsas şöbəsinin vəzifələrinə aydınlıq gətirir. Pənah Xəlilov ədəbiyyat tarixinin vəzifəsinə aydınlıq gətirərkən onun “ədəbiyyatın inkişaf tarixini öyrənmək, elmi ümumiləşdirmək, sistemləşdirmək” olmasını vurğulayır. Ədəbi tənqidi “müasir ədəbi prosesin yol yoldaşı” hesab edən Pənah Xəlilov, həm də ədəbi tənqidin müasir ədəbi inkişafa istiqamət verməsinə də toxunur. Ədəbiyyat tarixi və ədəbi tənqidə ciddi bir ədəbiyyatşünaslıq şöbələri kimi baxan Pənah Xəlilov, onları “ədəbiyyat nəzəriyyəsinə möhtac” şöbə kimi təqdim edir. Ədib bu fikrini əsaslandırmağa da nail olur. Pənah Xəlilov konkret şəkildə məhz ədəbiyyat tarixi və ədəbi tənqidin tədqiq metodunun prinsiplərinin ədəbiyyatın qanunauyğunluğunu tədqiq edən ədəbiyyat nəzəriyyəsi tərəfindən hazırlanması ilə əsaslandırır və qeyd edir ki, ədəbiyyat tarixi və ədəbi tənqidin “əsaslandığı müddəaların ədəbiyyat nəzəriyyəsində qəbul olunmuş müddəlardır”.

Pənah Xəlilov ədəbiyyatşünaslığın ədəbi tarix, ədəbi tənqid, ən əsası isə ədəbiyyat nəzəriyyyəsi kimi şöbələrinə münasibət bildirərkən, həmkarlarının, bir çox tədqiqatçıların tədqiqatlarına əsaslanır. Onun Aristotelin, Bualonun, ədəbiyyat nəzəriyyəsinin inkişafında rol oynamış XVIII əsr marifçilərinin, Rudiya ədəbi-nəzəri fikrinin tərəqqisində xidmətləri olan ədiblərin (Lomonosov, Radişev və s.), alman filosofu Hegelin təlimi və digərlərinin əsərlərinə, elmi nailiyyətlərinə əsaslana bilməsi bu sahəni dərindən bilməsini əks etdirir.

Pənah Xəlilov klassik nəzəriyyəçi alimlərin fikirlərinə tənqidi yanaşması, irad bildirməkdən çəkinməməsi ilə də diqqəti cəlb edir. Məsələn, dünya ədəbiyyatşünaslığında qəbul edilmiş ədəbiyyat haqqında nəzəri sistem yaratmış Aristotelin “Poetika” kitabına münasibət bildirən Pənah Xəlilov qeyd edir ki, “Aristotel də bəzən idealizmə qapılmış və bəzi nəzəri məsələləri bu cəbhədən həll etmişdir”. Pənah Xəlilov Bualonun “Şeir sənəti” kitabına da biganə qalmamış, klassisizmin qanunlarını ümüumiləşdirməsinə cəhd etmiş Bualonun bu əsərində olan çatışmamazlığa diqqəti yönəldir: “…o, (Bualo-S.Ş.) İntibah dövrü ədəbiyyatının zəngin təcrübəsinə biganə qalmış, antik şeiri isə dəyişməz ədəbi nümunə kimi götürüb, Aristotelin məlum müddəalarını müəyyən dərəcədə təkrar etməklə kifayətlənmişdir”. Pənah Xəlilov Bualonun bu əsərini özünəməxsus şəkildə dəyərləndirir: “Şeir sənəti” nəzəriyyə sahəsində yeni bir mərhələ aça bilməmişdir”.

Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşmış Pənah Xəlilovun Xətib Təbrizi, Mirzə Fətəli Axundzadə və digər Azərbaycan mütəffəkirlərinin ədəbiyyat problemləri, xüsusilə ədəbiyyat nəzəriyyəsi problemləri ilə əlaqəli fikirlərinə əsaslanaraq ədəbiyyat nəzəriyyəsinin aktual, qaranlıq məqamlarına aydınlıq gətirir.

Pənah Xəlilovun ədəbi əsərlərin məzmun və forma vəhdətinə aydınlıq gətirməsi diqqəti cəlb edir. Ədib “real varlığı əks etdirən bədii əsər müəyyən məzmunla formanın vəhdəti şəklində mövcud olmalıdır” fikrini səsləndirməklə bədii əsəri obrazlı təfəkkürün məhsulu kimi qəbul edir. Müəllifin əsərin məzmunu haqqında gəldiyi nəticə elmi dəyər kəsb edir: “bədii əsərin məzmunu dərk edilmiş, şəxsiyyətin xəyal süzgəcindən keçirilmiş, müəyyən fikri nailiyyət cəbhəsindən qiymətləndirilmiş idealdan ibarətdir”. Pənah Xəlilov əsərin ideyası və ya yazıçı qayəsinə də aydınlıq gətirir. Ədib bədii əsərin məzmununun “mürəkkəb və sintetik təcəssümü sayəsində müəyyən və konkret bir fikir hasil” olunmasını məhz ədərin ideyası və ya yazıçının qayəsi kimi dəyərləndirir. Bədii forma dedikdə isə, Pənah Xəlilov lakonik şəkildə fikrini izah edərək qeyd edir ki, “bədii əsərin dili, kompozisiyası, süjeti və s. bədii formadır”.

Pənah Xəlilovun Mir Cəlalla birlikdə ali məktəblər üçün qələmə aldıqları “Ədəbiyyatşünaslığın əsasları” dərsliyində ədəbi cərəyanların təqdimi, əruz vəzninin geniş şəkildə işlənməsi, ədib tərəfində isə forma və məzmun anlayışlarını, bədii üslub, metod və cərəyanların araşdırılması maraq kəsb edir. Pənah Xəlilov bədii əsərin məzmun və forma vəhdətinə aydınlıq gətirir. Romantik və realist kimi ədəbi metodları araşdırması, klassisizm, sentimentalizm, romantizm, tənqidi və sosialist realizmlər kimi ədəbi cərəyanların incəlyinə vara bilməsi, onlara məxsus xüsusiyyətlərə kamil ədəbiyyatşünas alim kimi münasibət bildirir.

Folklorşünaslıq problemlərinin tədqiqi

Pənah Xəlilov Azərbaycan xalqının folklor ənənəsinə biganə qalmadığını elmi yaradıcılığının tədqiqat obyektinə çevirmiş olduğunu əsərlərində göstərir. Ədibin “Elin əziz günləri” adlı məqaləsində xalqımızın milli bayramı hesab edilən “Novruz bayramı”na münasibəti maraq doğurur. Novruz bayramı haqqında başqa xalqların ədəbiyyatında, qədim abidələrdə yer almasını tədqiq edən Pənah Xəlilov vurğulayır ki, “Novruz bayramı haqqında Əbüreyhan Biruninin “Seçilmiş əsərləri”nin birinci cildində (Daşkənd, 1957) zəngin material vardır. Bu böyük alim hər şeydən əvvəl “Avesta” mətnində geniş əsatir sisteminə əsaslanıb bahar bayramını təbiətin dirilməsi haqqında qədim təsəvvürlərlə izah edir”. Professor Pənah Xəlilov Novruz bayramı haqqında əsatir və əfsanələrin yer almasını, xüsusilə də, Ə.Biruninin Novruz haqqında fikir və düşüncələrini məqalədə geniş şəkildə təqdim edir.

Pənah Xəlilov xalqımızın yaddaşına həkk olunmuş mövsüm nəğmələrini, xüsusən, əkinçilik nəğmələrinin Novruz bayramı ilə əlaqəsinə də toxunur. Pənah Xəlilov “azərbaycanlıların, Orta Asiya və Qazaxıstan xalqlarının” əkin mərasimi zamanı “müqəddəs qüvvələri, qoşqu heyvanlarını köməyə” çağırmalarını vurğulayır. Ədib “qoşqu heyvanı ilə boyunduruq yoldaşlığı motivi Orta Asiya əkinçilərinə məxsus nəğmələrdə öz əksini” tapmasına toxunaraq, “Holavar” mahnılarının mahiyyətini açıqlayır. “Holavar”ın konkret olaraq, “əkinçilik mərasimləri səxavətli təbiəti bütün xeyirxah qüvvələrlə əlbirlik şəraitində vəsf” etməsinə də aydınlıq gətirir.

“Kitabi-Dədə Qorqud” İntibah abidəsi” adlı monoqrafik tədqiqatda müəllifin qədim Türk bədii təfəkkürünün incilərindən olan “Kitabi-Dədə Qorqud” eposu haqqında geniş elmi yanaşması yer alır. Filologiya elmləri doktoru, əməkdar elm xadimi Samət Əlizadənin Pənah Xəlilovun “Kitabi-Dədə Qorqud” eposu ilə bağlı apardığı araşdırmanı yüksək dəyərləndirmişdir: “…filologiya elmləri doktoru professor P.Xəlilovun “Kitabi-Dədə Qorqud”– İntibah abidəsi” əsəri dədəqorqudşünaslığı zənginləşdirən, Azərbaycan tarixi filologiyasının müxtəlif məsələlərinə aydınlıq gətirən araşdırmalar sırasına daxildir”.

Pənah Xəlilov tədqiqatda “dədələrimizdən qalan ərməğandı – yer üzündə təkəm-seyrək tapılan dastanlardan biridi” kimi qəbul etdiyi “Kitabi-Dədə Qorqud” eposunu ayrıca tədqiqat obyektinə çevirmir, müqayisəli şəkildə “Avesta”, “Bilqamış”, “Mahabharata”, “Manas” kimi epos və dastanlarla müqayisəli şəkildə təhlil obyektinə çevirir. Müəllif Herodot, Firdovsi, Nizami Gəncəvi və digər klassiklərin qələmlərinə məxsus əsərlərlə də “Kitabi-Dədəd Qorqud” eposu arasında müqayisələr aparması da təqdirəlayiq, müəllifin ədəbiyyata, tarixə dərindən bələdliyini əks etdirməsi qürurvericidir.

Pənah Xəlilovun dastanın adı və Dədə Qorqudun şəxsiyyəti haqqnda fikirləri, “Qorqud dədələr nəslini təmsil edir” qənaətini səsləndirməsi, Oğuz ellərinin təqdimi, xüsusilə də Oğuz sözünün etimologiyasına aydınlıq gətirilməsi və s. yer alır.

Pənah Xəlilov Dədə Qorqudun obrazını və missiyasını bir cümlə ilə izah etməyə nail olur: “Dastanımızın bu müdrik adamı insanları pisliklərdən uzaqlaşdırmaq üçün onları insafa, ədaləti qorumağa çağırır”.

“İntibah dövrü abidəsi” adlandırdığı “Kitabi Dədə Qorqud” eposunu hind əfsanələri ilə müqayisəli şəkildə tədqiq edən Pənah Xəlilovun yanaşma üsulu maraq doğurur. Müəlli “Kitabi Dədə Qorqud” eposundakı “Duxa Qoca oğlu Dəli Domrul” boyu ilə “Mahabharata” dastanı, “Dirsə xan oğlu Buğac” boyu ilə yeni eradan əvvəl II əsr hind hökmdarı Aşoka və onun oğlu haqqında əfsanə ilə müqayisəli şəkildə tədqiq və təhlil edilməsi tarixi abidələr arasındakı oxşar və fərqli cəhətlərin olmasına diqqəti yönəldir. Müəllifin özü bu müqayisəli araşdırmanın ədəbiyyatşünaslığımızda bir ilk olmasını da vurğulayır: “Ədəbiyyatşünaslığımızda ilk dəfə üzə çıxartdığımız bu əlaqələrin qarşılıqlı köklərini bir məqalədə işıqlandırılmaq üçün əvvəlcə yalnız insan və ölüm motivi üzərində dayanırıq”.

Pənah Xəlilov “Mahabharata”nın “Sevən və sədaqətli arvad olan Savitri haqqında dastan” fəslindəki Satyavan (ər) və Savitri (arvad) ilə “Kitabi Dədə Qorqud” eposundakı “Duxa Qoca oğlu Dəli Domrul” boyundakı Dəli Domrul və onun xanımı arasındakı oxşar və fərqli məqamlara nəzər salır. Tədqiqatda diqqəti cəlb edən məqamlardan biri də Bamsı Beyrək boyunun həm ilk aşiqanə dastanımız, həm də ilk dramatik-psixoloji poemamız kimi təqdim edilməsidir. Pənah Xəlilov Bamsı Beyrək boyunun poema hesab edilməsini qəribə sayılmasını vurğulamaqla eposun “bütövlükdə nəsrlə şeirin qovuşuğundan” ibarət olmasını qeyd edir. Müəllif onu da vurğulayır ki, “Kitabi Dədə Qorqud”da “Baybura oğlu Bamsı Beyrək” boyundakı rastlaşılan dramatizm, psixoloji dərinlik “Qazan xan oğlu Uruzun dustaqlığı”, “Qanlı Qoca oğlu Qanturalı” boyularında da özünü göstərir.

Pənah Xəlilov ədəbiyyatşünaslıqda bəzi qədim abidələrin müxtəlif xalqlar tərəfindən özünküləşdirilməsi, yəni bir neçə xalqın ədəbi yadigarı kimi tanınması probleminə aydınlıq gətirməsi, türkdilli xalqların ədəbiyyatının xüsusi öyrənilməsinin əsas səbəbi kimi göstərməsində haqlıdır. Pənah Xəlilov bu ədəbi yadigarları ilk növbədə, həmin xalqların həyatındakı birlik və müştərəkliyin nəticəsi kimi təqdim edir və vurğulayır ki, “Azərbaycan ədəbiyyatşünasları “Avesta”nı, Herodotun yazıya köçürdüyü “Tomiris” əfsanəsini Azərbaycanın qədim tarixi və etiqadı ilə bağlayırlar. Tacik ədəbiyyatşünasları isə “Avesta”nı fars-tacik ədəabiyyatının ən qədim nümunəsi kimi şərh edirlər. Özbək ədəbiyyatşünaslarının fikrincə, “Toma ris” (“Tomris”) əfsanəsi qədim özbəklərdən bəhs edir”.

Dünya ədəbiyyatşünaslığında olduğu kimi, Azərbaycan ədəbiyyatşünaslığında da qırğız xalqının tarixi keçmişini, adət-ənənələrini əks etdirən “Manas” eposu diqqəti mərkəzində olmuşdur. Professor Pənah Xəlilov həmkarları Çokan Vəlixanov, Vasili Radlov və digər tədqiqatçılar kimi müxtəlif versiyaları bəlli olan “Manas” eposu haqqında tədqiqatlar aparmışdır. P.Xəlilov “Manas” haqqında düşüncələrində onun keçdiyi inkişaf yolu göz önündə canlandırır: “Qırğız dastanı “Manas”ın formalaşması uzun sürmüşdür. Onun tarixi fonu Orxon-Yenisey abidələrində həkk olunmuş hadisələrdən başlayıb XV-XVI əsrlərə gəlib çatır. Dastanda xatırlanan Ozübek (özbək) qazax qəbilələri yalnız XV-XVI əsrlərdə bu adla tanınmışlar”.

Şərq klassik ədəbiyyatının tədqiqi

Pənah Xəlilovun yaradıcılığında Türk dünyasının klassikləri haqqında tədqiqatları və araşdırmaları maraq doğurur. Onun Əhməd Yəsəvi, Yunus Əmrə, Qazi Bürhanəddin, Məhəmmədhüseyn Şəhriyar və digər söz xiridarlarına elmi yanaşması bu gün də aktuallığını qorumaqdadır.

Müasir dövrdə Əhməd Yəsəvi Orta Asiya xalqlarının mədəniyyətini birləşdirən mühüm bir amilə çevrilmiş, ərəb və fars dillərini mükəmməl bilmiş, öz görüşlərinin təbliğində isə əsasən milli dilə üstünlük verməsi ilə diqqəti cəlb edən Əhməd Yasəvinin Pənah Xəlilov tərəfindən “əfsanələşdirilib müqəddəsləşdirilən sufi şairdir -türklərin ilk sufisidir” kimi təqdimi ədibə verilən dəyərdir. Həqiqətən də, Əhməd Yəsəvi Orta Asiya xalqlarının ədəbiyyat və dillərinin inkişafına təsir göstərmiş yazar və dilçi, dərin biliklərə malik filosof və dini xadim kimi tanınmaqdadır. Əhməd Yəsəvinin bədii yaradıcılığı janr və bədii üslub axtarışları ilə səciyyələnir. Əhməd Yəsəvi Orta əsr klassik janrların elementlərinin folklora xas janrların elementləri ilə birgə istifadə etməsinə üstünlük verir. Bununla da, Əhməd Yəsəvi Orta Asiya xalqlarının ədəbiyyatlarında özəl janr sistemlərinin formalaşmasına təkan verir. Əhməd Yəsəvi özü qələmə aldığı mənzumələri, şeirləri hikmət adlandırmışdır. Qeyd etmək olar kı, hikmət Əhməd Yəsəvi yaradıcılığında metajanr kimi çıxış edir. Pənah Xəlilov Əhməd Yasəvinin yaradıcılığında əsas janrların hansı olmasına da aydınlıq gətirərək qeyd edir ki, “Ə.Yasəvi irsi........

© dibace.net