Füzuli Yaradıcılığına Bir Baxış
Böyük Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) yaradıcılığı təkcə türk dünyasında deyil, bütövlükdə Yaxın və Orta Şərq çevrəsində, o cümlədən onun hüdudlarından kənarda da sevilən, özünün poetik fikir siqləti, bədii-fəlsəfi düşüncə orijinallığı və heyrətamizliyi ilə oxucu qəlbinə yol tapan bir sənət nümunəsidir.
Məlum həqiqətdir ki, bədii yaradıcılığın (demək olar ki, bütün yaradıcılıq sahələrinin) inkişaf və təkamülündə ənənə və novatorluq iki qoşa qanad kimi iştirak edir. Ənənə zaman-zaman formalaşan tarixi təcrübədən faydalanmaqla sənətkarın bədii zövqünün, özünüifadə imkanlarının bəlli bir səviyyəyə çatmasında mühüm rol oynadığı kimi, novatorluq da onun fərdi poetik dünyasına xas olan səciyyəvi məqamların aşkara çıxaran ən zəruri ədəbi, nəzəri-estetik kateqoriya hesab olunur.
Bu mənada Məhəmməd Füzuli kimi nəhəg söz ustası da daxil olmaqla, bütün klassik sənətkarlar özlərinə qədərki ədəbi təcrübədən, o cümlədən əsrlər boyu təşəkkül tapan qabaqcıl yaradıcılıq ənənələrindən əxz olunan yaradıcılıq məziyyətlərini sözün yaxşı mənasında bir ədəbi irs və varislik prinsipi kimi davam və inkişaf etdirmişlər.
Xaqani Şirvani, Nizami Gəncəvi, Yunus Əmrə, Qazi Bürhanəddin İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Həbibi kimi qələm və poetik düşüncə sahibləri bu mənada Məhəmməd Füzulinin sənət dünyasının mükəmməl şəkil almasında müstəsna rol oynayan əsas simalar hesab olunur.
Klassik poetik ənənələrin davam və inkişaf etdirilməsi ilə yanaşı, bədii mətnə yeni məzmun və ideya-estetik özünəməxsusluq gətirmək də tələb olunur. Əks təqdirdə təqlidi-epiqon şeir labrintindən yaxa qurtarmaq mümkünsüz bir bəlaya çevrilə bilər. Məhəmməd Füzuli bu yolla mükəmməl, bənzərsiz və təkrarsız yaradıcılıq yolu keçən bir sənətkardır.
Dövrün tələb və normaya çevrilən yaradıcılıq ənənələrinə əməl etməklə bərabər, poetik struktura yeni məna və düşüncə çalarları gətirmək də sadə bir məsələ deyil. Ancaq böyük dühalar və sənət sahibləri kimi, Məhəmməd Füzuli bu çətin yaradıcılıq axtarışlarında əsaslı yeniliklərə nail olan qüdrətli qələm sahiblərindən biri kimi ədəbiyyat tarixində iz qoyan, beş əsr öz əsrarəngiz yaradıcılığı ilə əbədi yaşamaq hüququ qazanan nadir sənətkarlardan biri olaraq lirik-rübabi, epik-fəlsəfi şeirin dünya ədəbiyyatında böyük ustadı hesab olunur.
Məhəmməd Füzuli yaradıcılığı özünün ədəbi növ və janr əlvanlığı ilə seçilir. Doğma ana dili ilə yanaşı, ərəb və fars dilində şairin mükəmməl divan yaratmaq təcrübəsi əslində lirik şeirin imkanlarını üç dildə ifadə etmək iqtidarını da kifayət qədər nümayiş etdirirdi.
Ancaq onu da qeyd etmək lazımdır ki, Füzuli irsi və külliyyatı yalnız divan yaradıcılığı ilə də məhdudlaşıb qalmır. Epik növdə qələmə alınan nümunələr, nəsr əsərləri, tərcümələr, etik-fəlsəfi sənət örnəkləri də Füzuli dühasının zənginliyindən və qüdrətindən xəbər verir.
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Məhəmməd Füzulinin poetik dühasına, yaradıcılıq dünyasına maraq elə sənətkarın yaşayıb-yaratdığı dövrdən başlanmış, onun sənət möcüzələri hesab olunan əsərlərini elmi-nəzəri müstəvidə təhlil etmək bu gün də mütəşəkkil şəkildə davam və inkişaf etdirilməkdədir.
Bir məsələni də xatırlatmaq lazımdır ki, Füzulidən bəhs edən müəlliflərin əksəriyyəti onun çox vaxt müəmma, sehr və möcüzə kimi qiymətləndirilən yaradıcılıq dünyasından və məziyyətlərindən bəhs etməyin çətinliyini, əlçatmazlığını həmişə səmimi etiraf etmişlər.
Belə məqamlarda Füzuli sənətini ədəbi dil və linqvo-poetik baxımdan araşdıran tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Samət Əlizadənin bu xüsusda vaxtilə gəldiyi obyektiv bir qənaəti burada xatırlamaq yerinə düşür: “Füzulini şərh etmək!” Bu sözlər çox qəribə səslənir. Axı, bu bir adamın işi deyil. Belə bir işə başlamaq üçün dahi sənətkarın mənimsədiyi elmi-fəlsəfi biliklərə yiyələnməli, klassik Şərq şeirinin sirlərinə, incəliklərinə, metodoloji prinsiplərinə dərindən bələd olmalı və ən başlıcası, yüksək dərəcədə inkişaf etmiş bədii-estetik zövqün olmalıdır
Füzulini şərh etmək! Bu ona bənzəyir ki, kiməsə günəş bağışlamaq istəyirsən, ancaq əliboş gedirsən: hərarəti öz qəlbində qalır, nuru gözlərində…
Füzuli dəryadır!”[1]
Füzuli dəryasına baş vuran, onun dərin mənalı söz incilərini üzə çıxarmağa cəhd və təşəbbüslərin ilk nümayəndələri elə böyük sənətkarın öz müasirləri olan təzkirəçilər müəllifləri idi. Bu baxımdan Lətifinin “Təzkirətüş-şüəra (1546), Sam Mirzənin “Töhfeyi-Sami (1550) təzkirəsindən başlanan, Füzulinin oğlu Fəzlinin müasiri və dostu olan Əhdi Bağdadinin “Gülşəni şüəra” (1563), Türkiyə, İran, Hind və Azərbaycan təzkirəçilərindən Şah İsmayıl Xətainin farspərəst ortancıl oğlu Sam Mirzənin “Töhfeyi-Sami” (1550), alim, şair və rəssam Sadıqbəy Sadiqi Əfşarın “Məcməül-xəvas”a (1598) qədər çoxsaylı mənbələr füzulişünasünaslığın ilk mənbələri hesab oluna bilər.
Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Füzuli irsinin tədqiqi Azərbaycan, Türkiyə, Yaxın və Orta Şərq, o cümlədən Qərbi Avropa kimi geniş hüdudlarda aparılmış, beləliklə, zaman-zaman fizulişünaslıq ayrıca bir elmi istiqamətə çevrilmişdir.
Azərbaycan professional elmi-nəzəri fikrində Məhəmməd Füzuli haqqında fikir söyləyənlərdən biri Mirzə Fətəli Axundzadə olmuşdur. O, tənqidi ruhda qələmə aldığı “Nəzm və nəsr haqqında” məqaləsində indi də mübahisələrə yol açan, müxtəlif istiqamətlərə və mənalara yozula biləcək mülahizələri ilə yadda qalır: “Bəhər surət. türk arasında dəxi bu zamana qədər mütəqqədimindən şair olmayıbdir. Füzuli şair deyil və xəyalatında əsla təsir yoxdur; ancaq nazimi-ustaddır. Amma ən əyyami-səyahətimdə səfheyi-Qarabağda Mola Pənah Vaqifin bir para xəyalatını gördüm ki, zikr etdiyim şərt bir növ ilə onda onda göründü və dəxi Qasım bəy Sarucaluyi-Cavanşirə düçar oldum ki, əlhəq türk dilində onun mənzumatı mənim heyrətimə bais oldu.”[2]
Mirzə Fətəli Axunzadənin bu mülahizələrinin mahiyyətində dayanan mətləbləri ilk dəfə yozum və təfsirini verənlərdən biri Cəfər Cabbarlı olmuş, o Füzulinin Azərbaycan ədəbiyyatına verdiyi töhfələrlə yanaşı, şairin poetik irsinin uzun müddət milli ədəbi düşüncəni öz sehri və tilsimi altında saxladığını,........
© dibace.net
