BANKOMATIN SƏRGÜZƏŞTİ
Kadzio Simadzaki həmkarı Sadzanami Mori və Toson Sudzukiyə təlaşla dönüb dedi:
– Siz onu Azərbaycan dilində proqramlaşdırmalısınız. Aydındır? Başqa heç nə bilmək istəmirəm.
Toson Sudzuki Sadzanami Moriyə baxıb çiyinlərini çəkdi. Sonra təəccüblə Kadzio Simadzakidən soruşdu:
– Məgər onlarda ingilis dili işlədilmir? İngilis dili oralarda başa düşülmür?
Kadzio Simadzaki çiyinlərini çəkib dedi:
– Dəqiq bilmirəm. İngilis dilini də proqrammlaşdırmalıyıq. Amma, bizə sifariş verən şirkət onun məhz Azərbaycan dilində də proqramlaşdırılmasını istəyir. Azərbaycan və ingilis dilləri ilə yanaşı, orada yaşayan digər xalqların dillərində də proqram yazılması da müqavilədə əksini tapmışdır.
Sadzami Mori maraqla soruşdu:
– Yenə hansı dildə proqramlaşdırma lazımdır? Hazır proqramlarımız olsa, işimiz çətin olmaz. Vaxt az itirərik.
Kadzio Simadzaki başını narazı-narazı bulayıb dedi:
– Təəssüf ki, yoxdur. İnanmıram, hazır proqramlarımız olsun. O dillər orda yaşayan millətlərin dilləridir. Aydındır.
Toson Sudzuki maraqla Kadzio Simadzakiyə baxıb soruşdu:
– Onlar kimlərdi?
Kadzio Simadzaki günah iş görmüş insanlar kimi utandı, sakitcə çiyinlərini çəkib dedi:
– Əzbər bilmirəm. Qeydiyyat jurnalına qeyd olunmamış olmaz. İndi baxıb deyərəm.
Kadzio Simadzaki yazı masasına tərəf getdi. Masanın üzərinə qoyduğu yaşıl üzlü jurnalı əlinə aldı. Həmkarlarına tərəf dönüb baxdı. Sonra isə sakitcə jurnalı vərəqləyib qeyd olunmuş yazıları gözdən keçirdi. Qeyd olunanlar içərisində axtardığını tapıb sevincək dedi:
– Qeyd edin. Proqramlaşdırma üçün sizə lazım olacaq dillər hansılardır. Əvvəla, Azərbaycan dili, çin dili, yapon dili, sonra ingilis, türk, rus, alman, fransız, ispan, ərəb, fars, təbii ki, ən vacib amillərdən biri də, orada yaşayan millətlərin dillərinin əksini tapması əsas şərtlərdən biridir. Əsasən bu dillərdə aparat proqlamlaşdırılmalıdır. İstehsala buraxacağımız aparat, əsasən o dillərdə düşünən insanların fikirlərini oxuya bilməlidir. Ona görə də proqramları nəzərdən keçirin, olmayanları tərtib edin.
Sadzami Mori həmkarı Kadzio Simadzakinin sözlərini təsdiqləyərək dedi:
– Elədi. Biz artıq 2039-cu ildə yaşayırıq. Elm, texnika inkişaf edir. Bu aparat bizim ən son nailiyyətlərimizdən biri hesab oluna bilər.
Toson Sudzuki qürurla Sadzami Morinin yanında dayanıb dedi:
– Bu son nailiyyətimiz hamının marağına səbəb oldu. Bu aparatın kütləvi seriyada buraxılışı da bundan doğur. Artıq bizim məhsulumuza dünya bazarlarında ehtiyac duyulur. Qürur duyulası bir haldır.
Kadzio Simadzaki gülümsəyərək yoldaşlarına baxıb dedi:
– İşinizi tezləşdirin. Bu aparatın azəricə interfeysimini yaratmalıyıq. İşimiz çoxdur. Yoxsa çatdıra bilmərik.
Toson Sudzuki və Sadzami Mori Kadzio Simadzakiyə cavab verməyib işləri ilə məşğul olmağa başladılar…
*****
Kadzio Simadzaki aparatı sifariş etmiş Beynəlxalq Azərbaycan Bankının səlahiyyətli nümayəndəsi Şaban İsmayıllıya zəng edib sifariş verdikləri aparatın artıq Azərbaycana yola salındığını xəbər verdi. Onu da xüsusi qeyd etdi ki, aparat haqqında bütün detallar və onun işə salınma mexanizmi, işlədilmə üsulları kitabçada yazılıb. Aparatın adı «Taro» olduğunu deyəndə Şaban İsmayıllı aparatın məhz niyə «Taro» adlanması ilə xüsusi maraqlandı. Onda Kadzio Simadzaki bir müddət susmuş, sonra yavaş səslə demişdi:
– Cənab Şaban Qulamoğlu, bir az Sizin vaxtınızı alacağam. Amma maraqlı sual verdiniz. Qulaq asın. Bizim şifahi xalq ədəbiyyatımızda cəsur və qoçaq – əjdaha oğlu Taro haqqında maraqlı nağıl var. Anası sehirli qüvvələrin təsiri ilə ağ ilana çevrilmişdir. Taro çox mübarizələr aparandan sonra anasını xilas edə bilməklə yanaşı, nəhəng dağı dağıdır ki, əkinçilərə su gəlsin. Anasının və xalqının xilaskarına çevrilir. Bu baxımdan aparatın adını «Taro» qoymuşuq.
Şaban İsmayıllının dillənmədiyini görüb peşiman-peşiman soruşdu:
– Bilirsiniz, biz bu aparatın seriyasını bu cür adlandırmışıq. Əgər sizi narahat edən bir problem varsa deyə bilərsiniz. Bəlkə o söz sizin dildə gözəl səslənmir?
Şaban İsmayıllı nəzakət xatirinə dedi:
– Yox. Ehtiyac yoxdu. Daha ad qoymusunuz. Amma bizim də nağıl qəhrəmanlarımız çoxdu. Neyliyək, olan olub. Ancaq bir şərtim var, o biri seriyanı biz adlandıracağıq.
Kadzio Simadzaki razılığını bildirdikdən sonra sağollaşdı:
– Olar. Görüşənə qədər.
Şaban İsmayıllı telefonun qalaqrammasını keçirib əllərini sıxdı. Sonra səliqə-sahmanı göz oxşayan kabinetini diqqətlə nəzərdən keçirdi. Qalxıb pəncərənin qarşısına gəldi. Pəncərədən yağan yağışa baxıb dərindən nəfəs aldı. Sonra keçib yerində əyləşdi. Telefon dəstəyinin düyməsini basıb nömrəni diktə etdi. Telefonun qalaqrammasından işçisi Lamiyə Şaban İsmayıllını görüb dedi:
– Şaban müəllim, buyurun, Sizi dinləyirəm.
Şaban İsmayıllı Lamiyəyə əmr etdi:
– Kərimliyə de, bu gün Yaponiyadan gələn aparatı qarşılasın və quraşdırılmasını təşkil etsin.
Lamiyə baş üstə deyən kimi Şaban İsmayıllı telefonun qalaqrammasını söndürdü. Dərin nəfəs alıb dəridən olan kreslosuna yayxanıb öz-özünə dedi:
– İndi, pul oğurlasınlar, görüm necə oğurlayırlar?
Şaban İsmayıllı eksperimental olan bu aparatı şəhərin insanların sıx olduğu meydana yerləşdirəcəkdir. Bu meydanda yerləşdirilmiş əvvəlki bankomatdan bir neçə dəfə oğurluq hadisəsi baş vermişdi. Bankomatdan külli miqdarda pul çıxarılmışdır. İndi son texniki nailiyyətə malik olan aparatın bu meydançaya qoyulması Şaban Qulamoğlunu sevindirirdi. Oğurların vəziyyətini təsvir edib ürəkdən qəh-qəhə çəkib güldü. Katibə şefinin otağında səs eşitcək yerindən qalxıb kabinetin qapısını döyüb içəri girdi. Qapının ağzında dayanıb nazlana-nazlana soruşdu:
– Şaban, nə isə lazımdır?
Şaban İsmayıllı katibəni başdan ayağa süzüb dedi:
– Seva, qəhvə gətir, sonra da qapını bağla, kürəklərimi masaj et.
Sevinc nazlana-nazlana otaqdan çıxdı. Bir az keçmiş qəhvəni gətirib masanın üzərinə qoydu. Qapını arxadan bağlayıb şefinin kabinetinin arxasındakı otağa keçdi…
*****
Şaban İsmayıllının tapşırığı ilə Yaponiyadan gələn «Taro» adlı aparatı bankın şəhərin mərkəzi meydanında olan binasının qarşısına yerləşdirdilər.
«Taro» zavodda proqlaşdırılmış proqramın əksinə olaraq burada rastlaşdığı mənzərədən hələ özünə gələ bilmirdi. Hələ qutuda olarkən hara yerləşdiriləcəyini özünə dərd etmişdi. Qutudan çıxanda gördüyü mənzərə onu məst etmişdi. Ətrafını seyr edib onu yerləşdirən fəhlələrə baxırdı. Fəhlə bankomata baxıb düşünürdü:
– Kaş mənim olaydın. Evdə ac balalarımı doyunca yedizdirərdim.
Bankomat fəhlənin fikirlərinə gülüb düşündü:
– Bədbəxt, mən pul istehsal edirəm? Mən adi bir dəmir parçasıyam. Sizin kimi bəndələr pul qoyur, mən də paylayıram. Nə artıq, nə əskik pul verirəm. Hamısı qəpiyinə qədər hesablanır. Bir əyər-əksiklik olsa əgər, birbaşa metalona gedərəm.
«Taro» fəhlələrin işlərini nə vaxt bitirəcəklərini və nə vaxt işə düşəcəyini səbirsizliklə gözləməyə başladı. Yerləşdirildiyi məkanda əhali çox idi. «Taro» qarşısından keçən yaşlılara, gənclərə, uşaqlara baxıb düşünürdü:
– Mən də düşünürdüm ki, müsəlman ölkəsinə gedəcəm. Gənclərin əyin başlarına baxmaq olmur. Görən o qız don geyinib, yoxsa sadəcə mayka? Bu qızdı yoxsa oğlan? Yox deyəsən oğlandı? Bəs o damağında siqaret olan kimdi? Kamera məni aldatmırsa, qızdı deyəsən. Müsəlman ölkəsində qızın damağında siqaret? Qloballaşmanın təsiridi. Yoxsa qloballaşma budu?
İlk andan hər şey «Taro» üçün maraqlı görünürdü. Hələ Yaponiyada aparata yaddaş yüklənəndə elə düşünürdü ki, hər şey onun üçün müsəlman ölkəsi olan Azərbaycanda cansıxıcı olacaq. Proqramın yaddaşında müsəlman ölkələrində qadınların yalnız üzü görünürdü. Amma hər şey yüklənmiş proqramın əksinə idi. Görünür ki, buralarda darıxmayacaq.
Bankomatı düşüncələrdən pul gətirmiş inkassatorlar ayırdılar. Onlar bankomata pulu qoyub bir-biriləri ilə şit zarafat edirdilər. Alçaqboylu, kök kişi yanında dayanan yoldaşına deyirdi:
– Qərib, gəlsən bankomatı pulla bir yerdə oğurlayaq.
Qərib iş yoldaşına baxıb qəhqəhə çəkərək gülüb dedi:
– Pis olmaz.
Amma bankomat onların fikirlərini oxuyub öz-özünə gülməyə başladı. Qəribin yoldaşı haqqında fikirləşdiyi biədəb düşüncələrə əsəbləşdi də. Qərib dilində başqa söz desədə, başqa şey fikirləşmişdi:
– Duxun var, oğurla. Kişilənməyinə bax, bir bunun… Guya hamı bilmir, bu nəylə məşğuldu. İndi mənim üçün kişi olub, adını kişi qoyub. Kişidi bu…
Alçaqboylu, kök adamsa Qəribə baxıb düşünürdü:
– Krısa. Əlini cibinə salıb bir şey almaz. Elə bil daş parçasıdı.
Onlar pulları yerləşdirdikdən sonra Qərib dedi:
– İşimiz bitdi. Nahar edə bilərik.
Alçaqboylu, kök kişi Qəribə baxıb dedi:
Bəlkə gedək lahmacun yeyək? Qərib saatına baxıb cavab verdi:
– Yox, yox. Sən get ye. Mənim işim var.
Bankomat alçaqboylu, kök kişinin sonuncu «krısa, əlini cibinə salıb bir şey almaz. Elə bil daş parçasıdı» sözlərini xatırlayıb fikirləşməyə başladı. İnsanların bir-biriləri haqqında nə düşündükləri onun üçün maraqlı idi. Axı bu bədbəxt gombul Qəribi özü niyə qonaq etmir, ondan nə isə umurdu? Qəribin ona borcumu var? Hər gün ona niyə lahmacun almalıdır? Özü də Qərib ona niyə hər gün yemək almalıdır? Bir dəfə alar, iki dəfə alar. Səni nədir, öhdəçiliyə götürüb, bədbəxt Qərib. Onun da öz ailəsi var, arvad-uşağı var. Pul kəsmir… Bir qarının ona yaxınlaşdığını gördü. Diqqətlə qarını süzdü. Nimdaş paltar geyinmiş qarının fikirləri onu qəmləndirdi:
– İndi bankomatda pul olsa, təqaüdümü götürüm. Doxsan manatın altmış manatını ev kirayəsi, su pulu, qaz pulu, işıq puluna ödəyim. Qalır otuz manatım. Yəni, günə bir manat. Onun qırx qəpiyi hər gün çörəyə. Keçən ay şəkər almışdım. Bu ay almayacağam. Keçən aydan artırdığım iki mAnatın da üstünə üç manat qoyum rəhmətlik kişiyə dua oxudum. Hər ay dua oxuda bilməsəm də, heç olmasa bayramdan bayrama dua oxutdurum. Qəbir üstünə tanış molla aparanda da qəbirstanlığın mollaları dava salırlar. Axırıncı dəfəki, lap biabırçılıq oldu. Apardığım yazıq mollanı döydülər. Ona görə də üzüm gəlmir, həmin mollaya bir də deyəm, gəl mənimlə qəbir üstünə çıx. Oxuduqları da bir şey ola. Onları ora kim buraxıb. Onların oxuduqları duadan heç dua oxunmasa artıqdı. Səhv oxunan dua özü günahdı. Özləri də beş manatdan az pul verəndə deyinirlər. Bu nədi? A........
© dibace.net
