Heydər Əliyev dühasından İlham Əliyev Zəfərinə
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi əbədi yaşayacaq. Bu gün yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbəni deyil, xalqımızın onilliklər boyu yaşadığı ağrıların, itkilərin, məcburi köçkünlük həyatının və doğma torpaqlarına qayıtmaq həsrətinin sona çatmasını ifadə edir. Zəfər Azərbaycanın öz taleyini öz iradəsi ilə müəyyənləşdirdiyi, milli ləyaqətini və dövlətçilik gücünü bütün dünyaya nümayiş etdirdiyi möhtəşəm tarixi hadisədir.
Azərbaycanın bu qələbəsi təsadüfi deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü ordu quruculuğunun, iqtisadi inkişafın, milli birliyin və prinsipial diplomatiyanın məntiqi nəticəsidir. Bu tarixi yolun təməlində isə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dövlətçilik fəlsəfəsi və Azərbaycanın gələcəyinə dair strateji baxışları dayanır. Heydər Əliyev müstəqil dövlətin möhkəmlənməsinin, milli maraqların qorunmasının, iqtisadi qüdrətin artırılmasının və güclü ordunun yaradılmasının əhəmiyyətini dərindən anlayırdı. Onun müəyyən etdiyi dövlətçilik yolu Azərbaycanın gələcək uğurları üçün mühüm zəmin yaratdı. Prezident İlham Əliyev isə bu siyasi kursu davam etdirərək ölkəmizin hərbi, iqtisadi və diplomatik imkanlarını gücləndirdi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasını dövlət siyasətinin əsas strateji məqsədinə çevirdi.
1988-ci ildən başlayan Qarabağ hadisələri Azərbaycan xalqına ağır faciələr yaşatdı, yüz minlərlə insan doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə ciddi zərbə vuruldu. Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı uzun illər qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Buna baxmayaraq, xalqımız öz tarixi torpaqlarından heç vaxt vaz keçmədi və işğalın sona çatması Azərbaycanın dövlət siyasətində əsas prioritet olaraq qaldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məqsəd sistemli dövlət strategiyasına çevrildi. Azərbaycan bir tərəfdən beynəlxalq hüquqa əsaslanan danışıqları davam etdirir, digər tərəfdən isə öz hərbi və iqtisadi potensialını gücləndirirdi. Ordu quruculuğu dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu, Silahlı Qüvvələrin döyüş qabiliyyəti yüksəldildi, müasir silah və texnika ilə təchizat genişləndirildi, hərbi sənaye kompleksi inkişaf etdirildi. Azərbaycanda müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları və digər hərbi təyinatlı məhsulların istehsalının genişləndirilməsi ölkəmizin müdafiə imkanlarını artırdı. Eyni zamanda, enerji və nəqliyyat layihələri, beynəlxalq əməkdaşlıq və çoxşaxəli xarici siyasət Azərbaycanın regional və beynəlxalq mövqelərini möhkəmləndirdi.
Beləliklə, Zəfərə aparan yol yalnız hərbi hazırlıqdan deyil, dövlətin bütün imkanlarının milli məqsəd ətrafında səfərbər........
