"HƏYAT AYRILIQ İMİŞ İNSANLA ÖLÜM ARASINDA"
Vaqif Səmədoğlunun yazdığı, Ramiz Həsənoğlunun quruluş verdiyi "Generalın son əmri" tamaşası haqqında Günah- düşüncə.
"Oxunmaq istəyirəm- əvvəldən axıradək, oxumaq" ...Allah günaha yazmasın, dünyanın işinə bax ki, Cəllad da qorxu və xofdan danışır.Özü də elə bəlağət növü qatır danışığına ki, elə biləsən, məhəbbət qəzəlinin fəlsəfi məqamını xırdalayır.Başının üstündə də yiyəsini gözləyən etibarlı(?!) dar ağacı.İş o yerə çatır ki, Cəlladı cəllad kimi görmürsən, bir nağılçı, meydanbəyi kimi qəbul edibən izləyirsən.Hələ Generalı demirsən?! Binəva əsgəri qəbirdən xortladıb şeypur çaldırır.Qoymur ki,bədbəxtin balası gorda rahat yata.Hərçənd, nə yatmaqdı o?Allah kəssin elə yatmağı.Yatdığın yerin ki, adı qardaşlıq məzarı ola, o yerdə ki, qaynaqçının əli dəymədən sümük sümüyə calana, qol qıça pərçim ola, hansı dinçilikdən danışasan? Yox, yox, əstəğfirullah! Mənə elğ baxmayın!Bu ironiya, lağlağı, məsxərə məndən gəlmir, əttövbə! Allah sənə rəhmət eləsin,Vaqif Səmədoğlu, necə zərif yumorun varmış?! Sən nə oyun çıxartmısan?!Rejissorlar da ölmürlər mayası sosial qroteksdən yoğrulmuş əsər üçün? İllah da, belə material düşə pirolmuş Ramiz Həsənoğlunun əlinə. ...Ərinməyəsən, Ramiz müəllim, iki hissəli tragikomik misteriyanı götürüb uğurlu truppanın əyninə ölçüb - biçəsən, kəsəsən, doğrayasan, bəzəyəsən, özündənnaxışları bir düzəsən, bir düzəsən, əsəri gətirib çıxarasan mistik xoxma halına.Məzarın nurla dolsun, ay Vaqif İbrahimoğlu, ustad, sənin bu iki məhdudlaşdırıcı ədatının idraka verdiyi qüvvət, ideyaya suvadığı şövq, ruhi tam o qədər yerinə düşür ki...Amma və lakin...Xoxma nə xoxma!Tamaşaçı uğunub gedir.Yenə də amma və lakin ki, baxıb görürsən; tamaşaçı əvvəl düşünür, sonra gülür.Demək ki, qəm yeməyə dəyməz. Qaymağı intellekt olan yumora tələbat varmış hələ.
Mən bir üfüq olmuşdum, duman çökdü dənizə... görünmədim. Mən bir cığır olmuşdum, gedib- gələn olmadı,ot basdı üstümü... görünmədim Mən bir gün təbəssüm olmuşdum, nə oldu,bilmədim... görünmədim... İtmiş üfüqdən boylanan, ot basmış cığırı tapdalayıb keçən şairin donmuş təbəssümünü xatırladınızmı? Mən xatırladım.Gözümdən bir damla yaş gəldi.Satira, yumor, sarkazmla sosial- ictimai fəlsəfənin ideal sintezindən yaranan tamaşaya bir də baxdım. Göz yaşımı səmanın duruluğuna bənzədib dərdini yüngülləşdirən, kədəri ömrün katarsis dayanacağı sayan, hıçqırığı hələ yazılmamış sənət əsəri - simfoniya qəbul edən, bir gözü ağlayan, bir gözü gülən şair- dramaturqun bütün yaradıcılıq imkanları tragikomik misteriyada göstərilə bilir. Qulaqlarda şapalaq kimi şappıldayan, fəqət, dodaqlarda təbəssüm kimi parıldayan, gözlərdə sevinc tək yaşaran Vaqif Səmədoğlu gülüşü mükəmməl bir əsər doğurub. Mistik aləmlə gerçək dünyanın keçid məntəqəsində yaşamaq rolunu oynayan General, onun vecsiz nəvələri, içki düşkünü, məkrli, avantürist qonşu, atasının qisasını almaq istəyən qazaxıstanlı qız, sonacan nə baş verdiyini anlamayan polislər, dar ağacının fəlsəfəsini açmaq, qorxunun mahiyyətini anlatmaq və törətdiyi cinayətlərə missiya donu geyindirmək istəyən Cəllad, virtual həyatın məchul obrazları- Məşuqə, Fərari,Şeypurçalan əsgər- bu qəhrəmanların hər biri tipajlar, koloritli obrazlar olsa da, yenə də hər birini günah və Vaqif Səmədoğlu sarkazmı birləşdirir, bir- birinin ardınca dar ağacına doğru aparır.Əslində bütün obrazlar günah simvollarıdır və müəllifin bir himinə bəndmiş kimi günahlarını asmaq istərkən, növbəti günaha yol verirlər, ( axı şəriətdə intihar günah sayılır) günahı günahla yuyurlar. ....Və Vaqif Səmədoğlunun yaratdığı obrazların adı, familyası, milliyəti, irqiyyəti yoxdur.Sadəcə cəmiyyətdə tutduqları sosial status ( bəlkə də statusuzluq); yaş həddi var.Bu,müəllif mesajının qlobal spektri ehtiva etməsinin, bəşəri düşüncəsinin göstəricisidir. ...Və bir də Vaqif Səmədoğlu dramaturgiyasının özəyi - Azərbaycan dilinin şəhdi- şirəsini vermək, canlı xalq dilində dialoq qurmaq, el hikmətindən, el nəsihətindən mayalanan yumoru qara yumora çevirmək üstünlüyü özünü göstərə bilib.
REJİSSOR YOZUMUNDAKI İPUCU
Heykəllərin çoxundan soyuq gəlir, buz qoxuyur qardan yonulub bu abidələr Günəş çıxsa, açılsa istiyə qapılar Əriyəcək heykəllərin çoxu- buz qoxuyan abidələr.
Günaha batıb yalandan söyləyə bilmərəm: Ramiz Həsənoğlu bu şeiri konkret oxuyub, ya yox? Amma və lakin, zənnimcə, elə rejissor yozumundakı ipucu bu üşüyən misralardadır. Quruluşçu rejissor əsərə açarı müəllifin digər əsərindəki açardan götürüb.Amma bu açara qədər uzun bir gəlişmə var axı. "Günahı günahla yumağın günahıdır günahımız! "Bu günah fikri götürüb quruluşçu rejissor, " getdik"-, deyibən günahın dabanına tüpürüb, əsərin alt qatına baş vurub,Günahı elə bir metaforaya, arxitipə döndərib ki, axşam- axşam səhnədə qarabasma kimi yepyekə bir günah görürsən. Ramiz müəllim ,sağ olmuş Cəlladı da qoşub oyuna.Günah fəlsəfəsinin portret cizgiləri tamamlansın deyə, fırçanı da verib Cəlladın əlinə.Cəlladın da nə vecinə.Araz aşığından, Kür topuğundan.Sobası ,isti çayı, çaydanı yanında,qalaq- qalaq kitabları da qarşısında.Hər səhnə fırlananda da durub bir- iki kəlmə ibarəli söz deyir.Söz də ki, nə söz?Dəymişin qalar, kalın tökülər.Bir yandan da hər şeyi qanuniləşdirir, kitab- dəftərə salır.Odur, yazıq Fərari Generalın son əmrinə əsasən asılmaq xahişi ilə ağız açır.Di gəl ki, Cəllad zalımoğluna söz təsir eləmir ha! Əslində rejissor günahı bir kabusa çevirib, asıb bu ikimərtəbəli qədim, insafən, bir az da koloritli taxta məhəccərli evin üstündən.Cəllad isə Ramiz müəllimin yozum tapşırığında rüzgar qələmidir, peydərpey Generalı- zaman yolçuluğunun karıxmış döngələrində itib- batmış, əslində heç yaşamayan, bəzən yüngül yük kimi suyun üzünə çıxıb üzən, batmaq bilməyəngünahın günahsızlığını daban daşında kirə çıxarmaq istəyən kabusun ümumiləşmiş günah obrazını qırmanclayıb 2 saat ərzində göz qırpmağa imkan vermir General əsasən 2- ci mərtəbədə olur,digərləri zirzəmidə.Hər kəs öz günahı........
