Azərbaycan və Almaniya: Yeni dünya nizamında güclənən strateji tərəfdaşlıq
Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olmaq, verdiyi sözə əməl etmək, regional sabitliyə töhfə vermək və qlobal çağırışlara məsuliyyətlə yanaşmaq müasir dünyanın ən mühüm siyasi meyarlarına çevrilib. Məhz bu baxımdan Prezident İlham Əliyevin iyulun 21-də Almaniya Federativ Respublikasına etdiyi rəsmi səfər Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirən mühüm siyasi hadisə kimi qiymətləndirilməlidir.
Berlin Azərbaycan Prezidentini yüksək dövlət protokolu və böyük hörmətlə qarşıladı. Bu, sadəcə diplomatik etiket deyildi. Bu, son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan xarici siyasətə verilən qiymətin ifadəsi idi. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə və Kansler Fridrix Mertslə keçirilən görüşlər, aparılan müzakirələr göstərdi ki, Azərbaycan artıq Avropa üçün yalnız enerji təchizatçısı deyil, həm də etibarlı siyasi tərəfdaş, regional sabitliyin təminatçısı və qlobal iqtisadi layihələrin əsas iştirakçılarından biridir.
Azərbaycan ilə Almaniya arasında münasibətlərin əsası hələ ölkəmizin müstəqilliyinin ilk illərində qoyulub. Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövlətlərindən biri olub və ötən illər ərzində münasibətlər qarşılıqlı hörmət prinsipi əsasında inkişaf edib. Bu gün Almaniya Azərbaycanın Avropa İttifaqında ən böyük ticarət tərəfdaşlarından biridir.........
