Azərbaycan dili: keçmişdən gələcəyə uzanan mənəvi körpü
Hər bir xalqın varlığını yaşadan, onu tarix səhnəsində qoruyub saxlayan ən böyük mənəvi sərvəti onun dilidir. Dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın yaddaşı, düşüncə tərzi, milli kimliyi, ədəbiyyatı, mədəniyyəti və dövlətçilik ənənələrinin daşıyıcısıdır. Azərbaycan dili də əsrlər boyu xalqımızın bütün tarixi sınaqlarından alnıaçıq çıxmış, milli varlığımızı qoruyan ən möhkəm dayaqlardan birinə çevrilmişdir. Məhz buna görə də hər il avqustun 1-də qeyd olunan Azərbaycan əlifbası və Azərbaycan dili günü təkcə bir təqvim tarixi deyil, milli özünüdərkimizin, dövlətçilik düşüncəmizin və mənəvi birliyimizin təntənəsidir. Azərbaycan dili minilliklərin süzgəcindən keçərək zənginləşmiş, böyük söz ehtiyatı, ahəngdarlığı, ifadə imkanlarının genişliyi ilə türk dilləri ailəsində özünəməxsus yer qazanmışdır.
Bu dil Nizaminin hikmətini, Füzulinin eşq fəlsəfəsini, Vaqifin həyatsevərliyini, Mirzə Cəlilin cəsarətini, Üzeyir bəyin musiqisini, Cəfər Cabbarlının ideallarını, Bəxtiyar Vahabzadənin milli ruhunu yaşadan müqəddəs bir xəzinədir. Bu gün də Azərbaycan dili müstəqil dövlətimizin rəsmi dili, milli həmrəyliyimizin əsas sütunu kimi inkişaf edir. Lakin tarix göstərir ki, ana dilimizin bugünkü mövqeyi öz-özünə formalaşmayıb. Xüsusilə sovet hakimiyyəti dövründə milli dillərin sıxışdırılması siyasəti həyata keçirilir, ittifaq respublikalarında rus dilinin dominant mövqeyi gücləndirilirdi. Belə bir dövrdə Azərbaycan dilini dövlət dili səviyyəsinə yüksəltmək, onun hüquqlarını müdafiə etmək böyük siyasi iradə və cəsarət tələb edirdi. Məhz həmin mürəkkəb şəraitdə Ulu Öndər Heydər Əliyev ana dilinin qorunmasını milli məsələ kimi gündəmə gətirdi. O, yaxşı anlayırdı ki, dili olmayan xalq zaman keçdikcə milli kimliyini də itirə bilər. Buna görə də dil uğrunda mübarizəni əslində dövlətçilik uğrunda mübarizə hesab edirdi.........
