Maskalı qızın bayramı
Dünən axşam tərəfi “Park Bulvar” deyilən alış-veriş mərkəzinin eskalatorunda gözüm bir əjdaha maskası taxmış qıza dəydi. Boylu-buxunlu, gənc qız idi, amma sifəti görünmədiyindən yaşını təyin etmək mümkün deyildi. Qızın yanında bir qız da vardı, yaşı 21-22 olardı, amma o maskasız idi.
Sonra bulvarda başqa bir maskalı qıza rast oldum, amma o yeniyetməydi. Düşündüm ki, yəqin şəhərə yeni model maskalar gəlib, hərəsi birini alıb. Gənc nəsil belə şeylərə maraqlıdır.
Daha sonra sosial şəbəkədə önümə videolar çıxdı və anladım ki, şəhərdə gördüyüm maskalı gənclər, heç demə, Hellouin bayramını qeyd edirmişlər. Əsasən də Fəvvarələr meydanında sifət gizlədib, boy göstəriblər.
Bilənlər bilir, bilməyənlərə o qədər də lazım deyil, bu, bir Avropa (kelt) bayramıdır, 31 oktyabr ilə 1 noyabr arasındakı gecə qeyd olunur, yayın sonunu və məhsul yığımını simvolizə edir. Bu bayramda maska taxmaq adətdəndir. Başqa detalları da var.
Məhsul bayramına qalsa, bu adət-ənənə sovet dövründə bizdə də vardı, amma heç kim maska taxıb meymunluq eləmirdi, eləcə istehsalçı təsərrüfatlar öz zəhmətlərinin bəhrəsini nümayiş etdirirdilər. Aqrar parad idi.........
