23 saatda bağlanan 200 illik hesab — 44+1 günlük
Tarixin elə günləri var ki, təqvimdə cəmi bir gün tutur, amma bir xalqın iki yüz illik taleyinə bərabər olur.
19–20 sentyabr 2023-cü il məhz belə tarixdir.
Azərbaycan Ordusu 23 saat 43 dəqiqə davam edən lokal antiterror tədbirləri ilə təkcə bir hərbi qruplaşmanı təslim etmədi. Təkcə qanunsuz silahlı dəstələri tərk-silah etmədi. Təkcə Xankəndini, Xocalını, Ağdərəni, Əsgəranı və Qarabağın nəzarətimizdən kənarda qalan digər yaşayış məntəqələrini dövlətimizin faktiki hakimiyyətinə qaytarmadı.
O 23 saat 43 dəqiqədə iki əsr ərzində qurulan böyük bir siyasi layihə çökdü.
Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi köçürmə siyasətindən başlanan, erməni kilsəsinin “Böyük Ermənistan” xülyası ilə ideoloji çərçivəyə salınan, sovet rəhbərliyinin milli siyasətdəki ikili standartları ilə bəslənən, Rusiya Federasiyasının birbaşa dəstəyi ilə böyüyən, Qərbdə özünü “xristian həmrəyliyi klubu” kimi aparan "xaçlı səlibçilər"in, dpvlətlərin himayəsi və erməni diasporunun milyardlarla dollar hesabına qurduğu təbliğat maşını ilə dünyaya təqdim edilən plan iflasa uğradı.
Hədəf bəlli idi: Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaratmaq, sonra onu mərhələli şəkildə tanıtmaq və bu işğalı beynəlxalq sistemə qəbul etdirmək.
Bu layihə kağız üzərində qalmamışdı. Rusiya ona ordu qurmuşdu. Azərbaycan torpaqları hesabına geydirmə "artsax" yaratmış, Qarabağın dağlıq qismini separatçı ermənilərə peşkəş çəkmişdi. Onların xaricdə lobbi şəbəkəsi, Avropa və Amerika parlamentlərdə müdafiəçiləri, qlobal mediada təbliğatçıları vardı. Rusdilli infoməkan isə tam-tamına erməniləşmişdi. Rusiya, Fransa, Amerika, Vatikan və s dəstəkli separatçılatın Azərbaycan daxilində qondarma “dövlət”, “prezident”, “parlament”, “nazirliklər” və on minlərlə silahlı qüvvədən ibarət hərbi mexanizm qurulmuşdu.
2020-ci ilin 44 günlük Vətən müharibəsi bu layihənin belini qırdı. 2023-cü ilin 19–20 sentyabr əməliyyatı isə onun son nöqtəsini qoydu.
Ona görə də bu tarixi ən doğru ifadə edən düstur budur: 44 1 gün!
44 gün ərazi bütövlüyümüzü bərpa etdi. Bir gün isə suverenliyimizi tamamladı.
Xankəndi qaytarılmadan Zəfər tamam deyildi
Şuşa azad olunmuşdu. Ağdam, Kəlbəcər və Laçın geri qayıtmışdı. Azərbaycan Ordusu Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etmişdi. Lakin Xankəndidə separatçı bayraq qalırdısa, orada qanunsuz silahlı dəstələr mövcud idisə, Azərbaycan qanunları bütün ərazimizdə işləmirdisə, deməli, dövlət suverenliyi hələ tamamlanmamışdı.
Xankəndi Qarabağın yalnız inzibati mərkəzi deyildi. Xankəndi iki yüz illik mübarizənin siyasi simvolu idi.
Şəhərin adının sovet hakimiyyətinin ilk illərində dəyişdirilərək bolşevik Stepan Şaumyanın şərəfinə “Stepanakert”........
