Rəis, olar şəhərə gələk?..
Məmurların mətbuata müsahibə verməsi təqdir olunandır. Düzdür, dövlət başçısından nümunə götürüb, mediaya açıq olan səlahiyyət sahiblərinin sayı elə də çox deyil, amma az da olsa var. “Bakı Metropoliteni” QSC-nin sədri Vüsal Aslanovun “ATV Aktual” verilişinə müsahibəsi də təqdirolunandır, xüsusilə də həmkarlarımızın aktual mövzularla bağlı açıq suallarını səsləndirməsi çox yaxşı haldır.
Metropoliten sədrinin cavablarına gəldikdə...Xüsusilə də şəhər kənarında yaşayan əhalinin mərkəzə gəlmək istəyinə neqativ yanaşması çoxlarını şaşırdıb, elə sosial şəbəkə hesablarında, mediada bu mövzuda paylaşımlar, yazılar münasibətin göstəricisidir. Dövlət bütün sahələrdə vətəndaş əlçatanlığına nail olunmasından ötrü siyasət yürüdür, böyük vəsaitlər xərcləyir, infrastrukturun təkmilləşdirilməsini həyata keçirir, ölkəni ASAN-laşdırır, amma baş metroçu nədənsə paytaxt ətrafındakı yaşayış məntəqələrinin metrostansiyalar vasitəsilə mərkəzə birləşdirilməsinin məqsədəuyğun olmadığını söyləyir.
2024-cü ildən Metopolitenə rəhbərlik edən və kifayət qədər təcrübə toplayan hörmətli Vüsal Aslanovun dediklərinə diqqət edin: “Bütün inkişaf perspektivləri simulyasiya olunur və ona əsasən biz yeni metro stansiyalarının yerini müəyyənləşdirməyə çalışırıq. Burda incə bir nüans da var, qeyd etdiyiniz Binəqədi, Bakıxanov, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyaları tiksək, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində onsuz da bizim mövcud olan və çox yüklənmiş infrastrukturumuz tamamilə iflic vəziyyətə düşə bilər. Ona görə də, ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, mərkəzə bir neçə alternativ istiqamətdə gediş-gəlişi təmin etmək, ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər”.
İndi bu fikirlər hansı anlamı verir? Deputat Fazil Mustafanın reaksiyası belə olub: “Mən bu çıxışdan belə başa düşdüm ki, “Bakı Metropoliteni”nin rəisi Bakıxanovda, Binəqədidə yaşayan insanlara ikinci növ vətəndaş kimi baxır və düşünür ki, onlar şəhərə əziyyətlə gəlməlidirlər. Çünki şəhərin mərkəzi daha çox elit məkandır və bu məkana ikinci növ vətəndaşlar rahatlıqla çatmamalıdır”. (Axar.az) Fazil bəy deyib ki, metro tikintisi bu cür düşüncə ilə aparılacaqsa, bizi böyük bir xəyal qırıqlığı gözləyir: “Metro rəhbərliyində dəyişiklik olandan sonra gözləyirdim ki, birinci müjdə........
