Ey, Qızılqum çölləri…
İndiyə qədər getdiyim hansısa ölkədən, iştirak etdiyim tədbirdən çox danışmağı sevməmişəm. Bəzən ümumiyyətlə heç nə paylaşmamışam. Utanmışam, nədənsə düşünmüşəm ki, sosial media həm də insanın özünü göstərmək həvəsinin yeridir. Buna görə də görüntülərin nümayişkaranə üslubda paylaşılmasına məsafəli dayanmışam.
Amma Daşkənd, Səmərqənd, Buxara, Qızılqum çölləri, Xarəzm bu yanaşmanı əlimdən aldı. Çox qəribədir, özümə haqq qazandırıram, düşünürəm ki, bu dəyişiklikdə utanmalı heç nə yoxdur.
Mənə elə gəlir ki, Daşkənd, Səmərqənd, Buxara, Qızılqum çölləri, Xarəzm kimi yerlərə səfəri gəzinti adlandırmaq günah olar. Buna müqəddəs yerlərin ziyarəti desək, daha düzgün anlaşılar. O yolların uzunluğunu kilometrlə ölçmək tarixin, o yolun yolçularının xətrinə dəyər. O yolların boyunu zamanla, əsrlərlə, dədələrlə ölçmək daha düzgündür.
Bu ziyarətdə məni ən çox heyran edən Qızılqum çölləri oldu.
Az çöl görməmişik. Ancaq Qızılqum çölünü görəndən sonra başa düşdüm ki, çöl belə olar. Ən hündür dağlardan da hündürdür, ən dərin dənizlərdən də dərindir Qızılqum...
İlk baxışdan elə bilirsən ki, burada heç nə yoxdur. Səssizlik, bozluq var. Ənginlik var. Bir-iki kol-kos, bir az qum, bir az da meh........
