Peyğəmbərin(ə.s.) yəhudilərlə birgəyaşayış çağrısından "Böyük İsrail" iddialarınadək...-Bu gün də sülhə çalışmalıyıq!..
Bizi sosial şəbəkələrdən izləyin:
I HİSSƏ- Məhəmməd Peyğəmbər (ə.s.) ömrü boyu yəhudilərlə mehriban yaşamağa çalışıb, onlarla ittifaqlar qurub, amma...
"Bu Quran ayəsinin mesajı son dərəcə aydındır: insanın dini mənsubiyyəti ona qarşı ədalətsiz davranmaq üçün əsas ola bilməz..."
“Bütün yəhudilər Məhəmməd Peyğəmbərə(ə.s.) və müsəlmanlarla həmin qarşıdurmalarda iştirak etməyib; əksinə, yəhudi mənşəli Abdullah ibn Salam İslamı qəbul edərək Peyğəmbərin (s.ə.s.) səhabələrindən biri olmuşdu...”
"Bir düşünün: müsəlmanların Peyğəmbərinin şəxsi əşyası yəhudinin yanında girovda olub..."
*** **** ***
"DÜŞÜNCƏ BOXÇASI..."
Mədinədə qurulan dostluq körpüsü və tarixdən gələn acı dərslər...
Dünyanın ən böyük faciələrindən biri dinlərin, məzhəblərin və xalqların bir-birinə qarşı qoyulmasıdır. Halbuki dinlərin yaranmasında əsas məqsədlərdən biri insanı mənəvi kamilliyə, ədalətə, mərhəmətə və sülhə çağırmaq deyilmi?
Bu gün Yaxın Şərqdə baş verən qanlı hadisələrə, İsrail-Fələstin münaqişəsinə, Qəzzada öldürülən günahsız insanlara, dağıdılan məscidlərə, kilsələrə və sinaqoqlara baxanda istər-istəməz tarixin əvvəllərinə – İslam dininin yarandığı dövrə qayıtmalı oluruq.
Görəsən, Məhəmməd Peyğəmbər (s.ə.s.) yəhudilərlə necə davranırdı? Onlara düşmən kimi baxırdı, yoxsa fərqli dinə mənsub insanlar kimi hüquq və öhdəliklərini tanımağa çalışırdı? Müsəlmanlarla yəhudilər arasında bağlanmış müqavilələr, ticarət əlaqələri və gündəlik münasibətlər nədən ibarət idi?
Əlbəttə, tarixi hadisələri bugünkü siyasi maraqlara uyğunlaşdırmaq olmaz. Peyğəmbərin (s.ə.s.) həyatında həm əməkdaşlıq, həm də ciddi qarşıdurmalar olub. Ancaq həmin tarixin ən mühüm dərslərindən biri budur: dini fərqlilik avtomatik düşmənçilik demək deyil.
Burada bir məsələni də xüsusi vurğulamaq gərəkdir. Müsəlmanlarla bir çox hadisə və problemlər kimi Peyğəmbərimizin(ə.s.) yəhudilərə münasibəti və onlarla əlaqələrinə teoloji, yəni imanlı müsəlmanların baxışlarını ehtiva edən sırf islami yanaşma, eləcə də qəlblərində müsəlmanlığa qarşı yersiz kin-küdurət olan digər səmavi din mənsublarının yanaşması, ikincisi isə dünyəvi baxışı, başqa sözlə Məhəmməd Peyğəmbərə(ə.s.) adi bir insan, tarixi şəxsiyyət kimi yanaşmanın nəticəsindən doğan, yalnız tarixi sənəd və faktlara əsaslanan baxışları ayırd etmək lazımdır…
Mədinə: müxtəlif dinlərin və qəbilələrin yaşadığı şəhər...
Məhəmməd Peyğəmbər (s.ə.s.) 622-ci ildə Məkkədən Mədinəyə hicrət edəndə şəhərdə yalnız müsəlmanlar yaşamırdı. Ənsar və mühacirlərlə yanaşı, müxtəlif ərəb qəbilələri, yəhudi icmaları və başqa dini mənsubiyyətli insanlar da vardı.
Mədinənin yəhudi əhalisi arasında Bəni-Qaynuqa, Bəni-Nəzir və Bəni-Qüreyzə kimi tanınmış tayfalar mövcud idi. Onların iqtisadi, ictimai və siyasi həyatda müəyyən mövqeləri vardı.
Peyğəmbərin (s.ə.s.) qarşısında duran əsas vəzifələrdən biri müxtəlif qəbilə və dini icmaların yaşadığı şəhərdə ictimai sabitliyi təmin etmək idi.
Bu məqsədlə tarixdə “Mədinə sənədi” və ya “Mədinə konstitusiyası” adı ilə tanınan siyasi-hüquqi sənəd meydana gəldi.
Sənəd müsəlman icmasının daxili münasibətlərini, qarşılıqlı müdafiə, məsuliyyət və ictimai təhlükəsizlik prinsiplərini, eləcə də yəhudi qrupları ilə əlaqələrin müəyyən tərəflərini tənzimləyirdi.
Ancaq bir vacib məqamı nəzərə almaq lazımdır: müasir tarixçilər Mədinə sənədinin iştirakçıları və onun tərkib hissələrinin yaranma ardıcıllığı barədə eyni fikirdə deyillər.
Qüds İvrit Universitetinin professoru Maykl Lekkerin araşdırmasına görə, Mədinənin əsas yəhudi tayfaları – Bəni-Nəzir, Bəni-Qüreyzə və Bəni-Qaynuqa sənədin birbaşa iştirakçıları kimi........
