İslama, müsəlmanlığa və Türkiyə sevdalılığına, türkçülüyə ziyalı baxışı...-I HİSSƏ
Bizi sosial şəbəkələrdən izləyin:
"Regionumuzda və ölkəmizdə “KQB”-“FSB” müsəlmançılığı, “KQB”-“FSB” türkçülüyü, Türkiyə sevdalılığı, bozqurdçuluğu, turançılığının mövcudluğu bir gerçəklikdir. Üstəlik, buraya İran, Səudiyyə Ərəbistanı, İsrail, hətta Böyük Britaniya və s. kəşfiyyatlarının da qurduğu şəbəkələrin də fəaliyyətlərinin nəticələrini əlavə etmək gərəkdir..."
"Birinci yanlışlıq İslamı yalnız ərəblərin, yaxud “geridə qalmış” hesab edilən farsların, əfqanların, fələstinlilərin və başqa xalqların dini kimi görməkdir..."
“"Allah”, “İslam” və “müsəlmanlıq” deyiləndə Quranı və Peyğəmbərimizi (s) deyil, ilk növbədə hansısa dövləti və onun dini-siyasi rəhbərlərini düşünmək yanlışlıqdır..."
"Digər əsas bir yanlışlıq İslamı elmin, təhsilin və müasir inkişafın əleyhinə olan din kimi təqdim etməkdir..."
"Türkçülüyü və turançılığı İslamı, müsəlmanlığı inkar etməklə, dinimizi türklüyümüzdən ayırmaqla inkişaf etdirməyə çalışmaq da böyük yanlışlıqdır..."
-FİKİR SAVAŞI...-
İki həftədən artıqdır ki, məktəblərdə vahid geyim formasının tətbiqi ilə bağlı müzakirələr, etirazlar və mübahisələr fonunda bir həqiqət daha aydın görünür: Azərbaycanda dövlət müstəqilliyimizin bərpasından 35 il keçməsinə baxmayaraq, İslama, eləcə də Türkiyə sevdalılığına, türkçülüyə və turançılığa münasibətdə hələ də yanlış, birtərəfli və bəzən ifrat baxışlar mövcuddur. Bu yanlışlıqlar təkcə dini inanclı insanların deyil, özünü dünyəvi düşüncəli, milli təəssübkeş və ziyalı hesab edən müəyyən çevrələrin dünyagörüşündə də özünü biruzə verir.
Qənaətimcə, bunun başlıca iki səbəbi var.
Birincisi, müvafiq dövlət və hökumət qurumları tərəfindən İslam maarifçiliyi sahəsində milli maraqlarımıza uyğun, ardıcıl və optimal strategiyanın, işlək proqramın formalaşdırılmaması, cəmiyyətin dini biliklərinin artırılması istiqamətində sistemli maarifləndirmə işlərinin yetərincə aparılmamasıdır. Dinin mahiyyəti, İslamın elmlə, təhsillə, dövlətçiliklə, milli kimliklə və müasir həyatla münasibəti barədə sağlam biliklərin yayılması hər zaman vacib olub. Bu sahədə yaranan boşluqlar isə istər-istəməz müxtəlif xarici təsirlərin, təhriflərin və manipulyasiyaların qarşısında əlverişli zəmin yaradır.
İkincisi, xaricdən həm İslamın, həm də türkçülük və turançılıq ideyalarının ayrı-ayrı dövlətlərin, siyasi mərkəzlərin və ideoloji qrupların maraqlarına uyğun istiqamətləndirilməsi cəhdləridir. Təəssüf ki, belə cəhdlərin müəyyən nəticələr verdiyini düşünmək üçün ciddi əsaslar var.
Məsələn, sovet dövründə SSRİ-nin təhlükəsizlik və xüsusi xidmət orqanları Azərbaycanda dini həyatın ideoloji nəzarət altında saxlanılmasına çalışırdılar. Xüsusilə XX əsrin 60–70-ci illərində dini fəaliyyətin sovet rejiminin müəyyən etdiyi sərhədlər daxilində saxlanılması, İslamın ictimai təsirinin məhdudlaşdırılması siyasəti həyata keçirilirdi. 1980-ci illərin sonlarında milli azadlıq hərəkatının güclənməsi ilə yanaşı, dini və milli kimlik məsələləri də yeni məzmun kəsb etməyə başladı. Bu şəraitdə həm İslamın, həm də türkçülük, bozqurdçuluq və turançılıq ideyalarının müxtəlif siyasi maraqlara uyğun yönləndirilməsi cəhdləri barədə mülahizələr də diqqətdən kənarda qalmamalıdır.
Keçmiş müttəfiq respublikaların müstəqilliklərini bərpa etməsindən sonra da bu məsələlər aktuallığını itirmədi. Bu işi Rusiya “FSB”-si, qismən də “QRU”(hərbi-siyasi kəşfiyat) və “SVR”(xarici kəşfiyyat) davam etdirib və xeyli uğurlara nail olub. Belə ki, bütövlükdə postsovet məkanında son onilliklərdə həm müsəlmanlıq, həm də türkçülük, turançılığı və s. xeyli dərəcədə “KQB”-“FSB”-nin qəlibindən keçmiş ictiimai-siyasi fiqurlar vasitəsilə yönləndirməyə nail olunub. Bu istiqamətdə fəaliyyət göstərən qruplar Mərkəzi Asiya, Rusiyanın müsəlman-türk regionları, Azərbaycan, Gürcüstan, İran, İraq, Suriya və Türkiyədə də şəbəkələşib. Odur ki, regionumuzda və ölkəmizdə “KQB”-“FSB” müsəlmançılığı, “KQB”-“FSB” türkçülüyü, Türkiyə sevdalılığı, bozqurdçuluğu, turançılığının mövcudluğu bir gerçəklikdir. Üstəlik, buraya İran, Səudiyyə Ərəbistanı, İsrail, hətta Böyük Britaniya və s. kəşfiyyatlarının da qurduğu şəbəkələrin də fəaliyyətlərinin nəticələrini əlavə etmək gərəkdir...
Əlbəttə, bütün göstərilənlər bu sətirlərin müəllifinin son 35-40 illik müşahidə, mütaliə, təhlillərindən qaynaqlanaraq gəldiyi subyektiv nəticələrdir. Bunlar hamısı müvafiq mütəxəssislər üşün ayrıca araşdırma mövzusudur...
Hesab edirəm ki, postsovet məkanında həm dini, həm də milli ideyaların siyasi təsir vasitəsinə çevrilməsi təhlükəsi ciddi yanaşma tələb edir. Müsəlmanlıq, türkçülük, Türkiyə sevdalılığı və turançılıq adı altında təqdim edilən hər bir fikir avtomatik olaraq milli maraqlarımıza xidmət etmir. Eyni zamanda, bu ideyalara bağlı olan hər kəsi xarici qüvvələrin təsiri altında olan şəxs kimi qiymətləndirmək də doğru deyil...
Mərkəzi Asiyadan Rusiyanın türk və müsəlman xalqlarının yaşadığı bölgələrinə, Azərbaycandan Türkiyəyə, İrana, İraqa, Suriyaya və Gürcüstana qədər uzanan geniş coğrafiyada dini və milli kimlik məsələləri müxtəlif siyasi təsirlərin kəsişdiyi sahələrdəndir. Odur ki, ölkəmizdə həm milli maraqlara uyğun dini düşüncənin, həm də müstəqil türkçülük və turançılıq baxışlarının inkişafı məsələsinə həssas yanaşılmalıdır.
Burada bir məqamı xüsusilə vurğulamaq lazımdır: nə İslam, nə türkçülük, nə də turançılıq hər hansı xarici dövlətin inhisarında olan ideyadır. Onları müəyyən dövlətlərin siyasi maraqlarına tabe etmək cəhdləri ilə bu ideyaların özünü eyniləşdirmək olmaz...
Xarici təsirlərin güclənməsində dövlət qurumlarının, təhsil sisteminin, media mühitinin və ictimai maarifçilik institutlarının fəaliyyətindəki boşluqların da müəyyən rolu ola bilər. Bu baxımdan əsas vəzifə ölkə daxilində: hər yerdə xarici düşmən axtarmaq deyil, cəmiyyətin tənqidi düşüncəsini, milli özünüdərkini, dini savadlılığını və ideoloji........
