Axır ki, özünə yer elədi...
Bizi sosial şəbəkələrdən izləyin:
1000 sifət, 100 qəlib dəyişdi — zorla sığdığı qəbiri dəyişə bilmədi...
(Hekayəvari...)
...Mötəbər hələ yeniyetmə ikən özü üçün bir həqiqəti kəşf etmişdi: bu dünyada adamın varlanması üçün mütləq ağıllı, savadlı, zəhmətkeş olmasına ehtiyac yoxdur. Əsas odur ki, kimin qabağında əyilməyi, kimə yaltaqlanmağı, kimin cibinə girməyi, lazım gələndə isə kimin başına basıb, çiyninə çıxıb yuxarı qalxmağı, başqa sözlə, həyatda, cəmiyyətdə özünə mötəbər yer eləməyi bacarsın...
Bu qənaətə o, dəmiryol stansiyasının yaxınlığındakı Aran kəndində, atası Baloğlanın müdir işlədiyi vağzal kafesində gəlmişdi. Atası Bakıya gedib-gələn vəzifəliləri, imkanlı adamları yedirdib-içirdir, bəzən onlar üçün kafedəki gizli otaqda fahişə qadınlarla məclislər təşkil edir, hətta xüsusi vaqonlarda əyləncəli səfərlərini də düzənləyirdi. Mötəbər bu adamların bahalı geyimlərinə, maşınlarına, yekə qarınlarının üstündən aşağı sallanan qalstuklarına, danışarkən guya heç kimdən çəkinməmələrinə heyranlıqla baxardı...
Bir dəfə atasından soruşmuşdu:
— Ata, bunlar nə iş görürlər ki, belə varlıdırlar?
— Vəzifə adamlarıdır, oğlum.
— Mən də özümə yer eləyib vəzifə adamı olsam, belə yaşayaram?
Atası gülümsəmişdi:
— Oxu, çalış, bəlkə sən də oldun...
Mötəbər atasının cavabını yarımçıq hesab etmişdi. Çünki o, həmin adamların təkcə vəzifə sayəsində varlanmadıqlarını, pulun haradan gəldiyini soruşanların isə çox vaxt özlərinin də susdurulduğunu görürdü...
On altı-on yeddi yaşlarında özünə bir həyat prinsipi seçdi: əqidə dəyişə bilər, adam dəyişə bilər, hakimiyyət dəyişə bilər, təki cib dolsun, təki özünə mötəbər yer edəsən...
Uşaqlıq dostu Sadiq isə tamam başqa cür idi. Yoxsul fəhlə ailəsində böyümüşdü. Bir tikə çörəyi olsaydı, Mötəbərlə bölüşərdi. Dostunun çətinliyini öz çətinliyi bilərdi. Sadiq üçün dostluq sədaqət, halal zəhmət və etibar demək idi. Mötəbər üçünsə dostluq hələlik lazım gələndə istifadə edə biləcəyi bir imkan idi.
İlk dəfə bunu qonşu kənddə göstərdi. Sadiqlə birlikdə ferması olan dostları Rövşənin evinə getdi. Rövşənin atası kolxozun iri buynuzlu mal-qara fermasının müdiri idi. Süfrədə oturarkən Mötəbər söhbət edə-edə iri danaların saxlandığı tövləni, həyətin giriş-çıxışını, gecə növbəsində kimin dayandığını öyrəndi.
Bir neçə gün sonra gecə yarısı özünə oxşar bir tanışla fermaya qayıtdı. Danaları oğurlayıb satdılar. Lakin oğurluq üzə çıxanda Mötəbər şübhəni öz əlaltısının üstünə yönəltdi. Həmin adam həbs olundu. Mötəbəri isə heç kəs ağlına gətirmədi.
Tutulan şəxs onun adını çəkmədi. Çünki Mötəbərin onun satdığını bilmədi...
Mötəbər bu hadisədən sonra özünü daha ağıllı hesab etməyə başladı. Bir insanın azadlığını qurban verərək öz azadlığını qorumaq ona sərfəli görünmüşdü.
Beləcə, ilk dəfə vicdanını pula çevirdi.
Atasının topladığı pullar hesabına universitetin tarix fakültəsinə daxil oldu. İmtahanlardan daha çox pul dolu zərflərə, biliyindən daha çox yaltaqlığına güvəndi. Əvvəl qrup rəhbəri, sonra fakültənin komsomol katibi oldu. Dekanın qarşısında tərbiyəli tələbə, müəllimlərin yanında zəhmətkeş gənc, tələbələrin arasında isə onların dərdini çəkən fəal kimi görünürdü… Hər kəsin yanında başqa sifət taxırdı.
Ölkədə milli hüquqların tapdalanmasına, qonşu ölkənin torpaq iddialarına və imperiya siyasətinə qarşı mitinqlər başlayanda əvvəlcə tərəddüd etdi. Rektorun qəzəbindən, universitetdən qovulmaqdan qorxurdu. Sonra əksər tələbə yoldaşlarının, müəllimlərin, nüfuzlu adamların da meydana qoşulduğunu görəndə hesabını dəyişdi.
Meydana gəldi, gecələr mitinq iştirakçıları ilə birlikdə ocaq başında, çadırda qaldı. Elə danışırdı ki, onu dinləyənlər gələcəyin milli qəhrəmanını gördüklərini düşünürdülər…
Bir gün Sadiq də onu tribunadan dinlədi.
— Mötəbər, nəhayət, səni belə görmək mənə qürur verir, — dedi. — Sənə inanırdım, indi lap çox inanıram…
Mötəbər dostunun əlini sıxdı.
— Qardaş, xalqın dərdi bizim dərdimizdir!
Amma onun ürəyində xalqın dərdindən çox, gələcək vəzifələrin hesabı vardı. Meydanda kimlərin önə çıxdığını, kimin kimə yaxın olduğunu, kimin nüfuz qazandığını diqqətlə izləyirdi.
Sovet milisi və ordusu mitinqi dağıdandan sonra Moskvadan gəlmiş “KQB” müstəntiqləri fəalları dindirməyə başladılar. Mötəbəri də çağırdılar.
İstintaqçı qarşısında oturub sakitcə soruşdu:
—........
