"Bu gün kütlələri aldadaraq, zorlayaraq yönləndirmə prinsipləri quldarlıq dövründəkindən çox da fərqlənmir..."-I
Bizi sosial şəbəkələrdən izləyin:
İnsan kütlələrini necə aldadır və manipulyasiya edirlər?..
“Bu gün istər avtoritar və totalitar rejimlərdə, istərsə də demokratik idarəçilik ənənələri olan ölkələrdə siyasi və iqtisadi maraqlar naminə ictimai rəyə təsir göstərmək cəhdlərinə rast gəlinə bilər. Fərq ondadır ki, bu cəhdlərin miqyası, üsulları, qarşısını alan institutların gücü və cəmiyyətin onlara müqavimət imkanları eyni deyil...”
“Vicdanlı olmaq hələ qalib gəlmək demək deyil. Mənəvi üstünlük fiziki, iqtisadi və təşkilati üstünlüklə tamamlanmadıqda, çox vaxt güclünün qarşısında zəif qalır. Buna görə də...”
“Ən böyük təhlükə isə insanın öz azadlığını itirdiyini belə, anlamamasıdır...”
-DÜŞÜNCƏ BOXÇASI...-
Adəm və Həvvadan, Habil və Qabildən üzü bəri — hesabı bilinməyən tarix boyunca Yer üzündə insanların sayı artdıqca, müxtəlif ruhların, nəfslərin, ağılların və vicdanların da sayı artıb. İnsanlıq çoxalıb, cəmiyyətlər formalaşıb, münasibətlər mürəkkəbləşib. Lakin insanın daxilindəki xeyirlə şərin, vicdanla tamahın, ədalətlə zülmün mübarizəsi heç vaxt səngiməyib...
İlk dövlətlər vicdansızlarla vicdanlıların mübarizəsi müstəvisində formalaşıb...
Tədricən formalaşan insan icmalarında aclıq, soyuq, qıtlıq, daşqın, zəlzələ və digər təbii fəlakətlər yaşananda, yaxud əksinə, bolluq yarananda, ov, təsərrüfat və sənaye işlərindən zəhmətlə qazanılmış sərvətləri və ya müharibələr zamanı qənimət kimi ələ keçirilmiş nemətləri bölüşdürmək zərurəti meydana çıxanda insanların həqiqi xarakteri üzə çıxıb. Xüsusilə sərvət, hakimiyyət və qadınlar üzərində sahiblik uğrunda mübarizə insanın mənəvi mahiyyətini üzə çıxaran ən ciddi sınaqlardan birinə çevrilib...
Məhz belə məqamlarda Qabil təbiətli insanlar - nəfslərini cilovlaya bilməyən, ruhlarından, vicdanlarından və mənəvi məsuliyyətlərindən uzaqlaşaraq tamah və təkəbbürlərinə tabe olanlar -öz istəklərinə çatmaq üçün müxtəlif yollara əl atıblar. Onlar ruhuna, imanına, vicdanına, ağlına və həyasına bağlı qalmağa çalışan insanları aldatmağa, çaşdırmağa, manipulyasiya etməyə, başqa sözlə, onların düşüncə və davranışlarını öz mənafelərinə uyğun istiqamətləndirməyə cəhd göstəriblər. Məqsəd isə dəyişməyib: daha çox rahatlıq, daha çox qida və sərvət, daha çox şəhvət və nəhayət, daha çox güc, nüfuz və hakimiyyət əldə etmək!..
Bu məqsədlərə çatmaq üçün imkan düşəndə birbaşa zorakılığa, fiziki gücə və təhdidə əl atılıb. Gücün yetmədiyi, müqavimətin qırıla bilmədiyi məqamlarda isə yalan, şər-böhtan, şantaj, hədə-qorxu, hiylə, saxtakarlıq və çeşidli manipulyasiya üsulları işə salınıb. Çünki insanı məğlub etməyin yalnız bir yolu yoxdur: bəzən onun bədənini zorla ram edirlər, bəzən də ağlını çaşdırıb iradəsini sındırır, vicdanını susdurur, hətta öz əsarətini könüllü şəkildə qəbul etməsinə nail olurlar...
Ən təhlükəlisi də elə budur!..
Zorakılığın qurbanı çox vaxt özünün zorakılığa məruz qaldığını anlayır. Manipulyasiyanın qurbanı isə bəzən onu aldadanın deyil, özünün müstəqil qərar verdiyinə inanır. Başqasının maraqları naminə hərəkət edir, amma bunu öz seçimi hesab edir. Öz əleyhinə işləyən mexanizmi müdafiə edir, öz hüquqlarını məhdudlaşdıranlara haqq qazandırır, hətta onu aldadanların uğurlarına sevinir. Beləcə, fiziki zəncirlərdən daha möhkəm ola bilən mənəvi və zehni zəncirlər yaranır.
Əlbəttə, bütün bunları hər bir insanın dəyişməz mahiyyəti kimi təqdim etmək doğru olmazdı. İnsan həm tamahın, həm də vicdanın; həm qəddarlığın, həm də mərhəmətin daşıyıcısı ola bilər. Həlledici məqam onun hansı meyillərə üstünlük verməsi, nəfsini nə dərəcədə idarə etməsi və güc əldə etdikdə bu gücdən necə istifadə etməsidir.
Bununla belə, tarix boyu elə insanlar və qruplar olub ki, onların davranışında vicdan, insaf, namus-qeyrət və abır-həya kimi mənəvi dəyərlər arxa plana keçib. Onlar üçün əsas məqsəd mümkün qədər çox sərvət, rahatlıq, hakimiyyət, həzz və şəhvət mənbələri əldə etmək olub. Başqalarının haqqı, əzabı, ehtiyacı və ləyaqəti isə bu məqsədə çatmaq yolunda əhəmiyyətsiz maneələrə çevrilib...
Belə niyyətli insanlar zaman keçdikcə birləşərək öz mənafelərini qorumağın və genişləndirməyin yollarını axtarıblar. Onların qarşısında isə başqa bir insan tipi dayanıb: əldə etdiyi neməti qonşusu, yoldaşı və ehtiyacı olanlarla bölüşməyə hazır olanlar; yalnız özünü və ailəsini deyil, bütöv icmanı düşünənlər; ümumi zəhmətlə yaradılan sərvətin ədalətli bölüşdürülməsinə çalışanlar; başqasının haqqını öz haqqı qədər önəmli sayanlar...
Məsələnin mahiyyəti də elə buradadır: bir tərəf mümkün qədər çoxunu mənimsəmək istəyir, digər tərəf isə hər kəsin haqqına sahib çıxmağa çalışır. Birinci tərəf üçün insanları öz iradəsinə tabe etmək vasitədir; ikinci tərəf üçün insan........
