Vətən təəssüratları 2026 (Üçüncü yazı) - Vüqar Abbasov yazır
Yazının əvvəli burada
Bayaq qaldığımız yerdən, məmləkətimizə qonaqlarımızın gözü ilə baxmağa davam edək. Bakının mərkəzini çox bəyəndilər. “Heç Avropanın bir çox şəhərində, hətta paytaxt şəhərlərinin bir çoxunda belə təmizlik yoxdur”, — deyirlər.
Gülümsəyirəm: “Baxaq, bizə Kürdəxanıya gələndə də təmizliklə bağlı fikrinizdə qalacaqsınız?” — deyə düşünürəm, amma bərkdən demirəm. Nə qədər də olsa, ölkəmizdir. Bilmirəm buna görə, yoxsa nəyə görə, tez: “Yavaş-yavaş hər yeri səliqəyə salmağa başlayırlar. Hələlik mərkəzi tam belə düzəldiblər və getdikcə mərkəzdən kənar yerləri də bu cür səliqəli, təmiz etməyə doğru gedirlər”, — deyirəm və qəribəsi budur ki, özüm də öz dediyimə inanıram. Kaş ki, belə olsun.
Bəzi qonaqlarımız özləri maşın kirayə etmişdilər, bəzilərinə isə dostlarımdan xahiş etdim, yeri gəlmişkən, buradan hər birinə təşəkkür edirəm. Onlar da qonaqlarımızı bəzi rayonlarımıza apardılar. Bu barədə yazacağam. Hələlik isə bizim toy adətlərimizi necə gördüklərini, nə düşündüklərini yazım.
Toy etmək, ailə qurmaq çox sevincli bir hadisədir. Amma şəxsi fikrimə qalsa, toy məsələsi məmləkətimizdə əməllicə biznesə çevrilib. Aylardır ki, toya hazırlıqla bağlı çox videolar izlədik, çox məsələləri öyrəndik. Evlənmək, ailə qurmaq məmləkətimizdə çox çətinləşib. Hər şeyi pula çevirmişik.
Bunu da təzə (videolarda) görmüşəm ki, elçilikdə şirin çay gətirəndə qonaqlar da siniyə pul qoyurlar, bəyin atası həm də bahalı telefon hədiyyə edir... Nə bilim, filan dəst gəlsin, mütləq bahalı daş-qaşla bəzədilmiş olsun, bu paltar........
