Poeziyamızın Nəriman günü - VAQİF YUSİFLİ yazır
(Xalq şairi Nəriman Həsənzadənin 95 yaşı tamam oldu)
Bu yaxınlarda Xalq şairi Nəriman Həsənzadə xəstəxanadan evinə döndü. Ona rahatlıq, dinclik, istirahət lazım idi. Amma o, makinanın arxasına keçdi. Ürəyi dolu idi.
Bu il fevral ayının 18-də poeziyamızın Nərimanı 95 yaşına çatır... Mən də böyük şairimizə qısaca da olsa ürək sözlərimi çatdırıram.
Şeir yazdığım gün məğrur oluram,
xəfifcə sinəmə dolur;
bir şeh damlasıtək
büllur oluram
dünya dünyada yox, məndə əks olur.
Bu misralar böyük Azərbaycan şairi Nəriman Həsənzadənindir. Mən onun daimi oxucularından və həm də tədqiqatçılarından biriyəm. Amma mən nə oxucu, nə də tədqiqatçı kimi Nəriman Həsənzadəni hələ də oxuyub qurtara bilmirəm. Onun şeirləri illər keçəndən sonra da məndə təzə bir ovqat yaradır. Fikirləşirəm ki: «Nəriman Həsənzadə bu şeiri lap indicə yazıb». Alman mütəfəkkiri Höte demişdir: «Mən nə kimi oxucu istəyirəm? Elə oxucu istəyirəm ki, məni, özünü və bütün aləmi unutsun və ancaq mənim kitabımla yaşasın».
Şairlərin adları qarşısında belə ifadələrlə tez-tez qarşılaşırıq; «lirik şair», «vətənpərvər şair», «yurdçu şair, «sevgi şairi», «təbiət şairi». Əlbəttə, belə bir bölgü və bu prinsir çox zaman özünü doğrultmur. Nəriman Həsənzadəyə gəldikdə, o, bütün bunları öz şair varlığında yaşadır. Şair üçün təbiətin gözəlliklərindən yazmaq, poetik boyalarla, sözün rəngləriylə tablolar çəkmək, yaxud Vətəninin, xalqının azadlığı, müstəqilliyi barədə düşüncələrini ifadə etmək, sevdiyi xanımına şeirlər həsr etmək… bütün bunlar onun şairlik missiyasına aiddir. Amma qayıdıram «lirik şair» ifadəsinə. Nəriman Həsənzadə elə ilk şeirndən bu günə qədər lirik şairdir. O, hətta dram əsərlərində də, publisistikasında da lirikdir. Nəriman Həsənzadə səninlə görüşəndə də,hər hansı bir tədbirdə çıxış edəndə də, telefon danışığında da, onlarla adamın əhatəsində olanda da lirikdir. 63 il öncə ustad Mir Cəlal müəllim görün nə demişdi:........
