XOŞBƏXTCİYƏZ - Aqil ABBAS yazır
Heç vaxt təmtəraqlı, nəinki təmtəraqlı, heç təmtəraqsız da ad günü keçirməmişəm. Aprelin 1-i mənim üçün başqa günlərdən o qədər də fərqlənmir. Sadəcə olaraq, dostlar həmin gün mənə təbrik zəngi edirlər, bu da mənə xoş gəlir. Əvvəllər bir-iki dost mənə saat bağışlayardı, bilirdilər ki, mənim saatdan xoşum gəlir. Sonra onlar da yoruldular ki, bir adama nə qədər saat bağışlayarlar. Kitab bağışlayan da olurdu.
Ən böyük hədiyyəni 50 yaşım olanda Ulu Öndər Heydər Əliyevdən almışdım. İtaliyada məxsusi olaraq Ulu Öndər üçün hazırlanmış iki qızıl qələm və üstündə imzası ilə Ulu Öndərin barelyefi olan qeyri-adi bir cib saatı.
Sonra isə bu ənənəni onun varisi Möhtərəm Prezident İlham Əliyev davam etdirdi. Cənab Prezidentimiz 60 yaşımda «Şöhrət» ordeni, 70 yaşımda isə «Vətənə xidmətə görə» birinci dərəcəli ordenlə təltif olunmuşam. Bu hədiyyələr dədəmə də bəsdi, bütün nəslimə də.
Ad günümlə bağlı nəsə yazmaq istədim, sonra fikrimdən vaz keçdim. 25 yaşım olanda «Ən xoşbəxt adam» adlı povest yazmışam, dedim povestdən bir parçanı oxuculara paylaşım. Həmin gün aprelin 1-i idi, ad günümüydü, kirayədə yaşayırdım, cibimdə də bircə manatım vardı.
Ağdam işğaldan azad olunandan sonra neçə ildi ki, «Real» televiziyasının əməkdaşları və bir-iki dostumla Ağdama gedir, həyətimizdə tonqal yandırır, üstündən hoppanır, Allahın verdiyi nemətlərlə ad günümü qeyd edirəm.
Və əslində mənə ən böyük hədiyyə Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin sərkərdəliyi ilə, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı ilə azad olunmuş Qarabağdı və hər il Ağdamda yandırdığım tonqaldı.
Allah heç vaxt ocaqlarımızı söndürməsin!
Povestdən bu bir parçanı oxuyun, xoşunuza gəlsə bütövlükdə hissə-hissə yenidən saytımıza yerləşdirərəm.
Bu gün ayın neçəsidir? Dünən ayın otuz biriydisə, demək bu gün ayınbiri olmalıdır. Bir il də getdi ömürdən. İyirmi dörd yox, iyirmi beş! Düz iyirmi beş il bundan əvvəl bugünkü gün kim isə qaçıb atasını muştuluqlayıb ki, gözün aydın, oğlun olub. Sonra da yığışmışdılar ad qoymağa, hərə bir ad demişdi. Ata nənəsi (babaları artıq...) ikiayağını bir başmağa dirəmişdi ki, uşağın adını Məşədi........
