YADDAŞIMDAKI "MƏLƏKLƏR MƏZARLIĞI"- Əbülfət Mədətoğlu yazır
Yəqin ki, yazının adını oxuyanda təəccüblənəcəksiniz və yaxud da dodağınıza ironik bir təbəssüm gələcək. Düşünəcəksiniz ki, yayın bu cırhacırı ağlımı çaşdırıb. Axı, mələklər ölmürlər. Bir halda ki, ölmürlərsə, deməli, mələklərin məzarlığı da ola bilməz. Amma siz necə düşünürsünüz düşünün, mən bu yazını mələklər məzarlığı haqqında yazacam... mələklərin məzarından yazacam... ölümüylə yaşayan mələklərdən yazacam. Və sonda sizin söylədiyiniz həqiqəti mən də etiraf edəcəm. Deyəcəm ki, bəli, mələklər ölmür!..
Həyatın insana bir dəfə verildiyi sübuta ehtiyacı olmayan bir gerçəklikdi. Həqiqətən də insan, yəni Allahın yaratdığı biz bəndələr cismani olaraq bir dəfə doğuluruq və bir dəfə də ölürük. Böyük şəxsiyyətlər, dahilər, dühalar, müqəddəslər ruhən yaşayırlar. Hər zaman aid olduqları millətin və bütünlükdə bəşəriyyətin yaddaşında öz əməlləriylə, öz xidmətləriylə var olurlar. Və insanlar da bu ruhən yaşayanların xatirəsini ehtiramla anır, onlardan yararlandıqları üçün onlara minnətdarlıqlarını duaları ilə dilə gətirirlər, rəhmətlərilə qeyd edirlər. Bu da bir gerçək...
Bir gerçək də var. O da mələklərin ölümüdü... Bu mələklər dünyaya gəlişləriylə dünyadan gedişləri arasında zaman məsafəsini o qədər qısaldırlar ki, qaşla göz arsında olur, olumla ölüm arası qədər olur, varla yox arası qədər olur. Deməli, çəkilən "ah"la bitir hər şey. Dodaqdakı, qəlbdəki, ruhdakı açılan təbəssümlə açılan çiçək əllərini başına, dizinə çırpmaqla solur və donub qalırsan yerində. İstəyir yay olsun, istəyir qış, fərqi yoxdu, donursan. İçin üşüyür, əllərin, dodaqların titrəyir, dilin sözünə baxmır. Sadəcə kirpiklərindən aşağı yaş süzülür. Bu yaş da başqa göz yaşlarına bənzəmir. Bu da digər göz yaşlarından o qədər duru olur ki, onu barmağının ucuyla yanağından götürəndə, ya kirpiyindən siləndə o göz yaşında öz şəklini də görə bilirsən. Axı sən mələklər üçün ağlayırsan. Ölən, öldürülən mələklər üçün...
Nə qədər istəyirəm ki, yazımın kədər notu az olsun, amma bacarmıram. Qəmli, ağrılı sözlər fırlanır içimdə. Ürəyimdən ağlıma, ağlımdan da ruhuma tərəf qaçır o sözlər. Çünki gözümün önündə öldü bir mələk. Daha doğrusu, öldürdülər o mələyi -........
