AZƏRBAYCAN TÜRK FƏLSƏFƏSİ: ƏNƏNƏLƏR VƏ ÇAĞDAŞ TENDENSİYALAR (XIX-XX ƏSRLƏR): 3
AZƏRBAYCAN TÜRK FƏLSƏFƏSİ: ƏNƏNƏLƏR VƏ ÇAĞDAŞ TENDENSİYALAR (XIX-XX ƏSRLƏR)
3.Yazı
Faiq ƏLƏKBƏRLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
“Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi”
şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan xalqının fəlsəfə tarixində nəzərə alınmalı mühüm məqamlardan biri çar Rusiyası, Sovetlər Birliyi, “İran Pəhləvilər” və “İran İslam Respublikası” dövrlərinə aid məsələlərdən bəhs edərkən “dövrün şərtləri belə idi” prizmasını də nəzərə almaqla yanaşı, onu mütləqləşdirmək də doğru deyildir. Demək istədiyimiz odur ki, dövrün şərtlərini nəzərə almaqla yanaşı hər bir mütəfəkkirin fəlsəfi dünyagörüşlərində kim hansı mövqe tutubsa onu da olduğu kimi yazmaq, şərh etmək lazmdır. Əks təqdirdə Azərbaycan xalqının fəlsəfə və ictimai fikir tarixinə obyektiv yanaşma söz olaraq qala bilər. Bizim burada əsas məqsədimiz nə o dövrün şərtlərinə görə nəticə çıxarmaq, nə də indiki zamanın şərtləri altında mülahizələr yürütmək olmamalıdır. Bizcə, bir xalqın tarixini ya da fəlsəfə tarixini yazarkən göz önündə tutulmalı olan başlıca məsələ onun milli, dini və bəşəri ruhunun bütöv şəkildə cəmiyyətə çatdırılması bacarığıdır. Başqa sözlə, müstəmləkə ya da azad məmləkətdə yaşamaqdan, eyni zamanda milli və beynəlmiləl, milli və dini ideyalardan hər hansının təsiri altında olmasına baxmayaraq bir tarixçi ya da fəlsəfə tarixçisi ilk növbədə, millətinin tarixini ya da fəlsəfə tarixini yazdığını bir an olsun unutmamalıdır. Çünki bir toplumu var edən öncə onun milli, daha sonra dini və bəşəri kimliyidir.
Tədqiqatımızla birbaşa bağlı olan XIX-XX əsrlərdə Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixini ümumi kontekstdə ilk yazanların başında akademik Heydər Hüseynov gəlir ki, onun yaradıcılığı da yuxarıda qeyd etdiyimiz problemlərdən yan ötməmişdir. Sovetlər Birliyi dövründə yaşamış H.Hüseynov, 1949-cı ildə işıq üzü görmüş “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” əsərində Azərbaycan Türk mütəfəkkirləri A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, Mirzə Kazım bəy, H.Zərdabinin dünyagörüşlərini sovet ideologiyasına uyğun olaraq tədqiq etmiş, dövrün şərtləri altında onların “ateist”, “materialist” baxışlarını ön plana çıxarmağa çalışmışdır.
Sovetlər Birliyi dövründə Heydər Hüseynovla başlayan “Azərbaycan fəlsəfəsi tarixi”ni bu yöndə yazmaq ənənəsini davam etdirən Ziyəddin Göyüşov da Quzey Azərbaycanın “sovetləşməsi”ndən sonrakı dövrə aid yazdığı “Sovet Azərbaycanında fəlsəfi fikir” (1979) kitabında fəlsəfə tariximizi araşdırarkən eyni müddəalardan çıxış etmişdir. Həmin dövrdə “Azərbaycan fəlsəfəsinin tarixinə dair oçerklər” (1966) adlı ümumi icmal halında kollektiv yaradıcılığın məhsulu olan, qədim dövrlərdən XVIII əsr də daxil olmaqla, fəlsəfə tarximizdən bəhs olunan kitabda da “sovet ənənəsi” pozulmamışdır. Bir sözlə, bu kitabları oxuduqda əsasən məlum olmur ki, “Azərbaycan fəlsəfəsi tarixi” adı altında konkret hansı xalqın fəlsəfə tarixi yazılmışdır.
Ancaq Sovetlər Birliyi dağılıb Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdikdən sonra digər sahələrdə (tarix, ədəbiyyat, dil və s.) olduğu kimi, fəlsəfə tarixçiliyi sahəsində də Qərb-Sovet ideoloqlarının uydurduqları naməlum ya da qarışıq “Azərbaycan” kimlikli deyil, məhz Türk kimliyi mahiyyətinə uyğun olaraq kitablar, dissertasiyalar yazılmağa başladı. Belə kitablardan biri də, AMEA-nın müxbir üzvü, f.e.d. Zakir Məmmədovun qələmə aldığı qədim dövrlərdən XIX əsr də daxil omaqla böyük bir dövrü əhatə edən “Azərbaycan fəlsəfəsi tarixi” (1994) kitabıdır. Yalnız bu kitabda nisbətən Türk nüvəli Azərbaycan xalqına aid fəlsəfə tarixinin öz əksini tapdığını görə bilərik. Eyni zamanda, insaf naminə deməliyik ki, “Azərbaycan fəlsəfə tarixi”nin son dövrünü, yəni 19-20-ci əsrləri özündə müəyyən qədər əhatə edən kitablardan birinin müəllifi olan prof. Ağayar Şükürov........
© tarihistan.org
