Çinar Arıkanın təsvir gücü: Düşüncələr
Böyük italyan yazıçısı Umberto Eko yazırdı: “Mən sakitliyi hər yerdə axtardım və onu yalnız bir yerdə - küncdə, kitabların arasında tapdım”.
Mənim də ruhi dinclik və sakitlik tapdığım kitab dolu hücrəmdə Çinar Arıkanın “Yörük köçü” hekayələr kitabı yer alır. Bu kitabı oxudum, amma dur, sadəcə oxumadım, vizual formatını gördüm, təsəvvür etdim. Çinar bəyin ruhunun ruhuma simsarlığını duydum. Vərəqlərin xışıltısında Altay-Ural dağları arasındakı bozqırlarla at çapan ərənlərin hayqırtısını eşitdim, Altay və Sibir mədəniyyətləri sivilizasiyalarında gəzişdim. Orxan – Yenisey abidələrinə göz atdım. “Törəyiş”, “Köç”, “Manas”, “Koroğlu”, “Dədə-Qorqud dastanlarının, Rəşidəddinin “Oğuznamə”, Mahmud Kaşqarinin “Divani-lüqəti-türk” kitabının anlatdığı türk mifik təfəkkürünə baş vurdum.
“Kitaba “Qutadqu bilik” adını verdim, oxuyanı qutlu etsin, əlindən tutsun. Sözümü söylədim, kitabı yazdım, o uzanıb iki dünyanı tutan əldir.
Kişi iki dünyanı qutla tutsa, qutlu olar, bu sözüm bütünlüklə çindir”.
...Və bir də baxdım ki, Əbülqazi Bahadır (Xivəli) xanın “Şəcərei – tərakimə”dən, yəni Türkmənlərin soy kitabından bir işıq haləsi ayrıldı, Çinar bəyin hekayələrini aydınlatdı, sonra qan yaddaşıma güzgü tutdu.
Dünənin əzəmət qayasına, Vüqar dağına söykənmək, ulu törələrə tapınmaq, qosqoca idrak saxlancını qorumaq və sabaha ötürmək böyük Türkün nəsihəti, müqəddəs missiyasıdır. Həm də daim Türk ruhunun diri tutulmasına vəsilədir.
Ötən əsrin 80-ci illərində Azərbaycanda xalqın azad fikrə tamarzı, azadlıq ideyalarına təşnə olduğu vaxtlarda Türk dünyasının mücahid şairi Sabir Rüstəmxanlının oxuculara ruhi qida bəxş edən “Ömür kitabı” işıq üzü gördü. Sabir bəy tarixi kökə fundamental bağlılığa yüksək dəyər verirdi: “Ağsaqqalların gücü köklərinin dərinliyində, keçmişə körpü olmalarındaydı. Beyinləri böyük bir nəslin xatirə dəftərinə bənzəyirdi. Uluların təcrübəsindən gətirdikləri misalları, yüz dəfə ölçülüb-biçilmiş həqiqətlər kimi onların hər söhbətinə can və qanad verirdi.
Geniş coğrafiyanı əhatə edən Türk dünyası əzəldən mənəvi və fiziki gücün, qılınc və qələmin vəhdətinə qərar tutub, beləcə ayaqda dayanmağa müvəffəq olub. Tarixə nəzər yetirin: hansı qüdrətli Türk hökmdarı qəzəl, qəsidə -------- yazmayıb?! Bəziləri sağlığında Divanını üzə çıxarıb, digərlərinin ölümündən sonra şeir əlyazmaları tapılıb.
Aydınlar ulu türk salnaməsinin qənimətləri sayılıb. Bu aydınlardan biri – Çinar Arıkanla ilk dəfə pandemiya dövründə görüntülü danışdım. Əvvəl-əvvəl karıxdım. Səbəbini söylədim. Mənim bir əmoğlum vardı: çox istedadlı publisist Feyzi Mustafayev. Aramızdakı yaş fərqinə görə ona “Feyzi əmi” deyə müraciət edirdim. Təbəssümü üzündən əskik olmazdı. Yumşaq, həlim təbiətli, mehriban bir insandı.
Ötən əsrin 70-ci illərində, hələ kiminsə kimin kitabını oxuduğu dövrdə böyük şair Əli Kərimə ithaf etdiyi “Dinmə, ey kədər” kitabı populyarlıq qazanmışdı. Qısası, Çinar bəylə danışarkən bir anlıq mənə elə gəldi ki, telefonun ekranından Feyzi əmimi görürəm.
Sonra Çinar bəyin ömür-gün yoldaşı Fatma xanımı da tanıdım. Doğruymuş: ərlə arvadın torpağı bir yerdən götürülürmüş. Və düşünürəm: İlahi, görəsən bu cütlük nə vaxtsa bir qarışqanı belə, incidibmi?
İnanmıram, vallah, inanmıram!
Çinar Arıkan Anamurda doğulub. Bəlli etdiyi mənəvi ucalıq rəmzi – Torosların zirvəsi olub. Türkiyənin ayrı-ayrı bölgələrində dünyanın ən gözəl, gərəkli, işıqlı sənəti ilə məşğul olub-müəllimlik missiyasını yerinə yetirib. Maarif müfəttişi kimi fəaliyyətini davam etdirib. Arada macal tapıb Anadolu universitetinin iqtisad........
