Sarı simə toxunan "İdeal"
"İsa Muğannanın "İdeal” əsəri sizin üçün hansı əhəmiyyəti kəsb edir, bədii qiraət siyahınızda hansı yeri tutur?” sualını mənə versələr cavabı belə olacaq: "Onun yaradıcılığı Azərbaycan ədəbiyyatında tamamilə unikal, mistik və fəlsəfi bir zirvədir". O, adi yazıçı deyil, mübhəmlərə açar tapan qələm sahibidir. Bu əsəri oxuyarkən özümü sehirli mağarada hiss edirdim, amma bu tarixi mağaradan daha çox, insan beyninin qatlarından ibarət məkan idi. "İdeal” əsəri tarixə, kosmik təsəvvürlərə və yaradılışa baxışları dəyişdirən əsərdir. Yazıçı özünəməxsus fəlsəfənin kuliminasiya nöqtəsini məhz bu əsəriylə qoyub. Neçə əsr keçsə də, sualları, mürəkkəbliyi, sirri, dilə və tarixə sevgisi ilə müəlifin bu əsəri bizimlə onun adından və onun diliylə danışacaq.
1985-ci ildə işıq üzü görən "İdeal", Azərbaycan nəsrində magik realizmin, mifoloji təfəkkürün işıqlı nümunəsidir. Dünyanın yaranışı nəzəriyyəsini araşdıran bu əsərdə müəllif tarix kitablarının bizə öyrətmədiyi gizli kodları açmağa çalışıb və bir sözlə Azərbaycanın Umberto Ekosu olub.
"İdeal" romanı iki paralel zaman müstəvisində irəliləyir - müasir dövr və qədim tarix. Adətən iki müstəvidə irəliləyən əsərlər oxucunu get-gələ salır, ona ilk səhifələrdən "Çətinliyə hazır ol!” mesajı verir.
Hadisələr əsas qəhrəman Səmədin və onun ətrafındakı insanların axtarışları ilə başlayır. Səməd elə müəllifin özüdür desəm, yəqin ki, yanılmaram. Səməd gəncliyində ona doğma olan, lakin sonradan uzaqlaşdığı kəndinə - qədim köklərinə qayıdır. O, burada tarixin dərin qatlarını, Od Ər, yəni Azər sivilizasiyasının sirlərini və bəşəriyyətin unudulmuş əsl keçmişini araşdırmağa başlayır. Üstəlik də Səməd qoyub getdiyi sevgilisini əmisinin arvadı kimi görür. Onun kəndə qayıtması və bir-birinin dalınca hadisələrin açılması qəhrəmanın daxili dünyasını möhkəm sarsıdır. Niyə əmisi özündən çox balaca olan bu qızı özünə arvad edib? Niyə ortada ikiüzlü və yaltaq əlavə obrazlar var və Səməddən əl çəkmirlər? Səməd yaşadıqlarının birinin təsirindən qurtarmamış digər əhvalatlar ona nəql edilir? Niyə kitabın ən maraqlı yerində itmiş, suya düşmüş böyük kitabxanadan danışılır? Verdiyim suallar bu əsərin yalnız bir səhifəsinə aiddir.
Digər tərəfdən, romanda Sultan Qiyasəddin, Nizami Gəncəvi, Nəsimi kimi tarixi dahilərin obrazları vasitəsilə mənəviyyat, haqq və ədalət axtarışı ön plana çıxır. Roman bir şəxsin ətrafında dövr etsə də, əslində geniş tarixi dövrü əhatə edir. Müəllif bu daxili obrazları sadəcə tarixi şəxsiyyətlər kimi deyil, kainatın ali elminə - "Sarı sim" fəlsəfəsinə bələd olan elçilər kimi təqdim edir. Əsərin süjet xətti və qurluşu oxucunu bəzən çaşdırır, çünki bir nəfərin dialoqu səhifələrlə davam edir. Müəllif........
