BİR GÖRÜŞDƏN FRAQMENTLƏR - Əbülfət MƏDƏTOĞLU yazır
Sözə və sevgiyə münasibət... Həmin gün Bakıda hava qeyri-sabit idi. Əslində bu il Bakının havası demək olar ki, qeyri-sabit olub. Nə edəcəyimizi, nə geyinəcəyimizi də bəzən unutmuşuq, qarışıq salmışıq. Amma təkcə bizim üçün yox, yaşadığımız Yer kürəsi üçün cərəyan edən bu qeyri-sabitlik hardasa şükranlığımızı biraz artırıb. Daha doğrusu, əlimizi göyə açıb içimizdə “buna da şükür, yerin-göyün sahibi Özü nəyi necə etdiyini daha yaxşı bilir” deyib şükür etmişik. Bu yerdə adama deyərlər ki, guya başqa nə edə bilərdik ki?! Bir halda ki, mütəxəssislərin yağış sularına gücü çatmırsa, onu yalnız “normadan artıq” qiymətləndirməklə özlərinə təsəlli verirlərsə, ya da yaxalarını kənara çəkirlərsə burda yenə ümid qalır şükür etməyə. Və...
Gəncəyə gedirəm. Özü də qatarla. Çoxdandı qatarla səfərə çıxmamışdım. Səhər saat 8-də Biləcəri stansiyasında qatarı gözləyirdim. Və yol təəssüratımın da elə ilk xoş cizgiləri burdan başladı. Mən perrona daxil oldum. Qeydiyyatçı xanım onlayn aldığım bileti telefonun ekranında gözdən keçirib sonra üzümə baxdı. Məlum oldu ki, bu xanım sosial şəbəkə istifadəçisidir. Ədəbiyyat həvəskarıdır. Mənim imzama da orada rast gəlib. Onunla eyni növbədə olan oğlana yaxınlaşıb nəsə pıçıldadı. Və sonra hər ikisi əyləşdiyim skamyaya yaxınlaşıb çox böyük sayqı ilə özlərini təqdim etdilər. Məlum oldu ki, bu gənclər mütaliəni də sevirlər. Və mən böyük məmnuniyyətlə yol çantamdakı kitablarımdan onlara avtoqrafla bağışladım. Bəlkə də inanmazsınız həmin an növbəni dəyişməyə gələn bir neçə dəmiryolçu bəy və xanım da məndən kitab istədi. İndiki məqamda yazar üçün heç bir təbliğatsız, heç bir təqdimatsız kitabını oxucuya təqdim etmək zənnimcə ən xoş anlardan biridir. Mən də bu xoş anların içərisində stansiyaya yaxınlaşan qatara mindim. Hardasa içimdə bir güvən, bir rahatlıq və bir də böyük sözə sevgi ilə qatarda yerimi tutdum. O yeri, sıra nömrələrini göz önünə gətirsək heç vaxt unutmayacağım rəqəmlər idi. Birinci qatarda ikinci A yer. Bilmirəm təsadüfdü, yoxsa günün, səfərin xoş anlarının sıra ardıcıllığı. Bütün hallarda mən indi xəyalla, xatirələrlə deyil, iştirakçısı olacağım görüşün öncəgörməsi ilə baş-başa idim. Ona görə də fikirlərin necə misralandığını da bir anlıq unutdum. Misralar isə yaddaşıma yazılırdı.
Bakıdan Gəncəyə gedən qatarın Birinci vaqonu – 2 A yeri... Xəyalım yararaq sükut qatların Mənə pıçıldayır yazdığım........
